Menu

"Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk" -İlham Əliyev

17.12.2019, 17:20
"Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk" -İlham Əliyev

"Mən çox şadam ki, Prezident vəzifəsinə seçilməyinizdən bir neçə ay sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, Sizin bizim ölkəmizə olan diqqətinizin təzahürüdür. Biz də Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk. Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə danışıqlarda Ukrayna-Azərbaycan ikitərəfli əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və çox səmərəli fikir mübadiləsi aparıldı". "Report" xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyənatında deyib.

"Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Prezidentin Azərbaycana rəsmi səfəri bunu təsdiqləyir. Bu gün biz ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımlar haqqında danışdıq. Düzdür, bu il ticarət dövriyyəmiz təqribən 20 faiz artmışdır. Ancaq mütləq rəqəmlər bizi qane edə bilməz və bu gün gələcək əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə olundu", - deyə, dövlət başçısı əlavə edib.

"Təbii ki, humanitar sahədə əməkdaşlığa da yer ayrıldı. Azərbaycanda Ukrayna mədəniyyətinə çox böyük hörmət var, Ukrayna dili tədris edilir".- deyə  Azərbaycan Prezidenti deyib.

Dövlət başçısı bildirib ki, Bakı Slavyan Universitetində Ukrayna Mərkəzi var: "Eyni zamanda, Ukraynanın ali məktəblərində Azərbaycan tarixinə, ədəbiyyatına kifayət qədər böyük yer ayrılır. Təbii ki, humanitar sahədə əməkdaşlıq ümumi əməkdaşlığa da müsbət təsir göstərir.

Əlbəttə ki, biz mətbuata verilən bu açıqlamada müzakirə edilmiş bütün məsələləri sadalaya bilmərik. Çünki çox vaxt aparacaq. Ancaq deyə bilərəm ki, davam etməsinə baxmayaraq, bu səfər bütövlükdə çox uğurlu səfər kimi qiymətləndirilə bilər. Əminəm ki, bu səfər Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifənin açılmasına gətirib çıxaracaq. Biz konkret məsələləri müzakirə edib konkret tapşırıqlar verdik. Ümid edirəm ki, bu tapşırıqlar aidiyyəti qurumlar tərəfindən uğurla icra ediləcəkdir". 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol