Maliyyə Nazirliyi mütəmadi olaraq Azərbaycanın xarici dövlət borcu barədə məlumatları açıqlayır. Açıqlanan sonuncu məlumata görə, 1 yanvar 2019-cu il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 8,927.1 milyon ABŞ dolları (15,176.0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faiz (2018-ci il üçün hesablanmış 79,797.30 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Maraqlıdır, bəs Azərbaycana borclu olan dövlətlər hansılardır?

Ekspert bildirib ki, Azərbaycana borclu olanlar arasında böyük dövlətlər yoxdur: “Ola bilər ki, Azərbaycanın borc kağızlarını hansısa ölkənin vətəndaşı alsın. Amma bu da az məbləğ olduğu üçün dövlətlər səviyyəsində deyil”.
Qeyd edək ki, xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlərdən 2019-cu ildə dövlət büdcəsinə 69 milyon 148 min manat daxil olacağı proqnozlaşdırılıb.
Hazırda Serbiya, Belarus və Gürcüstanın Azərbaycan Respublikası Hökuməti tərəfindən verilmiş kreditlər üzrə borc öhdəliyi var. 1 iyul 2018-ci il tarixinə Serbiyanın 234 milyon 418 min avro, Belarusun 30 milyon 771 min ABŞ dolları, Gürcüstanın isə 8 milyon 346 min ABŞ dolları məbləğində Azərbaycan Hökumətinə qalıq borcu mövcuddur.
Proqnozlara görə, xarici dövlətlər Azərbaycana olan borclarını ödəməkdə davam edəcəklər və 2022-ci ilə qədər bu aşağıdakı həcmdə olacaq: 2020-ci ildə 67 milyon 594 min manat, 2021-ci ildə 65 milyon 348 min manat və 2022-ci ildə 62 milyon 631 min manat.


Şərhlər
Yenə əsas meyar Filkinşteyn reytinqi ola bilər. Qonşu Gürcüstanın, Azərbaycanı Qarabağ hərbi əsarətində saxlayan dalan iqtisadiyyatlı Ermənistan hansı məbləğdə borc asılılığındadırlar?