Prezidentdən yeni format: son müşavirənin üstünlükləri

Elman Babayev

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə ilk baxışdan özünün fərqli formatı ilə diqqəti cəlb etdi. Nədən ibarət idi bu fərqlilik?

Birincisi, əvvəlki, yəni 6 ayın yekunlarına həsr olunan iclaslardan fərqli olaraq müşavirə təkcə hesabatların dinlənilməsi şəraitində deyil, diskussiya, sualların verilməsi şəraitində keçdi. Belə ki, bu dəfə Prezidentin çıxışlar  üzrə əlavə suallar verməsi diqqətdən yayına bilməz. Bu, həm ölkə rəhbərinin proseslərə tam nəzarət etməsinin, islahat tədbirlərinə rəhbərlik etməsinin, məlumatlılığının göstəricisi idi.

İkincisi, müşavirədə müzakirə olunan mövzu ilə bağlı sırf aidiyyəti qurumların  rəhbərləri iştirak edirdi. Sadə dildə desək, əvvəllər sosial-iqtisadi sahə ilə bağlı müşavirədə  bilavasitə əlaqəli olmayan icra strukturlarının rəhbərlərinin iştirakı yarana biləcək sualların dərhal cavablandırlmasına imkan verirdisə də,  müşavirənin yeni, konkret formatı daha cəlbedici və xoşagələndir.

Yeni format göstərdi ki:

1.  Prezident mobil şəkildə daha səmərəli və daha operativ idarəetmə mexanizmini tətbiq etməklə vətəndaşların rifahının yüksəldilməsinə istiqamətlənmiş fəaliyyətin prioritetliyini bir daha təsdiqləyir.

2.  Dövlət başçısı fəaliyyətin çevikliyinin təmin olunması və əldə olunacaq nəticələrin səmərəliliyinin daha da yüksəldilməsi üçün çox düzgün olaraq mobil formatlı tapşırıq-icra mexanizmini tətbiq edir.

3.  İlham Əliyev mobil idarəetmə mexanizmini həyata keçirməklə, müəyyənləşdirilmiş vəzifələrin ən yüksək səviyyədə icrasının təmin olunmasını hədəfləyib.

Müşavirə təkcə format dəyişikliyi ilə yadda qalmadı. Prezident müşavirədə hazırda əhalini narahat edən, belə demək mümkünsə, ən ciddi və ən xırda görünə bilən məqamlara belə toxundu. Bu, ilk növbədə dövlət başçısının xüsusən problemləri yaradan şəxslərə mesajı kimi də dəyərləndirilə bilər.

Bu gün bunlardan ən aktualı son vaxtlar süni qiymət artımı ilə bağlı məsələdir.

Prezident deyib: “Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

Digər bir məqam Bakıda əhalinin üzləşdiyi məişət problemlərinin müşavirədə səsləndirilməsidir. İlham Əliyevin fikirlərinə diqqət edək: “Bakıda  küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir. İndi məişət tullantılarının idarə olunması istiqamətində addımlar atılır. Bir neçə il bundan əvvəl Balaxanıda böyük məişət tullantıları zavodu inşa edilmişdir, poliqon salınmışdır, çeşidləmə aparılır. Biz zəncir yaratmalıyıq. Qapıdan ta məişət tullantıları zavoduna qədər vahid zəncir olmalıdır”.

Prezident özəl sektora dəstəyini də bir daha ifadə edib: “Hamımız yaxşı bilməliyik ki, özəl sektor iş yerlərinin yaradılmasına öz töhfəsini daha böyük həcmdə verməlidir. Özəl sektorun nümayəndələri ilə aparılan işlər nəticəsində biz bu sahədə də artım görürük. İqtisadi canlanma, əlbəttə ki, iş yerlərinin yaradılmasına da gətirib çıxarır. Çünki bu, daimi proses olmalıdır”.

Dövlət başçısı yekun çıxışında əhalinin artımı fonunda yaxın dövr üçün görülməsi vacib olan məsələrə toxunub və konkret tapşırıqlar səsləndirib:

-         Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz təxminən 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik. Bu, bizim böyük sərvətimizdir, amma digər tərəfdən onu deməyə əsas verir ki, biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq.

-         Sosial infrastrukturun yaradılması ilə məşğul olmalıyıq, nəqliyyat sahəsində əlavə tədbirlər görülməlidir ki, artan əhali, vətəndaşlar özlərini rahat hiss etsinlər, işlə təmin olunsunlar.

-         İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun. Qeyri-neft sektorunun inkişafı burada əsas rol oynayır.

-         Təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplamışıq. Əlbəttə ki, bu, bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır. Ancaq vergi, gömrük sistemində aparılan islahatlar, inzibatçılıq sahəsində görülən işlər və daxilolmaların artımı əlbəttə ki, büdcəmizin əsas mənbəyi olmalıdır. Biz vəsaitdən çox qənaətlə istifadə etməliyik. Xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olmalıdır. Dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib. Hesab edirəm ki, biz tezliklə müasir korporativ qaydalarla idarə olunan şirkətləri görəcəyik. Yəni, bu, çox önəmli məsələdir.

-      İqtisadi sahədə bundan sonrakı inkişaf üçün əlbəttə ki, biz xarici ekspertləri də cəlb etməliyik və edirik. Biz beynəlxalq maliyyə qurumları ilə fəal işləyirik və bu iş bundan sonra da davam etdiriləcək. Yəni, iqtisadiyyatın yeni modeli – bu gün tələbat bundan ibarətdir. 2025-ci ilə qədər nəzərdə tutulmuş Strateji Yol Xəritəsi bu məsələlərə cavab verir.

-         Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir.

-         Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcəkdir.

Beləliklə, İlham Əliyevin bu formatda müşavirəsi konkret məmurların işinə qiymət verilməsi ilə yanaşı, onların hər birinin üzərinə fərdi şəkildə məsuliyyət qoyur və verilən tapşırıqlar, aparılan islahatlar istiqamətində konkret iş tələbi meydana çıxarır ki, bundan ancaq ümumi mənafe naminə pozitiv sonuclar əldə etmək olar...

 

635x100

Şərhlər

Mirzə AĞ 2019-08-03 17:52:44

Yəni ki, Baş nazirsiz format...

Son yazılar