“Boris Consonun 55, qadının isə 31 yaşı var. O, Britaniyanın baş naziri, qadın isə bir vaxtlar onun mətbuat xidmətinin rəhbəri, indi isə onun birinci xanımı, daha dəqiq olmaq gərəkirsə, “birinci sevgilisi” olacaq. Boris Conson əldə etdiyi zəfərdən sonra Dauninq stritə geri qayıdanda Kerri Saymonds onun yanında olub və növbəti 5 ildə yaşayacaqları evin qarşısında kameralara gülüb”. Bu barədə “Die Welt” nəşri yazır.
Saymondsun simasında ilk dəfə həmin məşhur ünvanda baş nazirin rəsmi nikahda olmadığı sevgilisi yaşayacaq. Bu, məhz mühafizəkarlar partiyasının üzvü üçün cəsarətli addımdır. Bu qədər fərqli görünən cütlüyün bu yaxınlarda toyu baş tutacaqmı? İndi Britaniya mətbuatını məhz bu sual maraqlandırır. Belə ki, iyul ayında Conson baş nazir seçildikdən sonra Saymonds maksimum ictimaiyyətdən uzaq durmağa çalışıb.
Onların birlikdə Dauninq stritə köçməsi o deməkdir ki, Conson tezliklə ikinci həyat yoldaşı Marina Uiler ilə boşana bilər. Qeyd edək ki, baş nazirin ikinci evliliyindən 4 uşağı var.
Müşahidəçilər Saymondsun Consona böyük təsir göstərdiyini hesab edirlər. Çoxlarının fikrincə, Conson məhz onun sayəsində uğur qazanıb. Səs-küylü bəyanatları ilə tanınan mühafizəkar siyasətçi son vaxtlar ciddi çıxışlar edir. Onun xarici görünüşü də yaxşıya doğru dəyişib. “Daily Express” tabloidi Saymondsu “Borisi formaya salan, polad kimi möhkəm sarışın” adlandırıb.
Belə söz-söhbət də gəzir ki, Saymonds Cennifer Arkuri ilə siyasi qalmaqalı aradan qaldırmaqda Consona kömək edib. Consonun 2008-2016-cı illərdə Londonun meri vəzifəsində amerikalı biznesvumenlə uzun müddət davam edən münasibətləri olub. Bunun sayəsində Cennifer Arkuri bir sıra gəlirli sifarişlərə daxil edilib.
İncəsənət və teatr tarixi üzrə təhsil alan Saymonds sürətlə piar məsləhətçi kimi karyera yüksəlişi edib. “The Independent” qəzetinin həmtəsisçilərindən birinin qızı olan Saymonds 2010-cu ildə hüquqşünas kimi toridə çalışmağa başlayıb. “CNN” telekanalının məlumatına görə, 29 yaşlı Saymonds partiyanın ən gənc mətbuat katibi olub. O, 2012-ci ildə London meri seçkilərində Consonun komandasının üzvü olub.
Çoxları Saymondsu Consona çox yaraşdırır. Onu təbiətin qatı müdafiəçisi hesab edirlər. Onların münasibəti ictimaiyyətə məlum olduqdan sonra Saymonds Mühafizəkarlar Partiyasını tərk etmək məcburiyyətində qalıb. Həmin vaxtdan etibarən Saymonds ətraf mühitin müdafiəsi ilə məşğul olan “Oceana” təşkilatında piar konsultant kimi çalışır. Onun fəaliyyət sahəsi son dəbə uyğundur. Ayrıca, Saymonds qadın hüquqlarını müdafiə edir.
Saymonds Consonun gələcək həyatında hansı rolu oynayacaq? Hələ bəlli deyil. Məsələn, Amerika prezidentinin həyat yoldaşından fərqli olaraq, Britaniyada birinci xanımın konkret tapşırığı yoxdur. Bununla belə, o, artıq məlumat verib ki, görüşlərini koordinasiya etmək üçün vergi ödəyiciləri tərəfindən maliyyələşən ofis işlətməyəcək.(Xarici pressa)


Şərhlər