Menu

Pərviz Həşimli ədliyyə nazirindən şüşə səddin götürülməsini istəyib

09.09.2014, 12:31

pervizBakı İstintaq Təcridxanasında saxlanan hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimli ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

“Moderator.az” saytının məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli ədliyyə naziri!

Mən artıq səlahiyyət sahiblərinə etdiyim müraciətlərin sayını itirsəm də, bu günədək onların heç birinə nə qaneedici cavab almışam, nə də qaldırdığım bu və ya digər problem həllini tapıb. İstər istintaq dövründə, istərsə də məhkəmə prosesi zamanı mənim və vəkillərimin qaldırdığı heç bir vəsatət təmin edilməyib, saxlanma şəraitim və digər problemlərimlə bağlı qaldırdığım problemlər müxtəlif instansiyalar və vəzifəli şəxslər tərəfindən biganəliklə qarşılanıb.

Ancaq bildirmək istəyirəm ki, hazırda saxlanma şəraitimdən narazı deyiləm və mənə qarşı məxsusi olaraq ayrı-seçkilik qoyulduğunu və ya məqsədli şəkildə təzyiqlə üzləşdiyimi iddia edə bilmərəm. Amma bununla yanaşı anlaya bilmədiyim bir məsələ mənə ailəmlə və azyaşlı övladımla görüş verilməsi prosedurundakı sərtlikdir. Artıq bir həftədən sonra həbs olunmağımın bir ili tamam olsa da, bu günədək ailə üzvlərimlə və azyaşlı övladımla normal şərtlər daxilində görüşmək imkanından məhrum edilmişəm. Həbsimin olduqca hay-küylü keçirilməsi və MTN əməkdaşlarının evimizdə axtarış apararkən həyat yoldaşımın və 5 yaşlı qızımın keçirdiyi sarsıntı onların sağlamlığına sağalmaz yara vurmaqla bərabər məni də çox ciddi narahat edir və öz məhbəs həyatım demək olar ki, arxa plana keçib, bütün günü onların aqibətinin necə olduğu nigarançılığı əsəblərimi pozmaq həddinə gətirib.

Bu azmış kimi 3 gün öncə qaynım Kamal Rüstəmov Göygöl rayonu ərazisində amansızlıqla qətlə yetirilib və xahişimə baxmayaraq onun yas mərasimində iştirakıma imkan yaradılmamasını da anlayışla qarşılayıram. Ancaq əldə etdiyim məlumata görə, həyat yoldaşım yeganə qardaşının qətlə yetirilməsindən sonra sözlə ifadə edilməyəcək dərəcədə psixoloji gərginlik, əsəb sarsıntısı keçirib və yalnız dərmanların təsiri altında saxlanılır.

Hörmətli Fikrət müəllim!

Bunları yazmaqda məqsədim odur ki, ailə üzvlərim və konkret olaraq həyat yoldaşım bu günədək mənim taleyimdən ciddi əndişə keçirdikləri halda bu gün onun həyatı ciddi təhlükə altındadır və mənim dəstəyimə ehtiyacı var. Ona görə də ümid edirəm ki, yaranmış şəraiti nəzərə alaraq ailə üzvlərimlə və azyaşlı övladımla, nəhayət, üz-üzə görüşməyə imkan yaradacaqsınız və şüşə arxasından işgəncə hesab olunan bu cür görüşləri normal görüşlərlə əvəz edəcəksiniz. Bunu etmək Sizin səlahiyyətinizdədir və xahişimi nəzərə alacağınıza ümid edirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Pərviz Həşimlini ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tutub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol