Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle sentyabrın 8-də Bakıda vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüb.
Görüşdə vətəndaş cəmiyyətinin fəaliyyəti, insan haqları fəallarına təzyiqlər müzakirə olunub.
“Azadlıq” radiosunun məlumatına görə, Ştefan Füle qapalı keçirilən görüşdə deyib ki, vətəndaş cəmiyyəti demokratik islahatların dəstəklənməsi və hökumətdən hesab sorulmasında vacib rol oynayır: “Siz demokratiyanın və hüququn aliliyinin irəliləməsi, fundamental azadlıqların müdafiəsində mühüm rol oynayırsınız. Avropa Birliyi məhdudiyyətlərə baxmayaraq göstərdiyiniz əzmkarlığı yüksək dəyərləndirir. Biz durumu yaxından izləyirik və dəfələrlə QHT qanunvericiliyinə dəyişikliklər, həbslər, vətəndaş cəmiyyətinin tanınmış üzvlərinə həbs cəzalarından narahatlığımızı bildirmişik. İctimai müzakirə və fərqli fikirlər sabit demokratiyanın tərkib hissəsidir və onlara hədə kimi baxılmamalıdır”.
Komissar əlavə edib ki, Avropa Birliyi Azərbaycanın vətəndaş cəmiyyətinə, demokratiya və insan haqları sahəsində fəaliyyət göstərən QHT-lərə 3 milyon avro ayırıb.


Şərhlər