Almaniyanın Xristian Demokratlar Partiyasının Drezdendən olan deputatı Marko Vandervitç “Aus dem Bundestag” televiziya proqramında aparıcının Azərbaycan haqqında suallarını cavablandırıb.
Avropa Azərbaycan Cəmiyyətindən “Media forum” saytına verilən məlumata görə, deputat Ermənistanın Azərbaycana təcavüzündən danışıb: “Ermənistan Azərbaycanın mübahisəsiz ərazisinin böyük bir qismini işğal edib. Bu məsələ ilə bağlı BMT qətnamələri var, orada da işğalın qeyri-qanuniliyi qeyd olunur. Lakin bu qətnamələr yerinə yetirilmir. Ərazilər hələ də işğal altındadır və çoxlu qaçqın var.
Krım böhranı ilə müqayisə aparmaq olar. Ukraynanın Avropa Birliyi, daha dəqiq desək, Polşa ilə sərhədi olduğu üçün biz bu məsələyə daha ciddi yanaşırıq. Bu mənada münaqişəyə daha yaxınıq. Düşünürəm ki, Ukraynadakı böhranla bağlı Azərbaycandakı problemin həllinə də diqqət etmək yaxşı olar. Hazırkı vəziyyət beynəlxalq hüquqa ziddir və dəyişməlidir”.
Deputat Dağlıq Qarabağ münaqişəsinin həllində ermənilərin qeyri-konstruktiv mövqeyinə toxunarkən belə deyib: “Ermənistan kiçik ölkə deyil, lakin BMT və ATƏT-in qətnamələrinə qarşı gedə biləcək qədər böyük ölkə də deyil. Belə məntiq ortaya çıxır ki, bu regionda öz maraqlarını qoruyan qonşu Rusiya münaqişəyə ciddi dərəcədə cəlb edilib.
Məsləhətdir ki, biz Almaniya Federativ Respublikası və Qərbi Avropa olaraq, Azərbaycanın münaqişəsinin həllinə daha yaxından qoşulaq və deyək: “Bir tərəfdən strateji enerji tərəfdaşlığını istəyirik, digər tərəfdən isə bu münaqişə ilə bağlı öz səsimizi qaldırmaq istəyirik. Sizin istəyiniz mümkünsüz bir şey deyil, beynəlxalq hüquq sizin tərəfinizdədir”.


Şərhlər