"Dövlət Tibbi-Sosial Ekspertiza İdarəsi mənə xəbərdarlıq etmədən, növbəti müayinədən keçmək üçün dəvət göndərmədən müavinətimi dayandırıb. Bununla əlaqədər Nizami rayon əlillərin sosial müdafiə Fonduna, adı çəkilən tibbi ekspertiza idarəsinə, Dövlət Sosial Müdafiə Fonduna müracət etməyimə baxmayaraq, onlardan heç bir müsbət cavab ala bilməmişəm".
Bu fikirlər Qarabağ müharibəsi şəhidi Həsrətov Mehmanın bacısı, Nizami rayon Rizvan Teymurov 28 A, mənzil 4-də yaşayan Abdullayeva Dilşad Dövlətxan qızı tərəfindən Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya yazılan müraciətdən götürülüb.
Bir nüsxəsi də "AzPolitika.info" ya göndərilən müraciətdə Dilşad Abdullayeva əvvəlcə özü haqqında məlumat verərək, yazır:
"Çox hörmətli Mehriban xanım!
Mən Qarabağ müharibəsi şəhidi Həsrətov Mehmanın bacısıyam. Qardaşım Mehman 1992-ci ildə 18 yaşında ikən Sırxavənd uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş və dövlətimiz onun vətən uğrunda şücaətlərini yüksək dəyərləndirərək Qusar rayonunda adına küçə verməklə, ailəsini evlə təmin etmiş, maddi yardımlar etmişdir. Biz ölkə başçımız İ.Əliyevin və şəxsən Sizin şəhid ailələrinə göstərdiyiniz qayğıdan, həssas münasibətdən çox məmnunuq və qardaşımın vəfatı bizim üçün ağır itki olsa da, təsəllimiz onun adi şəraitdə deyil, Vətən uğrunda şəhid olması və uca şəhid adını qazanmasıdır".
Dilşad Abdullayeva daha sonra qarşılaşdığı problem haqqında məlumat verir:
"Hörmətli Mehriban xanım!
Diqqətinizə çatdırım ki, Sizin şəhid ailələrinə ana şəfqəti ilə göstərdiyiniz münasibəti yüksək dəyərləndiririk. Lakin bir çox dövlət orqanlarında bu həssaslığın davamını görməyəndə, əlbəttə, insan narahat olur. Mən qardaşımın vəfatından sonra ağır streslər yaşadım, xəstəliklər tapdım. Bu xəstəliklərimə uyğun olaraq ikinci qrup əlil kimi ayda 190 manat mənə müvinət kəsdilər. Lakin bir ay olar ki, Dövlət Tibbi-Sosial Ekspertiza İdarəsi mənə xəbərdarlıq etmədən, növbəti müayinədən keçmək üçün dəvət göndərmədən mənim müavinətimi dayandırıb. Bununla əlaqədər Nizami rayon əlillərin sosial müdafiə Fonduna, adı çəkilən tibbi ekspertiza idarəsinə, Dövlət Sosial Müdafiə Fonduna müracət etməyimə baxmayaraq, onlardan heç bir müsbət cavab ala bilməmişəm. Mən onlara şəhid ailəsi olduğumu, ciddi xəstəliklərlə əlillik müavinəti almağımı bildirsəm də, qulaq asmaq istəmirlər. Məni bu idarədən o idarəyə göndərərək süründürürlər. Hər yerdə də bir söz deyirlər: “Bizlik deyil, təzə nazir S.Babayevin göstərişidir”.
Şəhid bacısı müavinətinin bərpası üçün Mehriban xanım Əliyevadan kömək istəyir: "Bir şəhid ailəsi olaraq Sizdən ricam odur ki, ailəmin zəruri ehtiyaclarını çətinliklə ödəyən pensiyamın bərpa olunması üçün mənə yardımçı olasınız. Əvvəldən sizə təşəkkürümü bildirirəm".

Araşdırma nəticəsində müəyyən edilib ki, Dilşad Abdullayevanın əlilliyinin qiymətləndirilməsi üçün 06.04.2018 tarixində Hacıqabul Rayon Dəmiryol Xəstəxanasından müraciət edilib. Lakin “Azərbaycan Dəmir Yolları” QSC-nin 25.04.2019-cu il tarixli məktubunda adıçəkilən qurumun səhiyyə müəssisəsi tərəfindən Dilşad Abdullayevaya məxsus göndərişin əsassız tərtib edildiyinə görə həmin vətəndaşın əlillik müayinəsi etibarsız edilib, onun sosial müdafiə və təminat hüququnun yenidən nəzərdən keçirilməsi barədə Dövlət Sosial Müdafiə Fonduna müvafiq tapşırıq verilib".
AzPolitika.info


Şərhlər
Ölkədə axmaq bir tendensiya yaranıb.Şəhidə yaxın uzaq qohumlugu çatan, Qarabagda döyüşüb döyüşmədiyi bəlli olmayanlar Qanunla haqqı çatmayan tələblər irəli sürür, alınmayanda hay həşir salırlar.Bəli hər şey qanuna uygun qurulmalıdır.Bunlar ona görə qanunsuz tələblər irəli sürür ki,hakimiyyətdəkilərin hamısı əldə etdikləri qanunsuzdur.Yəni sən qanunsuz varlanırsan, mənə də pay verməlisən.