Menu

Bakıda yayımlanan telekanal erməni təbliğatı ilə məşğul olur

24.09.2014, 17:58
Bakıda yayımlanan telekanal erməni təbliğatı ilə məşğul olur

Sentyabrın 22-də və 23-də Azərbaycanda “KATV 1” vasitəsilə yayımlanan Rusiyanın “Kinoklub” telekanalında bir film nümayiş etdirilib. “Media forum” saytı xəbər verir ki, bu film ABŞ istehsalıdır, rejissoru Brendon Kinqdir.

Brendon Kinq həm də ssenari müəlliflərindən biridir. Digər müəllif avstraliyalı yazıçı Deni Veylentdir. Baş rollarda Hollivud aktyoru Ben Foster və əslən Mərakeşdən olan Belçika aktrisası Lubna Azabal çəkiliblər. Filmdə xeyli erməni də iştirak edir.

Film orijinalda, yəni ingilis dilində “Bura” (“Here”) adlanır, rus dilinə “Məhəbbət anı” (“Мгновение любви”) kimi tərcümə olunub.

120 dəqiqəlik bu film açıq-aşkar erməni dəst-xətti ilə hazırlanıb, həm aşkar, həm də sətiraltı mənaları ilə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması təbliğatına hesablanıb.

Filmin çəkilişləri Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində aparılıb.

İnternet resurslarında gedən bir məlumata görə, Dağlıq Qarabağda film çəkməyi amerikalı rejissorun beyninə erməni əsilli kanadalı kinorejissor Karine Torosyan salıb.

Filmin nümayişinə 2011-ci ildən başlanıb.

Siyasi konyunktura xidmət etdiyinə görə film bədii cəhətdən zəif, darıxdırıcı, maraqsız alınıb.

Filmdə lap başlanğıcdan kadrarxası səs tamaşaçıya belə bir fikri aşılayır ki, dünyanın müxtəlif xəritələri var və bir xəritə heç də o biri ilə üst-üstə düşmür, bu isə ona dəlalət edir ki, həqiqət nəzəri xarakter daşıyır, fərziyyələrə əsaslanır.

Aktyor Ben Foster filmdə xəritəçəkən Uill Şepard roluna, aktrisa Lubna Azabal isə Amerikada yaşayan erməni miqrant qız – fotoqraf Qadarin Nazaryan roluna çəkilib. Qadarin Nazaryanın Ermənistandakı qardaşı isə təkcə mobil telefon ustası deyil, həm də Qarabağ müharibəsinin iştirakçısıdır. Bu usta ekrana əsgər köynəyində, saqqallı erməni döyüşçüsü görkəmində çıxır.

Xəritəçəkən Uill Şepard San-Fransiskoda yaşayır. Yəqin xəritəçəkənin San-Fransiskodan olması da təsadüf deyil. San-Fransisko ABŞ-da ermənilərin sıx yaşadığı şəhərlərdən biridir.

Uill Şepard Ermənistana yollanır. O, peyk vasitəsilə xəritə işləyib hazırlamalıdır. Şepardın oradan Qarabağa da gedəcəyi Ermənistandakı bir rəsm sərgisində aydınlaşır. Sərgidə söhbətləşən məmur görkəmli ermənilər bunu onun cəsarəti kimi qiymətləndirir və istehza ilə belə izah edirlər ki, “axı azərbaycanlılar Qarabağı mübahisəli ərazi sayır”.

Şepard ermənilərin ona bələdçi kimi qoşduğu fotoqraf qızla birgə Ermənistanın Cermux şəhərinə gəlir, burada Cermux gölündə çılpaq suya girən erməni qız qonağı ehtirasa gətirib yəqin ki, bu səfər üçün vacib olan missiyalarından birini həyata keçirəndən sonra onlar daha yüksək əhvalda Qarabağa yollanırlar.

Filmdə Qarabağ açıq-aşkar ikinci erməni dövləti kimi təqdim olunur, onları bu “dövlət”in “sərhədçiləri” qarşılayır, “sərhəddə” separatçı rejimin bayrağı açıq bir təbliğat məqsədilə nümayiş olunur.

Yoxlama zamanı erməni zabitinin amerikalı xəritəçəkəni Qarabağa buraxmaq istmədəyini görən erməni qız (o, indi tək fotoqraf deyil, həm də sevgilidir) amerikalıdan aldığı Ermənistan dramından rüşvət vermək istəyir, lakin Qarabağın “sərhədçi zabiti”, əlbəttə ki, rüşvəti götürmür...

Filmdə cidd-cəhdlə ermənilər, eləcə də Qarabağ erməniləri sülhsevər, mehriban adamlar kimi təqdim olunurlar: onlar xoşbəxtdilər, çünki “dədə-baba torpaqlarında yaşayırlar”. Ümumi fonda Azərbaycanın işğal altında olan Qarabağ torpağı dünya xəritəsində yeri hələ də boş qalan, adı hələ də göstərilməyən bir məkan kimi təqdim edilir. Şepardı qonaq qəbul edən bir erməni isə amerikalı xəritəçəkənin, onun boslarının sağlığına badə qaldırıb deyir ki, qoy sənin gəlişin uğurlu olsun, dünya xəritəsindəki yeni xətlər düşərli olsun. Amerikalını qonaq edən hər erməninin qaldırdığı badədə ədalətin şərəfinə deyilən sağlıqlarda da məqsəd əslində Qarabağın dövlət kimi tanınmasının “ədalət” olduğuna vurulan işarələrdir.

Filmdə Şepardın missiyası yarımçıq qalır, layihənin reallaşdırılmasında yaranan problemlərlə əlaqədar o, ABŞ-a geri çağırılır.

Filmin sonunda kadrarxası səs deyir ki, dünyada mütəxəssislərin xəritəsini tərtib edə bilmədiyi, hər qlobusda, hər atlasda və hər bir səyahətə çıxan ürəkdə yeri boş qalmış, adsız bir kiçik ərazi var. Film bu sözlərlə başa çatır. Amma yox... Daha bir erməni hiyləgərliyi: filmin təqdimat titrləri yazılıb qurtarandan sonra, yəni sonun da sonunda ekranda Qarabağın peykdən görünüşü verilir. Yəni “hər qlobusda, hər atlasda və hər bir səyahətə çıxan ürəkdə yeri boş qalmış, adsız ərazi” buradır.

Azərbaycanın rəsmi dairələrinin, mədəniyyət, kino sahəsinə aid rəsmi və ictimai qurumlarının bu filmə reaksiya verib-vermədiyi, belə bir filmin nəyə görə Azərbaycanda da nümayiş olunduğu bəlli deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol