“HƏZZ ALAN RUSİYA VƏ ERMƏNİSTAN OLAR...” – “Ağıllı və soyuqqanlı davranmaq lazımdır”

“AzPolitika.info” Azərbaycan-Gürcüstan münasibətləri, Keşikçidağ alban məbədi ətrafında yaranan durum, məbəddə Azərbaycan əsgərinə gürcülər tərəfindən edilən hücum, iki ölkə sərhədlərinin delimitasiya və demarkasiyası prosesi və digər mövzuları sabiq dövlət müşaviri, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla müzakirə edib.

Müsahibəni təqdim edirik:

- Rasim müəllim, Keşikçidağ məbədi ətrafında yaşanan bugünkü insidenti necə şərh edərdiniz?

- Nəzərə alaq ki, orada erməni əsilli xeyli gürcüləşmiş insanlar var, cürbəcür qüvvələrin agenturası var və onlar daima aranı qarışdırmağa meylli olacaqlar. Sadəcə olaraq bizim sərhədçilərimiz diqqətli olmalıdır. Məqsəd nədən ibarətdir? Hələlik məsələ həllini tapmamış biz həmin məbədi verək gürcülərin nəzarətinə. Danışıqlar başa çatmamış, təbii ki, biz buna gedə bilmərik. Onların ibadət ikonalarını götürüblər və məqsəd bu olub ki, hansısa provakator gəlib ona ziyan vurmasın. Yəni məsələlər müzakirə edildiyi müddətdə əlavə başağrısı olmasın. Təbii ki, o tərəfdən də məsələni qızışdıranlar var.

- Demək olarmı ki, son insident bundan əvvəl məbəd ətrafında başladılan prosesin davamıdır?

- Təbii ki, davamıdır. İndi Gürcüstanda Rusiya ilə münasibətləri qızışdıran xətt var. Bir də bunun tam əksini etməyə meylli olan qüvvələr var. Həmçinin, Azərbaycanla Gürcüstanın arasını pozmaq istəyənlər də var.

- Gürcüstan hökuməti bu proseslərə nəzarət edə bilmirmi?

- Yox, onlar çalışır, amma bizdən fərqli olaraq onlarda məsələnin qarşısını sərt formada almağa güc və imkanları yoxdur.

- Gürcü xalqı da məbədlə bağlı başlanan prosesi dəstəkləmirmi?

- İstəyir, deyir oranı verin bizə. Sadəcə olaraq bir çoxları anlayır ki, buna görə Azərbaycanla münasibətləri gərginləşdirmək olmaz. Ancaq hamısının istəyi budur ki, məbədi verin bizə, sizin nəyinizə lazımdır. Söhbət ondan gedir ki, məsələlər “bu mənə lazımdır, bunu ver mənə, o mənə lazımdır, onu ver mənə” şəklində həll oluna bilməz. Ümumiyyətlə, bu proses birtərəfli ola bilməz. Hazırda danışıqlar gedir və razılaşdırılmış şəkildə məsələ öz həllini tapmalıdır. Əminəm ki, tərəflərin maraqlarını qarşılıqlı nəzərə alaraq addım atmaq olar, amma birtərəfli qaydada “bu mənə lazımdır, onu ver mənə” şəklində məsələ heç qardaşlar arasında öz həllini tapmır, o ki qala dövlətlər arasında.

- Açıq şəkildə məbəd ətrafında olan Azərbaycan sərhədçisinə qarşı təxribat törədilir. Bu anda əsgər atəş açsaydı, nə baş verəcəkdi?

- Bu kimi halların qarşısı alınmalıdır. Atəş açmaq məsələsinə icazə olmamalı, belə addıma icazə verilməməlidir.

- Ancaq əsgərin 18-20 yaşı olur və o siyasətçi deyil. Hansısa məqamda haqlı olaraq atəş açıla bilər...

- Yox, Keşikçidağ məbədi həssas yerdir. Yəqin ki, bizim Sərhəd Qoşunlarımız bu məqamı nəzərə alır, əsgərləri seçirlər və xüsusi təlim keçən insanlar orada yerləşdirilir. Yəni orada sərhədçiləri asanlıqla təxribata çəkmək mümkün olmaz. Düşünürəm ki, bizim Sərhəd Qoşunlarımızın rəhbərliyi məsələnin həssas olduğunu bilir.

- Gürcüstanın Bakıdakı səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunaraq ondan baş verənlərlə bağlı izahat tələb edilməsi nədən xəbər verir - artıq rəsmi Bakının da səbri tükənirmi?

- Ona görə dəvət edilib ki... Məndə olan məlumata görə, bir qrup insan məbəddə ibadət yerini tualet kimi istifadə edirlər. Üstəlik, hücum təşkil olunub və əsgərin əlindən silah alınıb. Buna imkan vermək olmaz. Xarici İşlər Nazirliyinin addımını doğru sayıram. Bir daha qeyd edirəm ki, birtərəfli formada hücumlar və təzyiqlər altında kimlərsə düşünürsə ki, öz istədiyinə nail olacaq, səhv edir, Azərbaycan buna imkan verməyəcək.

- Sosial şəbəkələrdə fəal istifadəçilər bugünkü insidentdən sonra Azərbaycanın qətiyyətli addım atmasını tələb edirlər. Onlar haqlıdırlarmı?

- Qətiyyətli addım atmaq lazımdır deyərkən nə istəyirlər? Biz gedib buna görə Gürcüstanla münasibətlərimizi düşmənçilik səviyyəsinə qaldıraq? Qətiyyətli addım deyənlər nəyi nəzərdə tuturlar? Bizim qarşılıqlı şəkildə bir-birimizdən asılılığımız var. Əslində indi qətiyyət deyil, ağıllı addım tələb olunur. Yəni bu məsələdə ehtiyatlı olmaq, qaş düzəltmək əvəzinə vurub göz çıxarmamaq tələb edilir. Məsələyə mütləq şəkildə soyuq başla yanaşmaq və hər zaman itkilərlə qazancı tərəziyə qoymaq lazımdır. Həm biz tərəf, həm də gürcü tərəfi.

- Gürcü hökumətinin bu kimi insidentlərin baş verməsində, bir növ Azərbaycan üzərində psixoloji üstünlük əldə etməsində nə dərəcədə marağı ola bilər?

- Yox, Gürcüstan hökuməti buna yol vermir. Burada gürcü deputatları da var. Onlar məsələlərin şişirdilməməsinə çalışır, amma təbii ki, həm də istərdilər ki, biz durub Keşikçidağ məbədini onlara peşkəş edək. Ancaq həm də anlayırlar ki, bu düzgün deyil, sərhədin delimitasiyası ilə bağlı danışıqlar aparılır. Azərbaycan və Gürcüstan arasında 140 kilometrlik sərhəd tam müəyyənləşdirilməyib. Orada başqa mübahisəli yerlər var. Hər şey qarşılıqlı olmalıdır. Daha “sənin üçün bunun əhəmiyyəti yoxdur, mənim üçün də əhəmiyyəti olmayan bir yer var, gəl sənə verim” yanaşması ola bilməz. Təbii ki, bu sənin üçün əhəmiyyətlidir, mənim üçün də sənin sərhədlərində əhəmiyyətli nəsə var. Yəni hər şey qarşılıqlı olmalıdır.

- Ümumən son zamanlar Gürcüstan sanki qaynayır, orada ciddi siyasi proseslər müşahidə olunur. Sizcə, nə baş verir?

- Bəyəm görmürsünüz ki, Gürcüstanda hansı proseslər gedir? Proses televiziya kanalından söyüş söymək səviyyəsinə qədər gəlib çatıb. Mənə elə gəlir ki, Gürcüstanda bir çox hallarda düzgün addımlar atılmır. İstər bu Rusiyaya qarşı olsun, istər Azərbaycana qarşı. Qışqırmaqla, tələb qoymaqla dövlətlər arasında məsələlər həll edilmir. Bunun əksini əkər kimlərsə düşünürlərsə, demək onlar xəyallarla yaşayırlar. Təbii ki, bizim gərginliyə ehtiyacımız yoxdur. Gərginlikdən hamı itirir, amma Gürcüstanın vəziyyətini nəzərə alanda bəlkə də o Azərbaycandan daha çox itirə bilər. Hər bir halda soyuqqanlı və ağıllı davranmaq lazımdır. Tələskən və sərt addımlar atılmasını istəyənlər papaqlarını qarşılarına qoyub düşünsünlər ki, vəziyyət hara gedib çıxa bilər. Və bu durumdan kimlər şad ola bilərlər. Azərbaycan-Gürcüstan münasibətləri xırda məsələlərə görə pozulduğu halda kimlər bundan həzz alacaq, kimlər itirəcək? Bunu düşünmək lazımdır.

- Sizcə, kimlər həzz alacaq?

- Təbii ki, həzz alan tərəf Rusiya və Ermənistan olacaq. Bu, bizə lazımdır?

- Amma siz özünüz də dediniz ki, Tbilisi-Moskva münasibətləri də isti deyil...

- Bəli, belə olan halda Gürcüstanda agentura şəbəkəsində olan insanlar oxu tamam başqa istiqamətə yönəltməyə maraqlı ola bilər. Vəssalam da.

- Hazırda Azərbaycan-Gürcüstan münasibətlərinin ümumi durumunu necə qiymətləndirmək olar?

- Dövlət səviyyəsində biz bir-birimizi eşidirik, maraqlarımızı nəzərə alırıq. Dövlət səviyyəsində münasibətlərdə siz deyən problemlər yoxdur. Hər şey müzakirə edilir və öz həllini tapır.

- Bizim Gürcüstana qarşı ərazi iddiamız yoxdur, əvəzində orada böyük sərmayəmiz var, ancaq ermənilər Cavaxetiya bölgəsində muxtariyyət tələb edirlər. Belə olan halda niyə gürcülər ermənilərlə müqayisədə bizə qarşı daha sərtdir?

- Ermənilər bizimlə müqayisədə gürcü cəmiyyətinə daha çox inteqrasiya olunub. Bəlkə də Gürcüstanda 300-400 min gürcüləşmiş ermənilər var. Onlar gürcü elitasının içərisində də çoxdurlar.

İkincisi, ermənilərlə gürcülər arasında da problemlər var, sadəcə siz görmürsünüz. Məsələn, kilsələrə görə onlar arasında ciddi problemlər var, hətta dava səviyyəsinə qalxan məsələlər olub. Cavaxetiya bölgəsində toqquşmalar da olub. Hətta Saakaşvili vaxtında oradakı separatçı həbs edilmişdi.

- İndiki gürcü hökuməti həmin separatçını azadlığa buraxdı...

- Təbii ki, biri tutur, digəri azad edir. Amma orada da siz deyən mehribançılıq yoxdur. Hər halda Gürcüstanın xarici siyasət doktrinasında Azərbaycan strateji müttəfiq, Ermənistan isə qonşu dövlət kimi təqdim edilir.

- Gürcüstanda millətçi meyllər artan xətt üzrə davam edəcəkmi və belə təxribatlar təkrarlana bilərmi?

- Orada millətçi xətt hər zaman olub. Sadəcə olaraq millət kimi düşünənlər var və anlayırlar ki, Azərbaycan Gürcüstana dəstək verməsəydi, bu ölkə çoxdan məhv olacaq və Rusiyanın tabeçiliyinə keçəcəkdi. Təbii ki, biz də anlayırıq ki, bizim Gürcüstan vasitəsilə Türkiyə və Avropaya yolumuz olmasaydı vəziyyətimiz heç də ürəkaçan olmazdı. Odur ki, biz bir-birimizə dəstək verməyə məhkumuq. Amma sözsüz ki, bunu istəməyən qüvvələr var. Biri erməni, digəri rus...

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

vidadi goyce 2019-07-15 19:55:50

serhedcinin elinden silah alinir, bele hadise hec vavilyonlarin vaxtinda olmayib,cox gulmeldir.

Pervin 2019-07-15 19:55:50

Mence bunda ləzzət alan erməni və Rusiya dövlətidir

Hörmətli oxucu! 2019-07-15 19:55:50

Bismillahir-Rəhmanir-Rəhim.Hörmətli Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov,Siz deyirsiniz ki, - “Düşünürəm ki, bizim Sərhəd Qoşunlarımızın rəhbərliyi məsələnin həssas olduğunu bilir”.Bəs bilirsə niyə lazımı tədbir görməyir. Ən pis iş zalımları tərifləməkdir.İmam Əli(ə.s.s.) .Mənə elə gəlir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hörmətli rəisi general-polkovnik Quliyev Elçin İsağa oğlundan soruşmaq gərəkdir,bu nə bu biabırçılığdır? Bunları eşidib, görəndə adam dəhşətə gəlir. Bu boyda sayqısızlıq olarmı! Cümlə Aləm bilirdi ki, Azərbaycanın dövlət sərhəd necə qorunur!

Kərim 2019-07-15 19:55:50

Bu hadisə dövlətimizi millətimizi xaqlqımızı təhqir etmək, alçaltmaqdır. Biz öz torpağımız sərhəddimizə, ümumiyyətlə baş verənlərə belə laqeyd yanaşsaq bir millət kimi yox olub gedəcəyik. Torpağımızın yarısını erməni alıb. 26 ildir dözürük. İndi də bunlar görür ki, biz beləıyik yarsını da onlar istəyir. Yəqin ki, bu talançı məmur sürüsü verəcəklər ki öx çirkin işlərin davam etdirə bilsinlər.

Adil 2019-07-15 19:55:50

300 min gürcüleşmiş ermeni. Bu ne uydurma? 600 min de zatı temiz azerbaycanlı var orda. Ne vaxta kimi bele esası olmayan uydurmalara başımızı aldadacaqsan ay Rasim emi

Adil 2019-07-15 19:55:50

İtire İtire gedirik. Bir qetiyyetimiz yox

Azəri 2019-07-15 19:55:50

Torpağımızın yarsını da gürcülər istəyir?. Ölmək ölməkdir xırıldamaq nə deməkdir.

Junior diplomat 2019-07-15 19:55:50

Hörmətli politoloq 2006-cı ildən etibarən cənab Xələfovun timsalında gedən danışıqlarla ildə 10km-lik sərhədin delimitasiyası aparılsaydı bu il 140 km-lik sərhədin delimitasiyası başa çatdırılmış olacaqdı. Necə ki, bizim sərhəd xidtmətindən təxribata uymamaq gözlənilirsə eləcə də gürcü tərəfinin sərhəd xidmətindən təxribatçılara imkan verməmək gözlənilir. İndiki halda danışıqlar oktyabrın sonunadək uzadılmalı və noyabrdan gürcüstana verilən qazda "the limitation" olmalıdır ki, anlasınlar delimitisiyanı.

Mahmud 2019-07-15 19:55:50

Bunu bizim ruspərəst diplomatlarımzı qandıran birisi gərəkdir...

гачгын 2019-07-15 19:55:50

sənin kimi "ağıllılar" ölkəmi bu günə qoyub bu günə.....,о благородсве больше всего говарят__прохвосты ,

Alı 2019-07-15 19:55:50

Qorxaqlar öz evində şir, pələng, bayırda dovşan olur.

Azəri 2019-07-15 19:55:50

Hardadır bəs o güclü ordu?

t.ədalət 2019-07-15 19:55:50

Aranı qarışdıran güman ki Rusiyadır.Azərbaycanın köməyi ilə ehtiyaclarını ödəyən Gürcüstanı cəzalandırmaq üçün,görünür,Rusiya əl altından xalqlar arasında nifaq toxumu səpir.Hər iki tərəf,gərək ayıqlıq göstərsin.Düşmənin qurduğu tələyə düşməmək üçün yüz ölçüb-biçsinlər.

Son yazılar