Menu

 “Müsavatda avtoritarizm baş alıb gedir" - Partiya məclisində qalmaqal 

27.10.2013, 16:19
 “Müsavatda avtoritarizm baş alıb gedir" - Partiya məclisində qalmaqal 

Müsavat Məclisinin bu günkü toplantısında qalmaqal baş verib. Məclis üzvü Sabir Məmmədli çıxışında deyib ki,  Müsavatın fəaliyyəti tamamilə yeni prinsiplər üzərində qurulmalıdır:

“Avqust ayında Müsavat və AXCP niyə bütün təşəbbüsləri Eldar Namazova vermişdi. Niyə? Biz demişdik ki, Eldar Namazov Heydər Əliyevin papkasını gəzdirən şəxsdir”.

S.Məmmədli ardınca Müsavat rəhbərliyini ittiham edib: “Müsavatda avtoritarizm baş alıb gedir. Təklif edirəm ki, yaxın günlərdə bununla bağlı bir müzakirə təşkil edək”.

Musavat.com-un məlumatına görə, onun bu fikirlərinə etiraz edən Aqil Səmədbəyli ilə S.Məmmədli arasında qısa mübahisə də olub. Məclis sədri partiyanın bütün təşəbbüslərə açıq olduğunu dedi. Məclis sədri S.Məmmədlini də konkret təşəbbüs göstərməyə çağırdı.

Müsavat başqanı İsa Qəmbər isə yekun çıxışı zamanı bəzi məsələlərlə bağlı səslənən fikirlərin araşdırılacağını bildirdi. O, Müsavatda avtoritarizmin olması barədə deyilənləri də cavablandırdı: “Burda deyildi ki, partiyada avtoritarizm mövcuddur. Əgər söhbət avtoritarizmdən gedirsə, onda bu, birbaşa mənə aiddir. Amma bizim qəbul etdiyimiz qərarların çoxu çətinliklərdən keçib”.

İ.Qəmbər onu da dedi ki, ilin sonuna qədər qurultayla bağlı qərarımızı qəbul etməliyik. Həmçinin siyasi məhbuslara diqqət artırılmalıdır.

Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı söz alıb dedi ki, orda-burda bu barədə danışılmaqdansa, elə Məclisdə danışılsa, daha yaxşıdır. “Kim iş görmək istəyirsə, biz heç vaxt ona mane olmuruq. Heç bir düşmənçilik yoxdur, partiyada heç bir barışa ehtiyac da yoxdur”-deyə bildirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol