Güc strukturlarının əməkdaşları Sankt-Peterburqun Kalinin bölgəsində 48 yaşlı azərbaycanlı Müşfiq Əmiraslanovun prezidenti olduğu “Əhli-Beyt” Elm və Mədəniyyət Mərkəzində yoxlama aparıblar. 47news.ru saytı bildirir ki, yoxlama miqrantlarla bağlı protokolların tərtib edilməsi və qanunsuz missioner fəaliyyətinə görə inzibati cəza ilə yekunlaşıb.
Oktyabrın 26-da nəşrə məlum olub ki, bir gün əvvəl “E” mərkəzi, FTX və polis orqanlarının əməkdaşları Lunaçarski prospektindəki “Əhli-Beyt” Elm və Mədəniyyət Mərkəzinə gəliblər. Təhlükəsizlik qüvvələrinin gəlişi məcburi cümə ibadəti - Cümə namazı vaxtına təsadüf edib.
Dini mərasimi keçirmək üçün ora yüzə yaxın adam gəlib, əksəriyyəti də Rusiya vətəndaşı olub. Onlarla birlikdə 26 Azərbaycan, 5 Özbəkistan və 2 Tacikistan vətəndaşı da namaz qılaraq dua edib.
Sənədləri yoxladıqdan sonra məlum olub ki, Azərbaycan vətəndaşlarının 5-i Rusiyada olmaq hüququnu təsdiqləyə bilmir. Əcnəbilər ən yaxın polis bölməsinə aparılıblar. Bununla əlaqədar, İnzibati Məcəllənin 18.8-ci - "Əcnəbinin Rusiya Federasiyasına giriş və yaşayış qaydalarını pozması" maddəsinin pozulmasına dair protokollar tərtib edilib. İndi onların işinə məhkəmə baxacaq.
Təhlükəsizlik qüvvələrinin qənaətinə görə, Sankt-Peterburqdakı “Əhli-Beyt” Mərkəzinin 37 yaşlı imamının xütbələri ümumi dini xarakter daşıyıb, amma eyni zamanda, missionerlik fəaliyyətinin həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulub.
Təşkilatın prezidenti Müşfiq Əmiraslanov və imam İnzibati Məcəllənin müvafiq maddələrini pozduqları üçün cərimə ediləcəklər.


Şərhlər