sabiq nəqliyyat naziri Ziya Məmmədovun şeirlər yazdığı iddia olunur.
Sözügedən məsələ ilə bağlı Ziya Məmmədov Unikal.org-a açıqlama verib: "Mənim şeirlər yazmağımla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Mən ümumiyyətlə bu zamana qədər heç vaxt şeir yazmamışam. Həmçinin Ziya Hafiz təxəllüsü götürdüyüm də yalandır".
***
Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yazdığı iddia olunan şeirlərdən bir neçəsi mətbuata sızıb. Belə ki, şeirlərdən bir neçəsini keçmiş oliqarx-nazirin yaxın çevrəsində olanlardan biri “Qaynarinfo” portalının redaksiyasına təqdim edib. Belə məlum olur ki, Ziya Məmmədov “Ziya Hafiz” təxəllüsü ilə yazıb-yaradırmış. Və onun poeziya nümunələrində talançılığa, dəbdəbəyə dadanmağın yaxşı iş olmadığı etiraf olunur. Zalımın haqqının qula verilməsi, qızıl sarayların əslində gərəksiz olması, dost-tanışların sayının azalması kimi miskin notlar yer alır.
Məsələn, şair “Nəsihət” adlı şeirində deyir:
Aldanma dünyada şərə, yalana.
Dadanma zibaya, zərə, talana.
Nadanın haqqını aqil olana
Zalımın haqqını qula ver, getsin
Həyat dodağıma qonur ah kimi,
Bəzən nəğmə kimi, “Çahargah” kimi,
Nə fərqi qul kimi, ya da şah kimi –
Ömür də bir yoldu, yola ver, getsin
Daraldı dostların sırası, sayı,
İndi dualardı qəlbimin payı,
Hafiz, nə edirsən qızıl sarayı
Aldanma bu keyfə, hala, ver, getsin
Yəni poeziya tənqidçilərinin dili ilə desək, şair Ziya Hafiz bu misralarla demək istəyir ki, əslində dünyada şərə, yalana inanmaq, zərə, zibaya, talana dadanmaq, qızıl saraylara aldanmaq düz əməl deyilmiş. Hərçənd şairin bu nəsihətlərinin kimə ünvanlandığı haqda şeirdə heç nə deyilmir...
Şairin təzəcə başlamış payız mövsümündə qələmə aldığı görünən adsız şeirində isə belə deyilir:
Artıq payız fəslidir,
Yağış, külək, ayaz…
Könlüm dilə gəlir,
deyir yenə yaz…
Günəş yuxuludur, buludlar gümrah.
Darıxır budaqlarda mandarin, nar,
Qəlbimdə həsrətin kədəri var…
Bu misralardan belə qənaət hasil ola bilər ki, şair onları qızıl sarayın pəncərlərindən həyətdəki meyvə bağlarına baxaraq qələmə alıb. Və bağda mandarini, narı dərən də yoxdur, meyvələr budaqlarda qalıb darıxır. Və şairin qəlbini həsrətdən qaynaqlanan kədər bürüyür, o kədərini misralara köçürmək, yazmaq, yenə yazmaq istəyir...
Şairin növbəti poeziya nümunəsi isə bayatı janrındadır. Orada meşədə azmış bülbüldən, onun bağda tənha qalmış gülündən, dar gündə həyan olan köhnə dostlardan bəhs olunur. Və şair sonda kiməsə “yaman günə qalasan” deyir və əlavə edir ki, ötən günə gün çatmazmış, günü günə calasan da...
Əzizinəm dağdadı,
Arandadı, dağdadı.
Bülbül azıb meşədə,
Gülü isə bağdadı.
Əzizinəm, yar olsun,
Heyva olsun, nar olsun.
Dar gündə həyan olan
Köhnə dostlar var olsun.
Əzizinəm, qalasan,
Yaman günə qalasan.
Ötən günə gün çatmaz,
Günü-günə calasan.
Bundan əvvəl Ziya Məmmədovun ibadətə başladığı, namaz qıldığı və dinin digər tələblərini yerinə yetirməklə məşğul olduğu üzə çıxmışdı. Keçmiş nazir təsdiqləmişdi ki, ibadətlə məşğuldur və əslində həmişə namaz qılıb, ibadət edib…


Şərhlər
İşıqlıdı lampaları kolxozun.Şüşədəndi aynabəndi kolxozun.Məmurlar iş yerlərində on illərlə nə görürlərsə ilham pərisi o yöndən gəlir.Tağı müəllim metro qatarlarının on illərlə o yan-bu yana getdiyini gürmüşdü deyə "Belə gəlib belə gedən dünyadı" deyə bir şer yazdı.Bunun da on illərlə yığdığı neçə ildi əlindən alındığı üçün "Ver getsin" deyə şer yazıb.Fazil müəllim də yazmağa başlasa ilk şeri hər halda bu formada olar:"Vergi verən mərd olar,verməyən namərd olar.Verələr yığmayasan,bax bu böyük dərd olar".
bu adam nazir olanda bakida bir nece tunel insha edib, hamisida magara kimi qaranliqdir,bele adam ve sher,ola bilmez
Xalqın halalca sərvətinin milyardlarını çalan,soran,talan edən adamın nəinki şairliyi,ona şer yazmaq üçün qələm-kağız verilməsi də günahdır.Qələmi bir kənara qoy,yığdıqlarından xımır-xımır ye,ömrünü vur başa.Yoxsa elə bilmişdin ömür 1000 ildir?Görürsən ki nə qısaymış.Haqq-hesab gününə inanmağa başlamısan deyə canını qorxu alıb deyəsən,eşitmisən ki şairlərin məqamı yüksəkdir o dünyada,sarılmısan qələmə.Amma əsl şairlərin məqamı yüksəkdir,sənin kimilərin yox.Əks halda yaşamağa dəyməzdi.
Məsələ belədir.Birisi bir şairə İçərişəhərdə rəhmətlik Qulammirzənin hamamında bu səpgidə donqili şeylər oxuyub,şair də kisələnirmiş o anlarda,adam donqili şeylərini cızıldayandan sonra şair kisəni ona verib deyib ki,"Şairliyin bunnan ibarətdisə,Al kisəni daşa-quma çək kisə".Belə.Bunnan.
"Hafiz" qələmi alıbdır ələ... andır gəlmeyir...
Hə, ağzına gələni buraxır çölə!
Bir də esidəcəksən ki vəzifədən tullantılar yarım məmur roman yazıb serial çəkdirir qınamayın.
Ver getsin,deyir.Ta demir ki,çıgırda-çıgırda alırlar.
"Nə edirsən qızıl sarayı? Ver, getsiiin?" Gəlim onda, mənə ver getsin...