RUS YESİN, MƏNİM BALALARIM ONUN AĞZINA BAXSIN?...

Seymur VERDİZADƏ

Yaxşı ki, ötən həftə Qubada keçirilən konfransa dəvət almışdım. Tədbirdən sonra mərkəzi bazara baş çəkib, nisbətən ucuz qiymətə 3 kiloqram gilas aldım. Yoxsa, bu il uşaqlar gilasa tamarzı qalacaqdılar...

Bazara-dükana gedənlər təsdiq edərlər: kənd təsərrüfatı məhsullarının qiyməti ceyran belinə qalxıb. Bazarlar od tutub yanır.

Gilasın qiyməti 6-7 manatdan aşağı düşmür. Ortabab armudun bir kiloqramı 5 nanata satılır. Ötən il üç kiloqramı 1 manata satılan almanın indi bir kiloqramı 2 manatdan ucuz deyil.

Şaftalının, çiyələyin bir kiloqramı təxminən 3-4 manata satılır. Kilo ilə alanda limonun 1 ədədi 1 manata düşür.

Bazarda olarkən özüm kimi kasıb adamların başını bulayıb, piştaxtaların yanından necə sürətlə keçdiyinin dəfələrlə şahidi olmuşam.

Kənd təsərrüfatı məhsullarının, "Allahın xiyar-pomidorunun, badımcanının" qiymətinin bu qədər baha olmasının səbəbi aydındır. Həmin məhsullar Rusiyaya ixrac olunur.

Bizim ölkəmizlə müqayisədə Rusiyada alıcılıq qabiliyyəti bir neçə dəfə yüksəkdir. Buna görə də işbazlar bağda meyvə qoymayıblar...

Mən tez-tez ölkəmizin müxtəlif rayonlarında oluram. Açıq deyəcəyəm: Azərbaycan kəndlisi həyətindəki gilasın bir kiloqramını 6-7 manata satan adama oxşamır.

Bağındakı meyvənin bir kiloqramını 7 manata satan adam niyə qaloş geyinsin ki? Kənd təsərrüfatı məhsulları nə qədər baha satılır-satılsın, kəndlinin qaloşu yenə cırıqdır.

Çünki o, min bir əziyyətlə becərdiyi məhsulu işbazlara qəpik-quruşa satır. Bazarlarda piştaxta arxasında əyləşən adamların heç biri əliqabarlı kəndli deyil.

Kənd təsərrüfatı məhsullarının satışı monopoliyadadır. Zavallı kəndlini paytaxt bazarlarının tualetinə belə yaxın buraxmırlar. Bazarların qapılarını kənd zəhmətkeşlərinin üzünə açmaq lazımdır.

Onsuz da işbazlar meyvə-tərəvəzi kəndlidən ucuz qiymətə alırlar.

Kəndliyə şərait yaratmaq lazımdır ki, becərdiyi məhsulu həmin qiymətə bizim özümüzə satsın.

Axı bizim də ağzımız var. Azərbaycanda becərilən alyanaq gilası rus yesin, bizim uşaqlarımız da onun ağzına baxsın?

Vəziyyətdən çıxış yolu var. Mütəxəssislər hesab edirlər ki, vaxtında kəndliyə subsidiya verilməlidir ki, o da məhsulunu ucuz qiymətə sata bilsin.

Başqa bir təklif isə odur ki, həmin məhsulları kəndlidən dövlət özü alsın.

Yəni, aradakı fərqi dövlət özü ödəsin. Başqa yollar da tapmaq olar. Amma bu barədə düşünmək mənim vəzifəm deyil.

Novruz müəllimin rəhbərlik etdiyi şanlı hökumətimiz, dövlətimizin müvafiq qurumları kənd təsərrüfatı məhsullarının əlçatan olması üçün tədbirlər görməlidir.

Ağaclarda meyvə dərilib qurtarmaq üzrədir, amma azərbaycanlı uşaqlar hələ gilasın, əriyin, şaftalının, armudun dadına baxmayıblar.

Çünki həmin məhsullar Rusiyaya ixrac olunur. Obrazlı desək, Azərbaycandan Rusiyaya vitamin seli axır. Belə getsə, cavabdeh şəxslər bir gün həmin "seldə" boğulacaqlar...

635x100

Şərhlər

Ali 2019-06-12 17:38:58

Seymur bəy! Rus balasına gilası azərbaycanlılar pay kimi vermirlər. Satırlar. Onun pulunu da gətirib öz balalarına çərək, paltar, dəftər qələm alırlar. Necə ki, siz özünüzə yüksək qonorarlı, maaşlı iş axtarırırsınız, onlar da öz məhsulunu daha baha satmağa çalışır. Bu bazar iqtisadiyyatının qanunuduir. Kimi daha baha verir, malı da o alır.Əgər istəyirsinizsə ki, sizin ailənizə rəsmi şəkildə dövlət hər meyvədən ucuz ya pulsuz "payok" norma versin, onda partiya yaradıb sosializmi bərpa edin

Vətəndaş 2019-06-12 17:38:58

Hörmətlı Seymur müəllim.Sizin çixişlarınızı maraqla oxuyuram.sizin munasibətinizi bilmək istəyirəm.Bilirsiniz ki havalar nece isti keçir.bu istidə qalstuk və kostyumda təri axa axa adamları gördukdə təəccublənməyə bilmırsən.sovetdən qalma bu ənənəyə son qoyulmalıdır.Gurcu tele kanallarında məmurların necə sadə geyindiklərıni gördukdə bizdəki bu rəsmiyyət gülüş doğurur

Əkinçi 2019-06-12 17:38:58

Hörmetli Seymur müellim sizin yazılarınızı çox maraqla izleyirem çox düzgün vaxtında deyilen tenqidi yazıdır sizi alqışlayırıq davam edin belke ayılıb bir netice çıxararlar

Vətəndaşa 2019-06-12 17:38:58

Vətəndaş qardaş Seymur bəy deyir ki, kəndlinin yetişdirdiyi məhsulu əlindən dəyər dəyməzinə alıb baha qiymətə xaricə satırlar. Yay yarı olub gilas 7 manatadır. Yerli camaat öklədə yetişən meyvəni almağa imkanı çatmır.Sən isti havada qalstuk taxanın dərdini çəkirsən.

Son yazılar