BU SÖZÜ NİYƏ BELƏ YAZIRIQ?

Xeybər GÖYYALLI

Azərbaycan dilinin özəl prinsip və normativlərini bilərəkdən pozaraq uzun illər səhv yazdığımız “aşbaz” (bu günə kimi orfoqrafiya lüğətimizdə aşpaz yazılıb) sözünün yazılışı haqqında xeyli vaxtdır düşünürəm.

Səhv yazdığımıza zərrə qədər şübhəm yoxdur. Ancaq nə vaxtsa bir dilçinin söylədiyi fikir şüur altında oturmuşdur. Bu gün kimliyini tamam unutduğum həmin dilçi alim bu sözü fars mənşəli bir söz kimi qələmə verib və aşpaz formasında yazılmasını mütləq şəkildə diktə edirdi. Ancaq aşbaz sözünün aşpaz şəklində yazılmasını heç cür qəbul edə bilmirdim və indi də qəbul etmirəm. doğma, baz isə fars mənşəli sözdür. Məlumdur ki, milli xörəyimizin adıdır. Buradakı baz sözü isə artıq sözdüzəldici şəkilçi statusundadır.

Əslində, fars dilində baz sözü müstəqil bir söz kimi bir neçə mənada işlənilir. Fars dilində bu söz açıq, şahin (quş), təkrar, bir daha, geriyə, dala mənalarını da ifadə edir. Bu gün dilimizə leksik bir vahid kimi daxil olmuş baz sözü fars dilində həm də müəyyən bir işin düşkünü, sənət və peşənin mükəmməl bilicisi mənalarında işlənilir. Baz sözü fars dilində omonim söz kimi işlənilsə də, dilimizdə yalnız bir mənanı qoruyub saxlamaqla peşə və sənət bildirən sözlərin yaranmasında iştirak etmişdir. Belə ki, aşnabaz, arvadbaz, qumarbaz kimi sözlərdə mənfi, aşbaz, kəndirbaz (canbaz) və s. sözlərdə müsbət çalarda işlənilib. Çox doğru olaraq, fars mənşəli baz sözü dilimizdə şəkilçiləşərək bir cür (baz) yazılmışdır. Məs: atbaz, kəndirbaz (canbaz), quşbaz, qumarbaz, ibarəbaz, yerlibaz və s. Heç bir ciddi səbəb olmadan yalnız aşpaz sözünə istisnalıq verilib. Nədəni və niyəsi heç cür izah olunmayıb. Çox böyük ehtimalla demək olar ki, uzun illər heç bir normativə əməl etmədən bu səhv kortəbii şəkildə davam etdirilmişdir. Fars mənşəli baz sözünün definisiyasından da açıq-aşkar görünür ki, dilimizdə şəkilçiləşmiş bu söz sənət və peşə mənasını özündə ehtiva edir. Bu leksik vahidin qarşılığı (sinonimi) dilimizdə sənət, peşə mənasında sözlər yaradan çı, çi, çu, çü şəkilçisidir.

Haqqında danışdığımız sözün aşpaz kimi yazılmasını israr edən, ancaq kimliyini unutduğum dilçinin fikri dolayısı ilə “Azərbaycan dilinin izahlı lüğəti”ndə təsdiqlənir. Belə ki, sözü doğma, aşpaz sözü isə fars mənşəli söz kimi qeyd olunub. Eyni cür yaranan atbaz sözündə bu səhvə rast gəlmirik. At sözünün doğma (milli), baz leksik vahidinin fars mənşəli olduğu qeyd edilir.

Fars dilindən ana dilimizə şəkilçiləşərək keçən baz sözü fars dilində paz yox, baz kimi yazılır. Azərbaycan dilində digər sözlərə qoşulub sənət və peşə məfhumlu söz yaradan bu leksik vahid aşpaz sözündən başqa digər sözlərin hamısında p yox, b ilə yazılıb. Yuxarıdakı nümunələrdə də bunu əyani şəkildə gördük. Bu məqamda onu da diqqətə çatdırım ki, “Ərəb və fars sözləri lüğəti”ndə (Bakı, ”Yazıçı”, 1985) bu söz bir qədər də fərqli, aşpəz (?) formasında yazılıb.

İndi məntiqi bir sual ortaya çıxır: niyə atbaz, kəndirbaz, quşbaz, qumarbaz və s. yazılır, ancaq aşbaz yazılmır? Atbaz at həvəskarı, kəndirbaz kəndir üstündə oynayan, quşbaz quş həvəskarı, qumarbaz qumar aludəçisi olduğu kimi, aşbaz da aş və xörək bişirəndir. Bu fikrin analogiyasını milli şəkilçimiz olan çı, çi, çu, çü şəkilçisinin vasitəsilə fərqli formada gerçəkləşdirək: atçı, kəndirçi, quşçu, qumarçı, aşçı. Düzdür, dilimizdə bu sözlər işlənilmir. Bu analogiyanı aparmaqla bir daha vurğulayıram ki, fars dilindən keçmiş baz sözü dilimizdə sənət və peşə bildirən söz(lər) yaradan və bir cür yazılan (baz) şəkilçidir.

İndi gələk aşbaz sözünün fonetik tələffüzünə. Qəti və birmənalı şəkildə deyirəm ki, heç kim aşpaz formasında tələffüz etmir və heç kəs də belə deyilişə rast gəlməyib. Soydaşlarımızın hamısı aşbaz deyir və bir çox məqamlarda da elə dedikləri kimi də yazırlar. Paytaxtımızda yerləşən bəzi reklam lövhələrində də doğru olaraq aşbaz yazılıb.

... Yaxşı deyilib ki, həqiqətin bərpası heç vaxt gec deyil...

635x100

Şərhlər

Müəllif 2019-10-29 08:57:33

Ramazan müəllim fikirlərinizə hörmətlə yanaşıram.Sizin fikrinizdən belə çıxır ki, orfoqrafiyamızda hər iki söz ( aşpaz, aşbaz) var. Təəssüf ki, orfoqrafiyamızda aşpaz sözü var.Siz də bir mütəxəssis kimi təsdiqləyirsiniz ki, aşbaz aşsevən deməkdir. Dilimizə fars dilindən keçmiş baz sözü ( artıq şəkilçiləşib) qoşulduğu sözlərdə elə siz dediyiniz mənanı yaradır.Belə olduğu halda, niyə aşbaz yazmayaq? Niyə asan işimizi çətinə salaq? ``````````````

Ramazan SİRACOĞLU 2019-10-29 08:57:33

“Aşpaz” və “aşbaz” sözləri fərqli mənalı kəlimələrdir. Tələffüz baxımından bir-birinə çox yaxın olan belə sözlər paronimlər adlanır: adresat-adresant, diplomat-diplomant, kampaniya-kompaniya, eléktrik- elektrik, bilvasitə-bilabasitə vs. “Aşpaz”- aş bişirən deməkdir. Fars dilində “bişirmək” mənası verən - پختن - pəxtən-puxtən- feilindəndir. Qaydasız feildir, feilin indiki zamanında - پز – pəz- şəklini alır. Əslində “aşpəz” olmalıdır, lakin dilimizin ahəng qanununa tabe etdirilərək “aşpaz” yazmaq məqbul sayılmışdır. “Aşbaz” sözü isə “aşı sevən, xoşlayan” mənasındadır. Fars dilində bir neçə mənası olan “ باختن” -baxtən” feilindən düzəlib. Qaydasız feildir. باز - şəklində işlənərək ( müstəqil isim olan “باز”- baz-sözü ilə qarışdırmaq olmaz ) “uduzmaq, əldən vermək; aludə olmaq, səy göstərmək; çox məşğul olmaq; ” bazi kərdən, bazidən” şəklində isə “oynamaq” mənaları bildirir.

Son yazılar