Menu

İstanbul zəlzələsi və Allaha asi çıxanlar...

27.09.2019, 19:22
İstanbul zəlzələsi və Allaha asi çıxanlar...

Allaha asi çıxanlar heç vaxt möcüzə ölkə, güclü iqtisadiyyat qurub-yarada bilməzlər

2011-ci ildə Yaponiyada güclü zəlzələdən və ard-arda baş verən sunamidən sonra bu ölkə haqda bir sıra maraqlı rəvayətlər ortaya çıxdı. Onların heç biri yazılmadı, yazılmaq üçün deyildi... Amma belə bir rəvayət də vardı ki, guya yaponlar Allahın işinə çox qarışdıqları üçün gözəgörünməz qüvvə onları cəzalandırıb. 

Yaponiya o zəlzələdən və dağıdıcı sunamidən böyük itkilərlə, amma əzmlə çıxa bildi. Ağlamadan, sızlamadan, qıraqdan mədət ummandan. Eynilə iki şəhərinə atılan atom bombasının yaralarını sağaldıb dikəldiyi kimi...

Məncə, Allaha asi çıxanlar heç vaxt bu cür möcüzə ölkə, güclü iqtisadiyyat qurub-yarada bilməzlər. Əksinə, belə xalqlar bəlkə də Allahın işini asanlaşdırırlar, yerdəki bəndələrinə adam kimi rahat yaşamaq üçün mükəmməl texnologiyalar yaradırlar, insanlarına yaxşı təhsil verirlər, başı göylərə çatan göydələnləri təkər üzərində tikirlər ki, təbii fəlakətlərdə itkilər az olsun. Allah rəhmli və müdrik xalqları sevər...

original.jpg (712 KB)

Sovet adamları da göylə çox əlləşərdilər. Daha çox kosmonavtlar göyə uçanda həm də... Sərt qış keçəndə və ya quraqlıq olanda adamlar qısıt səslə, həm də bir az yumorla kosmonavtların Allahın işinə qarışdığını deyirdilər, onları suçlayırdılar... Əllərini göyə qaldıraraq həm də...

Sirli sovetlər ölkəsində kosmonavtların göydə nə iş gördüklərini bilən az adam vardı. Amma oxumuş  adamlar bilirdilər ki, bunların heç birinin Allahla əlaqəsi yox, SSRİ göydə də Amerika ilə rəqabətdə idi və yadlarına heç göyün yeddinci qatında da Allah düşmürdü.

Kommunist ideologiyası ateistlər yetişdirirdi, kommunist biletini alan ən azı dilində Allahın varlığını danmalı idi. Biletini üstünə qoyduğu ürəyində nə düşünər, nəyə inanar, nəyə inanmaz  - bilmək olmazdı... Savadsız mollalara yol var idi, amma onlar böyük ölçüdə cəhalət yaymaq üçün hökumətin işinə yarayardı. Savadlı din adamları 37-ci illərdə xalq düşməni kimi güllənmiş, ya Sibirə göndərilmişdi.

Dini mərasimlər qeyri-rəsmi qadağan edilmişdi, bəzi rayonlarında yalnız Məhərrəmlik ciddi nəzarət və qorxu altında keçirilirdi. Orucluq “tox sovet adamı” üçün yad idi. Bunları mənim yaşı yarım əsrə çatmamış  yaşıdlarım yaşamayıb. Sonradan eşidib, oxuyub, bilmişik. Amma inancsız, Allahsız, adamlara adam kimi yaşamağa imkan və şərait yaratmayan bir dövlətin axırının puç olduğuna nə yazıq ki, şahid olduq. “Sunami” elə vurub-dağıtdı ki, hələ də qəddini düzəldə bilmir...bilmirik...

images.jpg (50 KB)

İstanbul, məncə, Allahın nəzərində olan şəhərdir – məscidləri, din adamları, dindar camaatı ilə birgə. İstanbulda baş vermiş zəlzələ şükür ki, can itkisi olmadan ötüşdü. Türkiyənin telekanalları ağzına, ağlına gələnlərlə təlaş və qorxu yaradan sosial medianı  yerə yıxdı, ağzını qapadı. İstanbula heç getmədim, mənəvi doğmalıq olsa da, hələ ki getməyə də həvəsli deyiləm. Dizilərdə bəzi ərazilərini, tarixi yerlərini əzbər bilirəm, yalnız bu qədər...

Telekanallara heyran qalmamaq mümkün deyildi. İki telekanalda izlədim baş verənləri, daha dəqiqi  reaksiyaları. Heyrət etməmək mümkün deyil elektron medianın bu cür operativ işinə və peşəkarlığına.  Ölkədə nə qədər zəlzələşünas, torpaqşünas vardı, telekanallara çağırılmışdı... Müzakirələrdə irəli sürülən fikirlər, iddialar zəlzələnin ola biləcəyi hər bir ölkə üçün aktual idi. Bu müzakirələrdən hamının öyrənə biləcəyinə nə isə var idi.

Mən bu müzakirələrdən əsas nəyi öyrəndim və niyə heyrətləndim? Türkiyə alimləri dedilər ki, zəlzələdə enerji boşalma deyilən bir şey yox! Yadınızdadır, bizim zəlzələ alimləri bu ifadəni tez-tez işlədirlər: güclü zəlzələdən sonra enerji boşalmaları (avtoşoklar) gələcəkdəki güclü zəlzələnin qarşısını alır. Sən demə, belə iddianın heç bir elmi əsası yoxmuş! 

İkinci mühüm nəticə nədir? Bu dünya şöhrətli zəlzələşünas alimləri dinlədikdə bir daha əmin oldum ki, Yeri-Göyü Yaradan onu istədiyi vaxt altını üstünə çevirə bilər. Heç bir elm, alim, ordu, güc bunun qarşısını ala bilməz. Nə yaponlar, nə amerikalılar, nə türklər... 

Perspektiv kimi qorxuludur, amma hər şeyin daha yaxşı olacağına, Allahın dinindən, irqindən asılı olmayaraq məmləkətlərə qoruyacağına, səbri daşanda onları yalnız silkələyərək sınağa çəkib ayıldacağına, ildırımı, yağışı, tufanı ilə xəbərdarlıq edəcəyinə, günahsız körpələrə qıymayacağına, adamlara daha yaxşı, daha insaflı adam olacağına  şans verəcəyinə...

Allah dünyamızı və ölkəmizi qorusun...

Nazim SABİROĞLU,

Musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol