O TƏPİYİN SƏSİ ÇIXACAQMI?

Xalid Niyazov

Qəribə varlıq, arayışı alnında olan məlum tip Bakını “tikə-tikə deyil, sökə-sökə sevdi”

Bu da belə!

Əslində, bunlar! Çünki iki nəfərdilər.

Hərdən dostlarla zarafatlaşanda deyirəm ki, ay adam, bu ölkədən muğayat olun da, hər ayağımı qırağa qoyan kimi məmləkət dəyir bir-birinə.

Bakıdakı mitinq vurhavurundan, müsəlləh polisimizin solmaz şücaətlərindən sosialist inqilabının beşiyində xəbər tutdum.Paytaxt sakinlərinin “istirahət hüququnu” pozan kütlənin “poçt, teleqraf və körpü” kimi strateji obyektləri tuta bilmədiyini, əksinə, özünün ovlanaraq necə qol-bud edildiyini izləmək elə bir zövq vermədi. Hələ bir dodaqaltı mızıldandım da – Müzür usagı, müzür! “1992-93-cü illərdə üzümlükləri kəsib-doğrayan AXC”-pe zehniyyətinin (kursiv kənd məsələlərindən sorumlu nazirə məxsusdur - !) əlindən bundan artıq nə gələ bilərdi ki?!

Nə isə, bununla bağlı bir ayrı yazı beynimizdədir, suların durulmasını gözləyirik.

Hələliksə, iqtidarın kadr siyasətindəki müstəsna, bu günlər dəbdə olan bir kəlmə ilə ifadə etsək, “açılım”la bağlı fikrimi bölüşmək istədim. Çünki bu arada şeytanın ayağı hansı nahiyəsindən qırılıbsa, ölkə başçısı iki iri ranqlı çinovniki “istirahətə” göndərib.

Əli Həsənovla işim yoxdur. Zatən, bu adamı heç vaxt xoşlamamışam da. Qeyri-səmimiliyinə, düzməcəliyinə, sadə insanlarla ünsiyyətdə orfoepiya qaydalarının son vaxtlar Prezidentin sayəsində məşhurlaşmış “nida” işarəsinə, özündən irilərin hüzurundasa boynubükük “sual”a çevrilməsi ilə. Daha orasına toxunmuram ki, uzun illərdir qaçqın və köçkünlərin boğazına şərik çıxıb özünə və əhli-əyalına topdağıtmaz cah-cəlal quran, hər bir naqolay hərəkəti ilə hakimiyyətin onsuz da “fontan” vurmayan imicini “ətəyindən” aşağı çəkən birisinin bunca zaman vəzifədə qalmasının özü yaxşı adına heç nədən xəbər vermirdi.

Hə, o ki, qaldı Hacıbala Abutalıbova… onunla davamız qiyamətdə də bitməyəcək.

Tək mənim deyil, cümlə Bakılıların!

Azərbaycan iqtidarının bütün zamanlarda ən odioz, qeyri-adi, gözlənilməz… nümayəndəsi!

Vallah, sakini olduğum, qəlbimin bütün “fibraları” ilə sevdiyim Bakının bu cür “mer”i olduğuna görə həmişə xəcalət çəkmişəm.

Bilmirəm, Nyu yorklular Bill de Blazio, londonlular Xan Sadik, Paris və Roma sakinləri xanım Ann İdalqo və Virciniya Racci, moskvalılar Sergey Sobyanin, nəhayət, istanbullular Əkrəm İmamoğlu üçün eyni üzüntünü yaşayıblarmı?

Bu adam Heydər Əliyevin sərəncamı ilə işləməyə başladı. Çiynində məhz Ulu öndərin əli olduğuna görə siftə-siftə yaxşı işləri də az olmadı. Sonra isə Bakının memarlığının, simasının, ruhunun … “vayına oturdu”, “tikə-tikə deyil, sökə-sökə sevdi”. Hər şeyi nəfsinə qurban verdi.

Xüləs, özümə söz vermişdim ki, Hacıbalanı “Baksovet”dən kürüyüb atanda Bakı və bakılılar qarşısında vətəndaşlıq borcumu yerinə yetirərək onun haqqında Baş prokurorluğa “ihbarda bulunacam”. Faktlar bir deyildi, on beş deyildi. Ancaq “sobes” yaşını çoxdan keçmiş adamı aparıb qoydular adı hündürdən səslənsə də, kor qəpiklik xeyri olmayan bir quruma müdir müavini.

Mən də vaz keçdim! Yox, qorxmadım! Tanıyanlar bilir ki, indiyədək Allahdan aşağı bir kimsənin sözünə, iradəsinə biyət etməmişəm. Zamanında Hacıbalanın da, özü yosunluların da əməllərindən o qədər yazmışam ki!.. Təbii ki, haqqına, qərəzsiz-filansız, obyektiv! Nöşün ki, huylarına bələdəm; büdrədinmi, itli-pişikli alasıdırlar başının üstünü.

Sadəcə, azacıq “yavaşladım”, hər nə qədər təvazökarlıqdan uzaq olsa da, bir qədər müdrikləşdim, ən pisi isə “cəhənnəmə ki!” deməyi öyrətdim özümə.

P.S. Hardasa, 16-17 ilin söhbətidir. Hacıbala təzə-təzə şəhərbaşı təyin olunmuşdu və sonralar əsas gəlir mənbələrindən birinə çevrilən Şəhər Ticarət və İstehlak Bazarı Departamentinin zona müdirlərindən birini işdən çıxartmışdı. Adını unutmuşam, adam o qədər yanıqlı danışırdı ki!.. Ancaq ən maraqlısı sonda oldu. Görmüsünüz də Hacıbalanı, özü cüssəcə bir şey deyil. İndi təsəvvür edin ki, onun yarısıycan olan adam dedi ki, Allahdan gözləyirəm Hacıbalanın vəzifədən atılacağı günü. Nənəmin goru haqqı, şəhərin mərkəzindəcə yaxınlaşıb dalından bir təpik vuracam.

İndi nigaranam, görəsən, adam nənəsinin ruhunu şad eliyə biləcəkmi?

O təpiyin səsi çıxacaqmı?

635x100

Şərhlər

AAgahuseyn 2019-10-22 14:45:46

Bakıda tramvayları, trolleybusları,relsləri və naqilləri də hacıbala söküldü İRANA aparıldı. Bu şəxs Bakıya OD vurdu BADAMDARDI pis ğünə qoydu bütün torpaqları satdırdı.R Allahverbiyevin vaxtında 20-ə yaxın ailəyə orada yer verilmişdi onlar da BİNİ HEYBƏT Məcidinin tikintisi vaxtı evləri sökülənlər iydi.E.QASIMZADƏ kim bir memarı işdən cıxardı ki, ona mane olmasın...

Özgür 2019-10-22 14:45:46

Bakıda tramvayları, trolleybusları məhz hacıbala ləğv elədi, relsləri də söküldü hara aparıldı bilmədik. Bu şəxs Bakıya toy tutdu.

Araz 2019-10-22 14:45:46

Tekcə Hacıbala m. den önce 28 may metro stansiasının qarşısındakı biabırçılığı (bazar qurtarandan sonra)görənlərdən biri kimi ona sağ ol düşür. Bir az insaflı olaq.

Son yazılar