Menu

Generalın ölümündə baş prokuror günahlandırılır – Koçaryanın əleyhinə ifadə verməliymiş

25.09.2019, 18:50
Generalın ölümündə baş prokuror günahlandırılır – Koçaryanın əleyhinə ifadə verməliymiş

Ermənistanda sabiq daxili işlər naziri, polis general-polkovniki Ayk Arutunyanın ölümü ətrafında müzakirələr getdikcə qızışır.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında polis generalının intihardan qısa müddət əvvəl söylədiyi sözlər dərc edilib. “Hayeli.am” nəşrinin bununla bağlı yaydığı məlumat ölkənin baş prokuroru Artur Davtyan tərəfindən qəzəblə qarşılanıb.

Həmin nəşrin yazdığına görə, sabiq nazir baş prokurorun ona təzyiq göstərdiyini və Robert Koçaryanın əleyhinə ifadə verməsini tələb etdiyini söyləyib: “Məni yalan ifadə verməyə məcbur edirlər. Lakin Robert Koçaryan və Qeqam Petrosyan (DİN qərargah rəisi-red.) günahkar deyillər”.

Baş prokuror deyib ki, mətbuatda yazılanlar böhtan və sifarişli yazılardır. Bununla da Koçaryan-Sarkisyan düşərgəsinə işarə vuran baş prokuror sifarişçilərin və bu xəbəri yayan jurnalistlərin təkcə mənəvi deyil, hüquqi məsuliyyət də daşıdıqlarını bildirib. A.Davtyan heç kimə təzyiq göstərmədiyini iddia edib.

Xatırladaq ki, sentyabrın 23-də öz evində ölü tapılan sabiq polis şefinin tapanaçdan açdığı atəşlə intihar etdiyi bildirilir. Erməni generalın meyitini ilk olaraq, onun evində qonaq etdiyi adı çəkilməyən qadın aşkarlayıb və polisə xəbər verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının və ekspertlərin ilkin qənaəti bu olub ki, Arutunyan intihar edib və bu zaman bərk içkili olub.

A.Arutunyan 1999-cu ildən 2008-ci ilə qədər Ermənistan polisinə rəhbərlik edib. 2010-2014-cü illərdə isə Məhkəmə Qərarlarının İcrası İdarəsinə başçılıq edən general, Paşinyan hökuməti tərəfindən cinayət işi qaldırılan iri fiqurlardan biri sayılırdı. Belə ki, o, 2008-ci ildə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyaları zamanı 8 nəfərin qətlə yetirilməsilə bağlı açılan cinayət işinin əsas fiqurlarından idi və həbsi gözlənilirdi. Onun özünü öldürməsini də elə həmin cinayət işi ilə əlaqələndirirlər.

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol