Menu

Azərbaycanda əhalinin təbii artımı sürətlə azalır – Ekspert səbəbləri açıqladı

27.11.2019, 11:33
Azərbaycanda əhalinin təbii artımı sürətlə azalır – Ekspert səbəbləri açıqladı

2011-ci ildən sonra Azərbaycanda əhalinin təbii artımında ciddi sayıla biləcək azalma var. Əhalinin artım tempi 2011-ci ildəki 1.4%-dən 2018-ci ildə 0.8%-ə azalıb. Əhalinin hər 1000 nəfərinə doğulanların sayında 2011-2018-ci illərdə 27% azalma olub. Kənd yerləri üzrə hər 1000 nəfər doğulan uşaqlardan 1 yaşadək ölənlərin sayında 2012-2018-ci illərdə 50% artım olub. BMT-nin proqnozlarına görə, Azərbaycanda əhalinin artım tempi önümüzdəki illərdə azalmağa davam edəcək. Bu tendensiya nə ilə bağlıdır?

İqtisadçı ekspert Qubad İbadoğlu “AzPolitika.info”-ya şərhində rəsmi statistik məlumatlara istinad edərək bildirib ki, 2000-ci ildə ölkədə 0-14 yaşlı uşaqların say 2 milyon 545 min 600 nəfər olub. 2019-cu ilin əvvəlinə bu yaş qrupu üzrə uşaqların sayı 306 min 500 nəfər azalaraq, 2 milyon 239 min 100 nəfər təşkil edib. Ekspert qeyd edib ki, eyni dövrdə ümumi nəsilvermə əmsalı da aşağı düşüb: “Belə ki, orta hesabla bir qadın üçün hesablanan bu göstərici 2000-ci ildə 1,99-dan 2018-ci ildə 1,76-ya düşüb. Halbuki, 1999-cu ildə fertillik əmsalı 2,77-yə bərabər idi”.

Bununla yanaşı, Q.İbadoğlu onu da bildirib ki, ev təsərrüfatlarının ölçüsünə görə, cəmi uşaqlı ailələrin sayında 1 uşaqlı ailələr 30,1 faiz, 2 uşaqlı ailələr 40,3 faiz, 3 uşaqlı ailələr 19,9 faiz, 4 və çox uşaqlı ailələr isə 9,7 faiz təşkil edir: “Ölkədə çoxuşaqlı ailələrin sayının azalması daha sürətlə müşahidə olunur. Belə ki, DSK-nın məlumatına istinadən, 2014-cü ildə ölkədə 1222 uşaq ailənin 5-ci və daha sonrakı övladı kimi doğulduğu halda, 2015-ci ildə onların sayı 1108-ə, 2016-cı ildə 1019-a, 2017-ci ildə 946-a, 2018-ci ildə 925-ə qədər enib. Uşaqların və çox uşaqlı ailələrin sayının azalmasının bir sıra səbəbləri mövcud olsa da onlar işərisində ən qabarıq olanlar boşanma hallarının çoxalması, evlilik yaşının yüksəlməsi, ailənin xərclərinin artması, xüsusilə də uşaqlara yönələn məsrəflərin büdcədə çox yer tutmasıdır. Bu isə uşaqlara dövlət qayğısı siyasətinə yenidən baxmaq üçün ciddi əsaslar yaradır. Hesab edirəm ki, indiki halda dövlətin qayğısının aparıcı xəttini uşaq pullarının verilməsinin bərpası təşkil etməlidir”.

“AzPolitika.info”

Şərhlər

Kamran 2019-11-27 15:36:25

Hörmətli İbadoğlu, birdəfəlik deyin ki artımın zəifləməsi pulsuzluqdandır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol