Türkiyə Xarici İşlər Nazirliyi Fransa Senatının və hökumətinin “Barış bulağı” hərəkatı ilə bağlı qəbul etdiyi qərarı rədd edib.
APA-nın yerli bürosuna Türkiyə XİN-dən verilən açıqlamaya görə, rəsmi Türkiyə Fransanın Suriya torpaqlarında terror dövləti qurma haqqında xəyal qırıqlığına uğraması səbəbindən belə qərar verib: “Fransa Senatı və bu qərarlara dəstək verən Fransa hökuməti atdıqları bu addımlarla, Avropa İttifaqı tərəfindən də terror təşkilatı olaraq tanınan PKK-nın Suriya qolu olan PYD/YPG ilə əlbir olduqlarını bir daha sübut edir. Terrorçuları Elisa Sarayında yüksək səviyyədə qəbul edən bir ölkə senatının bu davranışı bizim üçün təəccüblü deyil”.
Açıqlamada daha sonra bildirilib ki, Türkiyənin İŞİD-ə qarşı olan terror təşkilatı PYD/YPG ilə ortaqlıq qurulmaması üçün müttəfiqlərinə etdiyi xəbərdarlıqları Fransa nəzərə almamaqla, Suriyadakı kürdləri terrorçularla eyni səviyyədə qəbul etmək xətasına yol verib.
Türkiyə XİN-dən bildirlib ki, əvvəlcədən də bəyan edildiyi kimi, “Barış bulağı” hərəkatı beynəlxalq hüququn tələblərinə uyğundur və bu əməliyyatların qanuniliyi ABŞ və Rusiya ilə son müqavilələrdə də öz təsdiqini tapıb: “Tərəfimizdən dəfələrlə verilən izahat və açıqlamalara rəğmən Fransa Senatının reallığa uyğun gəlməyən qərarlar qəbul etməsi Türkiyəyə qarşı qərəzli davranışı və Fransanın Suriya mövzusunda çarəsiz vəziyyətdə qalması ilə izah edilə bilər.
Heç bir ölkə İŞİD-lə mübarizədə Türkiyəyə dərs verə bilməz. Suriya ərazisində İŞİD mənsubu vətəndaşlarının məsuliyyətindən qaçan bir dövlətin İŞİD-lə mübarizədə şəhidlər vermiş və davamlı mübarizə aparan Türkiyəni ittham etməyə heç bir haqqı yoxdur".
Açıqlamada daha sonra bildirlib ki, “Barış bulağı” hərəkatı ilə bağlı qəbul edilən bu qərarın Suriya Konstitusiya Komitəsilə əlaqədar Cenevrə toplantısı ilə eyni tarixdə verilməsi təxribat məqsədi güdür: “Bu qərarın Suriya Konstitusiya Komitəsinin siyasi prosesə yeni bir təkan verdiyi ilk iclası ilə eyni gündə verilməsi ancaq tarixə bir ironiya olaraq keçəcək. Fransa Senatını və hökumətini terrorla mübarizədə terrorçularla deyil, NATO və Avropa müttəfiqi olan Türkiyə ilə həmrəylik göstərməyə bir daha dəvət edirik”.


Şərhlər