Venesuelanın mərhum prezidenti Uqo Çavesin ABŞ-la necə mübarizə apardığına dair yeni məlumatlar üzə çıxıb. “AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi İspaniya məhkəməsinə göndərdiyi hesabatda U.Çavesin öz əzəli və əbədi düşməni olan ABŞ-ı külli miqdarda narkotik maddələr ixrac etməklə cəzalandırmaq istədiyi bildirilib.
Həmin hesabatın İspaniya Məhkəməsinə göndərilməsində məqsəd bu ölkə tərəfindən həbs olunan Venesuela kəşfiyyatının keçmiş rəhbəri Uqo Karvahalın işində istifadə edilməsidir. Hesabatda deyilir ki, hələ 2005-ci ildə Venesuela prezidenti ölkə kəşfiyyatının əsas rəhbər şəxslərini öz rezidensiyasına çağıraraq, onlara “ABŞ-I kokainlə boğun” əmrini verib. Qeyd olunur ki, həmin iclasda iştirak edənlər və prezidentin bu əmrini yerinə yetirənlər arasında U.Karvahal da olub.
Hesabatda bildirildiyinə görə, U.Çaves ABŞ-ı böyük ölçüdə narkotik problemilə üz-üzə qoymaqla ciddi sıxıntıya uğratmaq niyyətində olub. Sabiq prezident kəşfiyyat görəvlilərinə tapşırıb ki, bu işdə qonşu Kolumbiyanın üsyançı dəstələrinin xidmətlərindən istifadə edilsin və kokainin qaçaqmalçılıqla ABŞ-a çatdırılması üçün həmin silahlı dəstələrlə iş birliyi qurulsun.
“Kolumbiya inqilabçı silahlı qüvvələri” adlanan və ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınan bu silahlı dəstələrə Venesuelaya göstərəcəyi “xidmətə” görə, silah-sursat vəd edildiyi də bildirilir.
ABŞ tərəfi bütün bu məlumatları Venesuela kəşfiyyat orqanlarında yüksək post tutmuş və hətta U.Çavesin sözügedən tapşırıqları səsləndirdiyi toplantılarda iştirak etmiş şəxsdən aldığını iddia edib. Lakin həmin adamın adını açıqlamayıb.


Şərhlər