Ölkədə təmtəraqlı yas mərasimlərinə qadağa qoyulması barədə hər gün yeni xəbərlər gəlməkdədir.Modern.az saytının əldə etdiyi məlumata görə isə hüzr mərasimlərində “yemək-içmək” məsələsinin həllindən sonra qəbiristanlıq problemlərinə də “əncam çəkiləcək”.
Belə ki, qəbiristanlıqlarda dəbdəbəli başdaşlarının qoyulmasını əngəlləmək üçün müvafiq orqanlar tərəfindən göstəriş verilib.
Aldığımız məlumata görə, bu işlə məşğul olan ayrı-ayrı sahibkarların hazırda çətin vəziyyətdə qaldığı bildirilir. Belə ki, onların ölülərə abidə düzəldilməsi məqsədilə xaricdən sifariş etdikləri bahalı daşların ölkəyə girişinə qadağa qoyulub.
Ümid edək ki, bundan sonra ölülərimiz həm İslam qaydalarına müvafiq dəfn olunacaq, həm də özündən sonrakıları çəkilən ağır xərclərlə “öldürməyəcək”
Deputat Fazil Mustafa yas mərasimlərindən sonra toyların keçirilməsinə də xüsusi nəzarətin qoyulmasını istəyir. “500 nəfər qonaq üçün yemək pulu ödənir, heç onun yarısı bişirilmir. Bəzən şadlıq evinə çatacaq yetərli pul da yığılmır. Bəzi toylarda pul yığışmadığına görə gəlinin girov saxlandığını da eşitmişəm. Musiqinin səsi ayrıca bir terrordur, insanların səsdən toyu tez tərk etməsinin qəsdən düşünürlər ki, yeməklər az yeyilsin. Toya salınan pulun da 70 faizi bu və ya digər yolla şadlıq evinə qalır. İndi bunun adı mədəniyyətsizlik, vəhşilik deyil, nədir?
Buyurun, mədəniyyət naziri, siz də bu sahədə vətəndaşı razı salan cəsarətli hərəkət edin. Bu məsələdə vətəndaşların böyük əksəriyyətindən dəstək alacağınızdan əmin ola bilərsiniz. Görək bu menyu terrorunu dayandıra biləcəksinizmi? Yaxşı nümunəni çox vaxt Türkiyədən gətirməyə məcbur oluruq. Bir dəfə tanınmış imkanlı adamını toyunda iştirak edirdim. Fərq qoymadan hər kəsə bir növ yemək gətirdilər, hamı da əminəm ki, gecə vaxtı yeməyin fəsadlarını yaşamadı. Avropada kimə desən ki, Azərbaycan adında ölkə var, orada insanlar sevincli günündə 10-12 növ fərqli yeməyi qarışdırıb yeyir və sabah da hamı sağ-salamat həyata davam edir, bəlkə də inanmazlar. Ona görə də bu sahədə də ayıbımızı mütləq düzəltməliyik" deyə, F.Mustafa öz yazısında qeyd edib.

Şərhlər