Dekabrın 4-də Bratislavada Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşməlidir.
Görüş ərəfəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana iki günlük səfərə gəlib. Bu səfərdən bir qədər öncə o, Ermənistanda olmuşdu. Lavrovun orda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi bəyanatlar Azərbaycanda narazılıqla qarşılanmışdı. O, demişdi ki, «Dağlıq Qarabağ xalqı, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılaşmanın rəsmiləşdirilməsi mümkün deyil».
“AzPolitika.info” xəbər verir ki, keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov azadliq.org-a açıqlamasında S.Lavrovun səfərini olduqca mənfi qiymətləndirdiyini deyib: "Ən azı ona görə ki, o, bir qədər əvvəl Yerevanda Azərbaycanın maraqlarına və ümumiyyətlə, sülh prosesinin məntiqinə zidd bəyanat vermişdi. Mən onun bəyanatına Bakıda düzəliş edəcəyini gözləyirdim. Düzdür, onun sözçüsü Mariya Zaxarova Yerevan səfərindən sonra şefinin bəyanatlarına düzəlişlər edib və bəyan edib ki, Rusiyanın rəsmi mövqeyinə görə, danışıqlar iki ölkə arasında aparılır".
T.Zülfüqarov Rusiyanın münaqişənin həlli ilə bağlı Azərbaycanın maraqlarını əks etdirən bəyanatlar vermədiyini vurğulayır: «Yəni, heç bir fikir səslənməyib ki, işğal edilmiş ərazilərin azad edilməsi başlıca məsələlərdəndir, məcburi köçkünlər evlərinə qayıtması humanitar-siyasi problemdir. Buna bənzər bəyanatlar verilməyib».
Keçmiş nazirin qənaətincə, Rusiya Xarici İşlər naziri, sadəcə, imitasiya xarakteri daşıyan danışıqlar prosesini yeniləmək niyyətindədir və onun Bakıda tərəflərin etimadının dərinləşməsi kimi bəyanatlar verməsi Azərbaycan ictimaiyyətini qane edə bilməz.
T.Zülfüqarovun nazirlərin dekabrın 4-də keçiriləcək görüşündən heç bir gözləntisi yoxdur. O, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın vaxtilə «biz torpaqların azad olunması istiqamətində danışıqlar aparmaq niyyətində deyilik» və ya «Dağlıq Qarabağ Ermənistandır və nöqtə» kimi verdiyi bəyanatlardan rəsmi şəkildə imtina etməməsiylə izah edir. Keçmiş nazir hesab edir ki, bu bəyanatlardan sonra danışıqlarda irəliləyiş gözləmək sadəlövhlük olardı.


Şərhlər
Rusiya zərrə qədər Azərbaycana hörmət etsə erməni Lavrovu buraya göndərməz.Görünür,rusiya bizə o qədər həqarət edir ki,həmin həqarəti Lavrovun timsalında ifadə edir.Torpaq elə məsələdir ki,onunla bağlı güzəştlərə xalq heç vaxt susmur.Hətta küçə-bacanı polislə doldursan belə onu susdurmaq mümkün olmur.Çünki biqeyrət adamlar üçün də yaşamağa yurd yeri lazımdır...
Qarabağın azadlığı müharibəsiz olmayacaq.