Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan edilib.
28 noyabr 2019-cu il tarixdə Latviyanın paytaxtı Riqa şəhərində İmadəddin Nəsiminin yubileyinə həsr olunmuş ı "650 illik dəyər" adlı tədbir keçirilib.
Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünə məxsus layiqli yer tutan Nəsiminin yaradıcılıq gecəsini Latviya Respublikasının paytaxtı Riqa şəhərində keçirmək bu ölkədə yaşayan hər bir Azərbaycan türkünün həm mənəvi borcu, həm də Prezidentin sərəncamından irəli gələn öhdəliyinin icrasi kimi qiymətləndirilməlidir.
Tədbirdə Nəsiminin yaradıcılığı və o vaxtın məşhur musiqi alətləri nümayiş etdirilib. 4 dildə aparılan tədbirin açılış hissəsi Azərbaycan, Latviya və Rus dillərində olub. Daha sonra Türk dilində də Nəsimiylə bağlı şeirlər səsləndirilib.
Tədbirin ssenaristi Latviya Tibb Universiteti tələbəsi həmyerlimiz Sevinc Məmmədova olub. Aparıcılığı isə S. Məmmədova ilə yanaşı Rasim Məmmədov edib.

Tədbirin təşkilatçılığını isə Riqa Klassik Gimnaziyasının müdiri Roman Aliyev və onun həyat yolaşı, Riqada Azərbaycan dilini uğurla tədris edən Gunay Aliyeva həyata keçirib.
Gunay Aliyeva həmçinin tədbirdə Nəsiminin “Hardasan” qəzəlini M.Çexov adına Riqa Rus Dram teatrının tanınmış aktyoru Yakov Rafalsonla birgə çox duyğulu səsləndiriblər.
Tədbirin yüksək səviyyədə keçirilməsində Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundovun və onun xanımı, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zümrüd Dadaşzadənin də böyük əməyi olub.
Zümrüd xanımın tədbir zamanı Azərbaycanın qədim adət -ənənələrindən danışması, onları video və slayd vasitələri ilə əcnəbi qonaqlara izahlı təqdim etməsi iştirakçılar üçün çox böyük önəm təşkil etmişdir.

Riqa Klassik Gimnaziyasının tələbə və məzunlarının Latviya dilində Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verməsi, eləcə də xalq şairi Qabilin Nəsimiyə həsr olunmuş poemasından parçaları səhnələşdirməsi tədbirə xüsusi rəng qatıb.
Tədbirdə həmçinin Türkiyə Büyükelçiliyinin müşaviri Meliha Gülce Kumrulunu da iştirak edib.
Tədbirin ərsəyə gəlməsində Riqada yaşayan həmyerli tələbələrimizin də rolu çox böyük oldu. Onlar arasında gecəyə Nəsimi obrazıyla iz qoymağı bacaran Samir Əzizov da yer alırdı.




Şərhlər
Salam.Məndə yoldaşiminan iştirak edirdim.Çox gözəl keçdi.Sevinc afərin cox gözəl təşkil eləmişdiz.