"Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir: "Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Bu, bir daha onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, onu müdafiə etmək, onu gücləndirmək böyük siyasi biliklər, böyük cəsarət tələb edir.
Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir.
Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir. Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi. O vaxt, - gənclər təbii ki, bunu bilmirlər, - respublikaları fərqləndirən bir neçə əlamət var idi. Onların arasında keçici “Qırmızı bayraq” var idi. Yəni, “Qırmızı bayraq” ilə o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm kənd təsərrüfatında, həm də bütün digər sahələrdə böyük uğurlar var idi. Bax, Heydər Əliyevin dövründə 13 il ərzində Azərbaycan hər il bu “Qırmızı bayrağı” alırdı. Bu, bir daha onu təsdiq edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda biz ən sonuncu yerlərdə idik. O, Azərbaycanı böyük inkişafa doğru apararaq ən qabaqcıl yerlərə qədər ucaltdı. Əgər sovet dövründə cəmi iki respublika var idi ki, onlar donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi.
Heydər Əliyev təhsil sahəsinə çox böyük diqqət göstərirdi, hər il böyük müşavirələr keçirirdi. Eyni zamanda, Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərmişdi və bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının Moskva, Leninqrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərinə ezam edilmişdir. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı, o cümlədən bu gün ölkəmizin, müstəqil dövlətin uğurlu inkişafını təmin edir. Həmçinin o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər.
Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Bu da Ulu Öndərin uzaqgörənliyini göstərir. Çünki o vaxt azərbaycanlılar sovet ordusunda az təmsil olunurdu. Heydər Əliyev çox istəyirdi ki, Azərbaycan hərbçiləri yetişsin. Sanki bilirdi ki, nə vaxtsa Azərbaycan müstəqil dövlət olacaq və bu kadrlar bizə lazım olacaq.
Bir sözlə, təhsilə, bütün başqa sahələrə göstərilən diqqət, onun fədakar əməyi və Azərbaycan xalqının müdrikliyi imkan verdi ki, Heydər Əliyev Azərbaycanın ən ağır günlərində öz xilaskarlıq missiyasını icra etsin. Əgər 1970-ci illərdə onun gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı, - 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı, - Azərbaycan xalqı ona müraciət etməzdi. Məhz o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində ona inam hissini saxlayırdı.


Şərhlər