Nədən doğma sözümüzü alınma söz kimi yazırıq?

Xeybər GÖYYALLI

Bir sözün - srağagün kimi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə qeydə alınmış sözün yazılışı barədə danışmaq istəyirəm.

Bu söz tərtəmiz doğma (milli) sözümüzdür. İki sözün birləşməsindən ibarət olan bu söz Azərbaycan dilinin bütün milli (daxili) normativlərinin tələblərinə cavab verir. Belə ki, iki sözdən - sırağa (çox güman ki, sıra sözündən yaranıb) və gün sözlərindən ibarət olan bu sözdə ahəng qanunu əsasən özünü qoruyub saxlayıb. Gün sözündəki ü saiti istisna olmaqla qalanları qalın saitdir. İki sözün birləşməsindən yaranan bu sözdə qoşa sait yoxdur. Sözün başlanğıcında yazılan sr hərf birləşməsi süni olduğundan Azərbaycan dilinin orfoepik və orfoqrafik normalarına qətiyyən uyğun gəlmir. Azərbaycan dilində sözün əvvəlində iki yanaşı samitlə gələn söz yoxdur. Elə dilimizin bu sərt qaydasının nəticəsidir ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə srağagün və ondan leksik və sintaktik yolla yaranmış üç sözdən (srağagündənqalan, srağagündənqalma, srağagünkü) başqa ayrı bir söz qeydə alınmamışdır. Buradan da belə bir məntiqi qənaətə gəlmək olur ki, bu sözün yaranması və yazılışı istisna təşkil edə bilməz. Sadəcə, bu milli sözümüzün yazılışında bilə-bilə orfoqrafiyanın özəl prinsipi sayılan fonetik prinsipi pozuruq.

Azərbaycan dilinin bütün dialektlərində bu söz birmənalı olaraq sırağagün (bundan sonra məqalədə sırağagün yazacam) formasında deyilir (Çox doğru olaraq, bəzən mətbuatda və kitablarda bu söz deyildiyi kimi (sırağagün) yazılır). Fonetik prinsipin - sözün deyildiyi kimi yazılması orfoqrafiyanın özül və özəl prinsipidir. Bu qayda bütün dünya dillərinin xəlqiliyini, milliliyini və koloritini qoruyub saxlayır. Haqqında danışdığımız söz sırf Azərbaycan dilinə mənsub olub, sıra və gün sözlərinin birləşməsindən yaranıb. Günün, ayın və ilin ardıcıllığı və sıralanması dəyişilməz bir astronomik hadisə olduğu hamı üçün bəlli bir məsələdir. ”Azərbaycan dilinin izahlı lüğəti”ndə də, haqlı olaraq, sırağagün sözünün bu leksik mənası (definisiya) elə sıralanma ilə ilgiləndirilib: ”Deyilən gündən iki gün qabaq, dünəndən qabaqkı gün”. Sözün leksik-lüğəvi mənasından açıq-aşkar görünür ki, bu söz ardıcıllıq və sıra bildirir. Bu məqamda aydınlıq naminə onu da qeyd edək ki, hər hansı zaman vahidi və sıralanmada (sıra saylarında ) aşağıdan yuxarı və yaxud geriyə saymanın özündə də ardıcıllıq və sıra gözlənilir. Belə olduğu halda, niyə deyildiyi kimi sırağagün yazılmasın? Səbəb nədir? Əslində, ortada heç bir səbəb yoxdur. Olsa-olsa bunun səbəbini “bir dəli bir quyuya bir daş atdı” zərbi-məsəli ilə izah etmək olar. Belə olan təqdirdə məsələ “Qordi düyünü” kimi anidən, tez və asan həll olunar.

Bu sözün yazılışını indi gündəmə gətirməyim heç də təsadüfi deyildir. Mətbuatda verilən məlumatlara görə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış və bir neçə dəfə müzakirə olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” yaxın günlərdə yenidən nəşr ediləcəkdir. Əminəm ki, bu sözün yazılışı barədə təklifim dilimizin (orfoqrafiyamızın) təəssübkeşləri (cəfakeşləri) tərəfindən müsbət qarşılanacaq, gec də olsa, bu yanlışlıq aradan qaldırılacaqdır. Növbəti orfoqrafiya lüğətimizdə dilimizin özəl və dəyişilməz normativini özündə əks etdirən fonetik prinsipə sadiq qalmaqla bu milli (doğma) sözümüzün düzgün yazılışını bərpa etməliyik.

635x100

Şərhlər

dadaşyev 2019-10-14 15:43:57

davamı;Bax bunu M.F.Axundov yazıb və Firudin bəy Köçərli 1911-də çap etdirib: “Altı komediya,yәni tәmsil,türk-Azәrbaycan dilindә tәlif edib, hüzuri-alilәrinә tәqdim etmişәm.Tәmsilatımı Tiflis teatrında ki,onun da banisi knyaz Vorontsov olubdur,sәhneyi-tamaşaya qoydular,hüzzari-mәclisdәn (tamaşaya baxanlardan) çox afәrinlәr vә tәriflәr eşitdim. Ondan sonra “Yusif şahın hekayәtini” yenә türk dilindә tәsnif etdim." Bu adamlardan biri dramaturgiyamızın banisi,biri də ədəbiyyatşünas.İkisi də çaşdırıbmı milləti?

dadaşyev 2019-10-14 15:43:57

davamı;Və qazaxlar dillərinə ləhcə deməsələr də "Qazaxıstan dili" də demirlər,sadəcə,"qazaxca" deyirlər,çünki bilirlər ki "Qazaxıstan" ölkənin adıdır.Türkmənlər də "Türmənistanca" yox,"türkməncə" deyirlər.Özbəklər "Özbəkistanca" yox,"özbəkcə" deyirlər.Qırğızlar da "Qırğızıstanca" yox,"qırğızca" deyirlər.Necə ki ruslar "Rossiyskiy yazık" demirlər,"russkiy yazık" deyirlər."Hindistanca" heç bir söz yoxdur,hindcə var."Pakistan dili" yoxdur,urdu dili var."Gürcüstanca" söz yoxdur,gürcücə var.Anladın hər halda.

dadaşyev 2019-10-14 15:43:57

davamı;"Osmanlıcadan tərcümə türkə - bunu bilməm, Gerçək yazıyor gəncəli, yainki hənəkdir; Mümkün iki dil bir-birinə tərcümə, amma Osmanlıcadan tərcümə türkə nə deməkdir?" Səncə "türk" kəlməsiylə Sabir hansı xalqı nəzərdə tutub?Həm də cəmisi bir əsr keçib bu şerin üstündən.Sabir hansı xalqa aid olduğunu,dilinin hansı dil olduğunu bilməyibmi yəni?İndi mən çaşdırmış oldummu səni,yoxsa Sabir çaşdırdımı məni və səni?

dadaşyev 2019-10-14 15:43:57

azeriye;Ölkənin dili olmaz,xalqın dili olar.Səfəvi dili,Şirvanşah dili,Qaraqoyunlu dili,Ağqoyunlu dili,Eldəgəz dili deyə bir şey oxudunmu tarixdə,amma hamısı bizim dövlətlərimizin adı olmayıbmı?Məsələn,İran dili yoxdur,dövlət dili olaraq fars dili var,baxmayaraq ki oradakı qardaşlarımızın ana dili fars dili deyil.Onlar ana dilində danışanda "İranca danış" desin də farslar,"farsca danış" niyə deyirlər?Çünki "İran" ölkənin,torpağın adıdır.Suriya dili,İraq dili,Misir dili,Yəmən dili yoxdur,ərəb dili var.Belə.

azeri 2019-10-14 15:43:57

dadashyeve, azerbaycan turkcesi yoxdur, azerbaycan dili var, tukdilli xalqlarin hansi birisi oz dilinin qabagina mes, kazax, ozbek, turkmen,qirgiz, turkcesi sozu ishledir, oz dilimizi unutmayin ve milleti de cachdirmayin,azerbaycan ve azerbaycan dili

NURəddin 2019-10-14 15:43:57

Hörmətli Xeybər Göyyallı diqqətinizə çatdırmaq istərdim ki,heç də hər şey siz deyən kimi deyil. Əvvəla onu deyim ki, dialekt və şivələr haqda tədqiqatları genişləndirmək lazımdır.İkincisi biləsiniz ki, bəzi bölgələrdə adıgedən söz iki samitlə deyil, sait və samit səslərin növbəlilik şərti altında -israğayın, hətta -ısrağayın kimi tələffüz edilir.Bu hal dilin bütün tələblərinə 100 faizlə cavab verir.Orfaqrafik lüğətə də bu cür keçməli idi.O ki, qaldı -ı səsinin sözün əvvəlində işlənməsi bu ayrı mövzudur.

dadaşyev 2019-10-14 15:43:57

Necə yəni "ahəng qanunu əsasən özünü qoruyub saxlayıb"?Ahəng qanunu ya qorunar,ya qorunmaz.Bu söz Azərbaycan türkcəsindədir,sadəcə iki sözün birliyindən yaranıb deyə birinci söz qalın,ikinci söz incə saitli olduğu üçün ahəng qanunu pozulub.Məsələn,"günəbaxan" sözündəki kimi.İki sözün birləşməsidir,ikisi də təmiz Azərbaycan türkcəsindədir,amma birincisi incə,ikincisi qalın saitli olduğu üçün ahəng qanunu pozulub."Yekəqarın","dörddodaq","kərttəşburun","alagöz" və s. azəricədir,amma ahəng qanunu pozulub.

dadaşyev 2019-10-14 15:43:57

davamı;yəni yalnız sadə sözlərdə qalın sait qalını,incə sait incəni gözləməzsə ahəng qanunu pozulmuş olar."Səda" farscadır,sadə sözdür,bir heca incə,bir heca qalın saitlidir,demək,ahəng qanunu pozulub."Qapı" azəricədir,sadə sözdür,hər iki heca qalın saitlidir,demək,ahəng qanunu pozulmayıb."Minbaşı","yüzbaşı","toybəyi","eşşəkarısı","danadişi","kəlboyun" isə mürəkkəb sözlərdir,birlikdə yazıldığı üçün ahəng qanunu pozulub,baxmayaraq ki,iliyinə qədər azəricədir.

Son yazılar