ELDAR ƏZİZOVUN ATATÜRK SEVGİSİ?!

Xalid NİYAZOV

Bakı küçələrinin çoxunun adı dəyişib.

Onlardan biri də Gənclər dostluğu küçəsidir. Sakinlərin “Ayna Sultanovanın heykəli” adlandırdığı ünvandan ta ki, “Gənclik” meydanınadək uzanan ikitərəfli, Bakı standartları ilə götürsək, geniş və abad küçədir.

Sonralar onun da adını dəyişib Atatürk prospekti qoydular. Müasir Türkiyənin memarı, hər bir – Türkəm! – söyləyən kəsin qürur mənbəyi olan Mustafa Kamal Atatürkün adını daşıyan prospektdə yaşamağın özü bir ayrı fəxarətdir.

Bu prospektin bir tərəfində “sovet”dən qalma beş-on mərtəbəli binalar sıralanıb, digər tərəfində isə, hər nə qədər təzadlı görünsə də, məhz müstəqillik illərində yaranmış “milyonerlər məhləsi”.

Keçmişdə...

Sovetin dövründə “Oktyabr”, müstəqillik illərindəsə “Şuşa” adlanan və nəticə etibarilə ərazisi kimlərinsə xoşuna gəldiyinə görə sökülən binadan ta ki, “Ayna Sultanova”yadək uzanan həmin ikitərəfli yolun ortasından qəşəng bir park uzanır. 90-cı illərdə orada cakinlərin ayaq atması üçün bir parça yer belə qalmamışdı; əlillik “knijka”sı olanlar brezentdən və dikt-faner parçalarından o qədər çayxana-pivəxana düzəltmişdilər ki, üfunət iyindən o həndəvərdən keçmək belə mümkün deyildi.

Yaxşı yadımdadır, 1999-cu ilin payızı idi. Parkın acınacaqlı vəziyyəti o ətrafda yaşayanların hamısını dilxor eləmişdi. Jurnalistlik fəaliyyətimin böyük bir səhifəsi Bakı mövzusu ilə sıx-sıx bağlı olduğu üçün, biganə qala bilməzdim və eləmə tənbəllik, “Nəcib təşəbbüsə təmənnalı münasibət” adlı bir yazı yazdım. Məqalə baş redaktorumuz mərhum Əmir Mustafayevin xoşuna gəldiyindən dərhal nömrəyə qoymuşdu. Səhər həyətdən prospektə burulanda gözlərimə inana bilmədim; yağışlı-çiskinli hava olmasına baxmayaraq iri yük maşınları, avtokranlar parkı üzük qaşı kimi dövrəyə almışdı. Rayonin icra başçısı şəxsən “iməciliyə” rəhbərlik edirdi. Məsələ bəlkə də “Azərbaycan” qəzetinin tənqidində deyildi, sadəcə, o vaxtlar Heydər Əliyev məktəbindən çıxmış adamlar iş başındaydı...

Nə başınızı ağrıdım, bir-iki günə Atatürkün adını daşıyan park əməlli-başlı təmizləndi.

Lakin sonralar hər şey yenə öz “orbitinə qayıtdı” və bir neçə onillik yaşı olan ağacları qırıb yerində “Büllur”, “İsa bulağı”, “Qızılgül” adlı restoranlar tikdilər. O kiçik ərazidə elə bil “yerə bal tökülübmüş” kimi iaşə obyektlərinin də sayı artmağa başladı. Biri deputat-oliqarxın, biri filan məmurun, o biri deyilənə görə, köməkçinin...

Hava almaq üçün evinin qabağındakı bağa çıxan insanları nə gözləyirdi? - Kabab tüstüsü, pivə və araqdan başı dumanlanıb “xalxın” qız-gəlininə söz atan tərbiyəsizlər. Axşamlar uşağının-nəvəsinin əlindən tutub gəzişən adama rast gələ bilməzdin.

Ən pisi isə o idi ki, 80-100 kv metr sahəsi olan restoranlar ən azı o qədər də ərazini qanunsuz şəkildə zəbt edərək açıq havada çayxana-pivəxana təşkil eləmişdilər... söyüşün “dəstəsi” iki qəpik.

İstanbulda olanlar bilirlər; Avropanın bu ən iri şəhərində Ulu öndər Heydər Əliyevin xatirəsini iki məkanda əbədiləşdiriblər. Biri şəhərin, necə deyərlər göbəyində, Şişli bələdiyyəsinin ən “güzidə” ərazisi sayılan Fulyada yerləşir. 2004-cü ilin iyununda həmin parkın və büstün açılışında Azərbaycan prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak etmişdilər.

Digəri isə Sarıyerdədir ki, orada da elə bir iaşə obyekti yoxdur ki, “biradan-rakıdan” içib “tinivi çaşasan”. Ankarada, İzmirdə, Qarsda da Azərbaycanın milli qürurunun adı əbədiləşdirilib və həmin məkanların yaşıllığı, gül-çiçəyi bol olsa da, kafe-restoran sarıdan “kasaddır”.

Ancaq əfsuslar olsun ki, bunu Bakıdakı Atatürk parkı haqqında demək olmurdu.

İndi ...

Əslində, bilmirəm, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Atatürkə hər hansı bir hüsn-təvəccöhü varmı, o böyük İnsanı sevir, ya yox, amma son aylar həmin parkda görülən işlər nəhayət ki, biganəlik “buzlarının əridiyindən”, Bakının çöhrəsinə, böyük Atatürkün adını daşıyan prospektə layiq bir yaşıl məkanın, gözəllik vahəsinin ərsəyə gələcəyindən xəbər verir.

Ərazi, demək olar ki, prospekt boyunca şumlanıb, piyada cığırları, çiçəkliklər salınir, ağaclar əkilir, boş ərazilərə yaşıl ot örtüyü çəkilir. Buranın gözəl bir xiyabana çevriləcəyi hər bir halından bəllidir. Artıq insanlar o ətrafdan keçəndə təəssüflə baxıb köks ötürmür, əksinə, bu savab işin baiskarlarına alqış eliyir.

Ən maraqlısı isə odur ki, kafe-restoranların əksəriyyəti sökülüb, bəziləri yenidən qurulur. Heç şübhəsiz, park ərazisində müasir şəhərsalma standartlarına əsasən əyləncə məkanları da olmalıdır, dondurma dadmaq, yaxud kiçik bir qəlyanaltı eləmək üçün kafe də vacibdir. Lakin hər şey mizan-tərəzisində ... tüstü-kababsız, pivə-araqsız!

Komsomolsayağı islahatlarmı?!

Şəhər təsərrüfatı ilə məşğul olanlar yaxşı bilirlər; biri var əsaslı təmir, bir də var cari təmir.

Ancaq müstəqillik illərində həmin təsnifata biri də əlavə olundu – “üstü bəzək, altı təzək” metodu. Yəqin ki, sovet dövründə bunu “Abutalıbov metodu” adlandırıb lap patent də verə bilərdilər.

Mənsə bu cür “qurşaqdan aşağı” fəaliyyəti həmişə “komsomolsayağı islahat” hesab eləmişəm. Kinayə ilə.

Vaxtınızı alsam da, niyəsini deyim.

Tale elə gətirdi ki, mən üç il orta məktəbdə, sonra da Universitetdə fakültə komsomol komitəsinin katibi oldum. Bəli, komsomol gənclik enerjimizi sərf etmək üçün maraqlı və məqbul platforma idi, ancaq bütövlükdə partiyanın “yaxın köməkçisi” sayılan komsomolun əsas vəzifəsi quru yerdə “tozanaq” qoparmaqdan, türkün sözü “göz boyamaqdan” başqa bir şey deyildi.

Universitetin bir komsomol katibi vardı, yaxşı oğlandı. Amma vay o gündən ki, biri gəlib deyəydi ki - Faik Mamedoviç dəhlizdədir. Dərhal bloknotunu əlinə alıb ikinci mərtəbəyə qalxır və guya iş dalınca tələsirmiş kimi iti addımlarla yürüyürdü. Ta ki, rektorla qarşılaşana qədər.

Nə üçün xatırladım... indi Atatürk parkında da yığma konstruksiyalardan “tikilmiş” iaşə obyektlərinin sökülüb yerində dəmir betondan, özü də ikimərtəbəli obyektlərin tikildiyini görəndə içimdə şübhə toxumları baş qaldırır və yadıma salıram ki, Bakının bugünkü başçısı da o vaxtlar “raykom, qorkom və SK” komsomolun katibi olub. Və əcəba, bu islahatlar sonunda “bülbül üstündə fil” sürprizinə çevrilməyəcəkmi?!

İstənilən halda, sələfindən yerlə-göy qədər fərqlənən və Bakını həqiqi məhəbbətlə sevdiyi görünən Eldar müəllimə işində uğurlar, özümüzə isə əndişəmizdə yanılmağı arzu edirik.

P.S. Bir istəyimiz da var – biz “Büllur”u, “Qızılgül”ü, “İsa bulağı”nı Bakının bağ və parklarında deyil, birini rəfdə, o birini tağında, üçüncüsünü isə Şuşada görmək istəyirik.

 

635x100

Şərhlər

dadaşyev 2019-07-03 16:47:04

davamı;"şəhər mədəniyyəti,kənd mədəniyyəti anlayışı yoxdur" fikrinizə gəlincə,"mədəniyyət" ərəbcə "mədinə",yəni "şəhər" sözündəndir,"şəhərlilik" anlamındadır.Yəni əgər "mədəniyyət" sözünün özündəcə "şəhər" sözü varsa bu sözü kəndə,ya qəsəbəyə aid etmək nə dərəcədə doğrudur.Mədəniyyət,sadəcə,şəhər birgəyaşayış normalarıyla yaşamaq deməkdir,bu söz başqa dildən gəldiyi üçün sözün məna tutumunu yerli-yersiz genişləndirmişik.Kənddə,ya qəsəbədə şəhər birgəyaşayış normalarıyla yaşamaq mümkünmü yəni?

dadaşyev 2019-07-03 16:47:04

davamı;Əzizim,bax bu saat acmışam,osetrin kababı keçir dəli könlümdən.Ağzımızın içində Xəzər dənizi,osetrin balığıynan dolu.Özüm də neft-qaz ölkəsinin vətəndaşı.Amma fantastika olar millət üçün könlü istəyəndə osetrin kababı yemək.Niyə?Çünki biz acanda yox,tapanda yeməyə məhkumuq başabəla məmurlarımızın üzündən.İnsan bir sürü heyvandı,deyən Darvin bunu deyib hər halda.Çünki heyvan da acanda yox,tapanda yeyər.Nə qədər ac olur olsun,tapmasa yeyəmməz.

dadaşyev 2019-07-03 16:47:04

davamı;Darvinin bu sözləriylə razılaşmaq üçün gedib Afrikada buşmenlərə,qottentoqlara baxmaq yox,elə 150 manatlıq maaş-pensiyaynan sürünə-sürünə yaşadığımız güzəranımıza baxmaq kifayətdir.

dadaşyev 2019-07-03 16:47:04

dadaşyevə yazana;Səmimi sözləriniz üçün təşəkkürlər.Amma cəmiyyətləri şəhərli və kəndlilərə bölmək bütün dünyada hərzaman mövcuddur,yəni bu mənim tapıntım deyil.Bir alman mənə demişdi ki,Avstriya almanları bizə-Almaniya almanlarına kofeni pirojna,biskvitlə içirik deyə kəndçi kimi baxırlar,çünki heç bir Avstriyalı kofeni heç nə yeyərək içməz,sadəcə kofe içərlər,ona görə biz Vyanada olanda bizə kəndçi deməsinlər deyə kofe içərkən heç nə yemirik,elə bilirlər mədəniyik.Sürüyə gəlincə isə,insan bir sürü heyvandı

dadaşyev-ə ardı 2019-07-03 16:47:04

Ardı-5-ci dediyiniz kimi 88-ci illərdən sonra tonqallar kefdən qalanmamışdır və o “kəndçi-kündçü”lər də kefdən Bakıya axışmamışdılar. Axışanlar isə bizim qoruya bilmədiyimiz və ermənilər tərəfindən qovulmuş millətimizin nümayəndələri, qaçqınlar idi.Ümümiyyətlə şəhər və ya kənd mədəniyyəti deyilən anlayış yoxdur.Məncə Azərbaycan və azərbaycanlı mədəniyyəti anlayaşı desək daha doğru səslənər.Yəqin ki razılaşarsınız ki şəhərdə də kəndə də çox mədəniyyətsiz insanlarla rastlaşmaq olar və ya əksinə.6-cısı rayondan, kəndən gələn əhalini “sürüyə” bənzətətməyiniz, məni baxışlayın sizin “mədəniyyətinizdən” xəbər verir.Yazıqlar olsun.AZpolitika X.E. edirəm şərhimi verin.

dadaşyev-ə 2019-07-03 16:47:04

Mən sizin ədalətli mövqeynizlə əlaqədar şərhlərinizi həmişə həvəslə oxuyurdum.Lakin bu dəfəki şərhinizi bəyənmədim.1-cisi Azərbaycan xalqını şəhərli, rayonlu-kəndçi kimi bölmək fikrimcə düz deyil.2-cisi hamı bilir ki Bakı Azərbaycanın döyünən ürəyi və mədəniyyət mərkəzidir.3-cüsü sadaladığnız ədəbiyyat və incəsənət xadimləri həqiqətən xalqımızın fəxrləridirlər.Lakin Ağcabədidən gələn dahi Üzeyrin, qazaxlı S.Vurğunun və İ.Şıxlının, Xızıdan gələn M.Müşfiqin və C.Cabbarlının, şamaxılı Ə.Sabirin və S.Əzimin, A.Qasımovun, naxçıvanlı C.Məmmədquluzadənin və H.Cavidin, salyanlı X.Rzanın və s. bir çox vətən oğullarının adını niyə çəkmirsiniz.4-cüsü yəqin ki xatırlayarsız ki 88-ci illərə kimi Bakı əhalisinin bəlkədə 20-30%-i şəhərdə yaxşı mövqey tutan ermənilərdən ibarət idi və Bakı əhalisinin əksəryyəti öz ana dilində danışmırdılar.Siz buna mədəniyyətmi deyirsiniz.

Alı 2019-07-03 16:47:04

Eldar Əzizov komsomol işləyəndə həmişə gülüş obyekti olub.Qeyri müəyyən, anlaşılmayan amma arxalı biri kimi tanınırdı.İldə bir dəfə nəsə bir fikir desəydi o da o dəqiqə ....Yaxşı heç nə ilə yadda qala bilmədi.Görünən odur ki, heç nə dəyişmədi ....

dadaşyev 2019-07-03 16:47:04

davamı;İndi deyəcəklər hamımızın əsli kəndçi deyilmi?Bəli.Amma mən şəhər mədəniyyətinin məhv olması səbəbindən danışıram.Kəndçilər şəhərə az sayda gələndə kəndçi kimi görünməklərindən utanıb mədəni görünməyə çalışarlar,şəhər mədəniyyəti əridər,yoğurub yapıb ümumbəşəri insan edər onları.Amma "adə hurreeey" deyib sürüylə gəlib Avstriya kəndlərindən Vyana kimi dünyanın ən mədəni şəhərinə də doluşsalar,sonunda Vyana da böyük kəndə çevrilər.Ona görə Bakıda Qarayevlər dövrü bitib aşıq Tellilər meydan sulayır.

dadaşyev 2019-07-03 16:47:04

Bakıda perestroykaya qədər milyon yarım əhali vardı,bu şəhər mədəniyyəti içindən dünyaca məşhur Qara Qarayev,Arif Məlikov,Fikrət Əmirov,Vaqif Mustafazadə,Səttar Bəhlulzadə,Rəşid Behbudov,Müslüm Maqomayev və sairələr çıxdı.Paytaxt mədəniyyətimizin son akkordları 88-də meydanda vuruldu,tonqal qalaya-qalaya yandırdıq onu,ondan sonra paytaxt mədəniyyəti birdəfəlik öldü.Çünki heç bir paytaxta birdəncə o paytaxtın əhalisi qədər kəndçi-kündçü girməz.Girərsə şəhər dönər böyük kənd olar,üstü bəzək altı təzək yəni.

Vaqif 2019-07-03 16:47:04

Müəllifin nə yazmağından,hara yazmağından asılı olmayaraq tikdiklərin tikəcəklər.

t.ədalət 2019-07-03 16:47:04

Parkda zəiflərin obyektləri söküldü,güclülərə isə imkan yaradıldı ki,bir az da böyüklərini tiksinlər.Bura park da demək doğru olmaz.Hər iki tərəfi avtomobillərin mühərfiklərindən efirə atılan təhlükəli qazlarla zəngin olan bir yerdə dincəlməyə dəyərmi?Xalid müharibə əlillərinin iş yerini "üfunət iyi verən" guşəyə bənzədirsən.Özün isə ....

Son yazılar