Musavat.com-un reportyorunun Xırdalandan verdiyi, ancaq hələ dəqiqləşdirə bilmədiyimiz məlumata görə, partlayışdan sonra yaranmış dağıntıların altından çıxarılan bir gənc qadın Bakıda yerləşən xəstəxənalardan birinə aparılarkən yolda keçinib. Bundan başqa səkkiz yaşlı qız dağıntıların arasından sağ çıxaılıb. Onun atası isə hələ də daş qalaqlarının altındadır.
Xilasetmə tədbirləri davam edir.
***
Əməkdaşımızın verdiyi xəbərə görə, Abşeron rayonunun inzibati mrkəzi olan Xırdalan şəhərində tikintisi başa çatmamış bimada ba verən partlayışdan sonra əmələ gəlmiş dağıntıların altında qalan bir neçə nəfərin xilas edilməsi işləri FHN-in xilasediciləri tərəfindən davam etdirilir. Hələlik yaralı və ölü halda tapılanlar yoxdur.
***
Musavat.comun hadisə yerində olan əməkdaşı Röya Rəfiyevanın verdiyi xəbərə görə, əsasən məcburi köçkünlərin məskunlaşdığı daş binada baş verən partlayışdan sonra əmələ gələn dağıntıların altında hələ də 5 nəfərin qaldığı, onlardan ikisinin uşaq olduğu bildirilir. Onların xilas edilməsi üçün tədbirlər görülür. Dağıntının miqyası böyükdür. Hər tərəfə məişət avadanlıqları səpələnib.
Daha bir əməkdaşımızın verdiyi xəbərə görə, partlayış zamanı yaralananların paytaxtdakı xəstəxanalara çatdırılmasında problem yaranıb. Belə ki, beynəlxalq avtovağzalın yanında yaranan ənənəvi tıxac təcili yardım maşınlarının sərbəst hərəkətinə mane olur. Sirena siqnalları ilə özlərinə yol açmaq istəyən təcili yarım maşınları yolda ilişib qalır, tıxacdan adi maşınlar kimi çıxa bilirlər.
***
Hadisə ilə bağlı Fövqəladə hallar Nazirliyi məlumat yayıb. Nazirlikdən Axar.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
* * *
Azərbaycanda binada partlayış olub. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.







Şərhlər