QURBAN VƏ SƏRVƏT

Məhəmməd Talıblı

Qurban bayramı gələndə müsəlman dünyasında sanki bir dirilik ovqatı hökm sürməyə başlayır. Toparlanma və eyni günün işığında milyonların səfərbər olması müsəlman toplumlarında bayramlaşma əhval-ruhiyyəsi hakim kəsilir.

Bu bir gerçəklikdir ki, bu daha çox özündə qurbanlıq qoyunların kəsilməsi ilə yaddaşlarda qalır. Ət və qanla daha çox assosasiya olunan Qurban bayramı modern müsəlmanın təfəkküründə özünə başqa bir təəsuratlar yaratmalıdır. Çünki, Qurban bayramı ətdən və qandan ibarət olacaq qədər onu bəsitləşdirən bir dini mərasim deyildir. Əslində bu bayramın fəlsəfəsi birləşdirici dəyər ətrafında müsəlman toplumlarında humanizmin uca tutulduğunu bəyan edən bir mədəni toplumun bayramıdır.

Yaradılışların əşrəfi olan insanı uzada tutan və onu hətta yaradan yolunda kəsilməsini rədd edən müqqədəs bir din bayramıdır. Hətta Tanrıya münasibətdə bütpərəstliyə sığınmağı uzaq tutan bir dinin işığında indi müsəlman toplumlarında ölkə rəhbərlərini öyən siyasi bütpərəsliyin şahidi oluruq. Bu mənada biz dini buyruqlardan düşdüyümüz üçün az qala əsrlərcə geriyə getmiş bir müsəlman toplumuna çevrilmişik. Saxta müqəddəsliyi tərənnüm etmiş müsəlman toplumlarına Qurbanın fəlsəfəsi onlara tər sillə kimi dəyməlidir. Tanrı yolunda insanın qurban gedilməsini yasaqlayan İslam dini necə ola bilər ki, bir toplumda Allahın qulu olan kiçik padşaha mədhiyyələri təqdir etsin? Həmin uydurulan din rəvayətləri ilə gerçək din dəyərləri arasındakı uyğunsuzluq siyasi islam meydana çıxarır. Bu cür siyasi islam təkcə insanları dövlət naminə qurban vermir, dövləti də qurbanlıq qoyun kimi siyasi güclərə kəsdirmiş olur.

İNSAN, HEYVAN VƏ İSLAM BUYRUĞU

Yaradılışların əşrəfi sayılan insan ali varlıqdır. Şüurlu varlıq olaraq mövcud olması ilə seçilir. Allah dünyada bütün varlıqları insan üçün yaratmışdır, insanı digər varlıqlar üçün yox. Əgər Misir Apis kultundakı kimi insan-heyvan üstünlüyünü ikincinin xeyrinə dəyişiklik etsək, o zaman insan heyvana sitayiş etməyə başlayacaq.  Onun üçün özünü qurban verəcək. İnsan heyvan üçün qurban kəsiləcək. Bu inandırıcıdırmı? Əksi olduğu üçün insan naminə, daha doğrusu onun inancı naminə qoyunu qurban kəsirlər.

“Biz hər ümmət üçün qurban kəsməyi ibadət buyurduq” (“Həcc” surəsi, 22\34) deyəndə də, bu səxavəti ibadətə bərabər sayırdı. “Varlıq iyerarxiyasında” insanı bütün varlıqların əşrəfi sayanda da, bunu nəzərdə tuturdu ki, ali varlıq qurban kəsilməli yox, ona xidmət anlamına gələn qoyunu qurban kəsməlidir. Bununla İlahi buyruq nəticəsində insanın qurban kəsilməsi ənənəsi nəinki yaranmadı, hətta ona imkan verilmədi. Bununla İslam sivilizasiyası bəşər tarixində çoxsaylı humanist dəyərlərin formaslaşmasında çox rol oynadı. Bunun bariz nümunəsindən biri də Qurban bayramı ilə başlamışdır.

Heyvan da daxil olmaqla bütün varlıqları insan üçün yaratmışdır. İnsan özünü hər türlü gedişatlara qurban edəndə, Tanrı buyruğunu nəzərə almamış olur. Bu mənada insanının fərqli ssenarilər üzrə qurban verilməsi Tanrı buyruğuna ziddir.

İslam buyruğuna görə, qurban olaraq insanın kəsilməsi təkcə qadağan olunmur. Bununla insanın kəsilməsindən bəhs edən vəyhin olması insanı müqəddəsləşdirən ilahi bir mesaj anlamı daşıyır. Yəni, insanı müstəsna bir mərtəbədə müqəddəsləşdirən Tanrı onu o mərtəbədən aşağı düşməsinə razı olmamağın mənasını öz bəndəsinə ötürmüş olur. Ali mərtəbədə saxladığı bəndənin şüur səviyyəsinə də xitab etmiş olur. Görünür, buna görədir ki, islam dini Qurbanın əsas məqsədi kimi onda insanlarda məsuliyyət şüurunun formalaşmasını əsas götürür. “Allaha onların nə ətləri, nə də qanları çatır; lakin sizdən Allaha çatan ancaq və ancaq məsuliyyət şüurudur”(“Həcc” surəsi, 22\34)

QURBAN VƏ SƏXAVƏT

Qurban vermək səxavət istər. Yalnız səxavətli insan cəsarət edər malına qıymağa. Deməli, əksər hallarda cəsarətli olanlar səxavətli olmağı bacarar.İslam sivilizasiyasından çağdaş dövrümüzə qədər keçib gələn mənəvi determinizmin çoxlu örnəkləri çoxdur. İslam tarixində də, hətta bir atanın iki fərqli səxavət anlayışı olan məsəllərdən xali deyil. Adəmin övladları Habil və Qabil iki fərqli səxavət duyğularının olması buna canlı misallardır. Habil özünün müqəddəs hesab etdiyi nə vardısa, onlara göz qırpmadan Allah yolunda qurban verməyə hazır olan səxavətli bir obrazdır. Qabil isə özünə lazım olmayanı və dəyərsiz hesab etdiyini Allaha verəcək qədər geniş ürəyi olmayan bir səxavətsiz insan tipidir. Habil Allahın sevdiyini, Qabil isə yalnız özünün sevdiyinə sahib olmağı bacaran iki fərqli obrazlardır. Biri malının ağası, digəri isə malının quludur. Buradan çağdaş dövrümüzdə belə zəngin olan insanların Qurban bayramı ilə bağlı səxavət duyğularını ölçə bilərik. Bu haqda daha təfsilatlı...

Qurban bayramı maddi təminatı yaxşı olan insanların əli çatdığı ev heyvanlarının ona ehtiyacı olan insanlarla bölüşməsidir. Bu paylaşma təkcə bir kültür qavramı deyil, eyni zamanda sərvətdən istifadə həddini bilən səxavət məsələsidir. Bölüşdükcə artan, artıqca azalmayan bir inanc mövzusudur. Deməli, Qurban insana verilən dünya malının Tanrı ilə bəndə arasında münasibətlərin ruhunu ifadə edən haldır.

“Qurban vermək” anlamı insanın sərvətə münasibətini də ortaya çıxarır. “Sərvətə sahib olma”, yoxsa “sərvətə aid olma” təsnifatını bütün çılpaqlığı ilə biz aydınlaşdırır. Dünya malının diktə etdiyi, yoxsa dünya malına diqtəedilmə iradəsini biz anladır. Pulun hökm etdiyi, yoxsa pula hökm edən faili-muxtar obrazını dəqiq tanıyırıq. İnsan sərvətindən pay verəndə onun üzərində qərarvermə gücünü ortaya qoyur. Sərvətindən pay verməyəndə onun qulu olduğunu ətrafa faş etmiş olur. Bu mənada Qurban bayramı insanların sərvətlərindən istifadə ilə bağlı səxavət duyğularını test etmək fürsətidir.

Bu fürsətdən alın açıqlığı ilə çıxmaq diləyilə...

(Yazı müəllifin "facebook" səhifəsindən götürülüb)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar