Menu

Avstriya xarici işlər nazirini müşayiət edən jurnalist Bakıya buraxılmadı

08.09.2014, 08:45
Avstriya xarici işlər nazirini müşayiət edən jurnalist Bakıya buraxılmadı

Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Cənubi Qafqaz respublikalarına səfərə başladığı bir vaxtda onu müşayiət edən jurnalistlərdən biri Azərbaycan vizası ala bilməyib.

Virtualaz.org saytı Avstriyanın “Der Standart” qəzetinə istinadən xəbər verir ki, “Die Presse” nəşrinin əməkdaşı olan Yutta Bauer (Jutta Sommerbauer) xarici işlər nazirini yalnız Gürcüstan və Ermənistana səfərdə müşayiət edə biləcək. Çünki Azərbaycan səfirliyi ona viza verməkdən imtina edib.

Azərbaycan səfirliyi jurnalistə viza verilməməsini onun Dağlıq Qarabağa Bakıdan icazəsiz səfər etməsi ilə əsaslandırıb. Rəsmi Bakı belə şəxsləri XİN-in xüsusi “qara siyahı”sına salır və onları ölkəyə buraxmır. Ancaq Azərbaycan dövlətindən rəsmən üzr istədikdən sonra belə əcnəbilər adlarının “qara siyahı”dan çıxarılmasına nail ola bilərlər.

Bununla belə “Der Standart” jurnalistə viza verilməməsinin onun Azərbaycan haqda tənqidi məqalələri ilə də bağlı ola biləcəyini yazır. “Austrian Press Agency” xəbər verir ki, Avstriyanın dövlət katibi məsələyə müdaxilə etsə də jurnalistin Azərbaycana buraxılmasına nail ola bilməyib.

“Jurnalistin viza alıb-almaması məsələsi istisnasız olaraq Azərbaycan tərəfinin qərarından asılıdır” - deyə Avstriya XİN-dən bildiriblər.

[caption id="attachment_53037" align="alignleft" width="300"]

Nazir Sebastyan Kurts[/caption]

Məlumata görə, Avstriya xarici işlər naziri Bakıda mətbuat azadlığı problemi kontekstində jurnalistə viza verilməməsi məsələsini qaldıracaq.

Yutta Bauer isə 2011-ci ildə Ermənistana və oradan Dağlıq Qarabağa səfər etdiyini təsdiqləyib. O, həmin səfərdən reportaj yazıb.

Jurnalist Azərbaycanın Vyanadakı səfirliyindən viza almaq istəyəndə birdən onun adının “qara siyahı”da olduğunu görüblər və viza ala bilməyəcəyini, yalnız rəsmi üzrxahlıq məktubu yazsa, Azərbaycana buraxılacağını deyiblər.

Azərbaycanın Avstriyadakı səfirliyindən isə jurnalistə viza verilməməsinin səbəbinin onun məqalələrinin məzmunu ilə bağlı ola biləcəyini deyərək xahişi rədd ediblər. Səfirlikdən bildirilib ki, Azərbaycan qanunlarına görə, Dağlıq Qarabağa icazəsiz səfər edən xarici ölkə vətəndaşına viza verilə bilməz. Səfirlikdən bildirildiyinə görə, üstəlik Bauer yalan məlumat verib və Dağlıq Qarabağda olduğunu gizlətməyə çalışıb.

Qeyd edək ki, Sebastyan Kurts Avstriyanın tarixində ən gənc nazirdir. Onun cəmi 27 yaşı var və hüquq fakültəsində təhsil alır. S.Kurts Avstriyanın sağ mərkəzçi Xalq Partiyasının gənclər bölməsinin rəhbəridir. O, bundan əvvəlki kabinetdə inteqrasiya üzrə dövlət katibi işləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol