SEVAN KİLSƏSİNİ QIPCAQLAR TİKİB

İlhami Cəfərsoy

Filologiya elmləri doktoru. 

Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri.

Ermənilərin iddialarına görə Sevan gölünün adı erməni dilindəki sev, yəni qara sözündən törəmişdir. Guya tünd göy rəngdə olduğu üçün onlar gölə Sevan deyiblər.

Əslində isə Sevan və Suvan qədim Qıpçaq nəsilləridir. Onlar qonşularımızın iddia etdikləri kimi Cənubi Qafqaza XI əsrdə gəlməyiblər. Sevan və Suvan çox qədim türk etnosları olub, Ön Asiyada və Misirdə arxaik mədəniyyət yaratmış, sonra Albaniya ilə İberiyanın arasına çəkilmişlər.

Sevanlar qədim yazılı mətnlərdə sevan, sepan, sevaçi adlandırılır (Армения и Рим 1843.s.315). Yəhudi tarixçisi İosif Flavi (I əsr) yazır ki, sebaçilər Kam mənşəli Kuş övladlarıdır (İосиф Флавий. İудейские древности. Ш№-52390.s.26, 27).

Kam mənşəli Kuş övladları e.ö. 33-cü – e.ö. 28-ci əsrlərdə Misirin ən qədim mədəniyyətini yaradanlardır. Köhnə nəsil yevrey alimlərinin gəldiyi nəticəyə görə onların dili Fin və Türk dillərinə qohum olmuşdur (Трачевский 1889.s.44; Хаханов 1897.s.2,4).

Sevanlar və suvanlar Misirdən qovulandan sonra iki qola ayrıldılar. Onların bir hissəsi Makedoniyada Sebaçi şəhərini saldı (Историягереческийлитатуры 1824.s.203), bir hissəsi Albaniya ilə Sunik arasında məskun oldu.

Ön Asiyadan Qafqaza gələn sevanlar gölün ortasındakı adada o zaman üçün alınmaz olan Sevan qalasını inşa etdilər. Sonralar xristianlıq dövründə qaladakı məbədin bünövrəsi üzərində Sevan kilsəsi tikildi.

Musa Xorenli (VII əsr) yazır ki, Sevan gölün içində qaladır (Хоренский 1893.s.293). Qalanın əhalisi İslamiyyətin ilk illərinə qədər xristian idi.

Ərəblər Bizans torpaqlarına daxil olanda onlar yunan keşişlərini ölkədən qovdular. Cübbələrini əyinlərindən çıxartdılar. Sinələrindəki xaçları gölə atdılar. Yenidən əski türk adəti ilə samur dərisindən kürk geyindilər, başlarına qurd dərisindən papaq qoydular (Albaniya tarixi 1993.s.190).

Sevanlar və suvanlar ərəblərə də tabe olmaq istəmirdilər. Kerop Patkanov o zamankı kilsə salnamələrinə istinadən yazır:

- Məhəmməd ibn-Mərvan 720-ci ildə yunanların və ermənillərin üzərinə gedərkən dörd tərəfdən su ilə əhatə olunmuş Sevan qalasını tutdu, qalanın əhalisini qılıncdan keçirdi (Albaniya tarixi 1993.s.190; Шопен 1852.s.296).

Sevan mahalının ölümdən xilas olan ailələri İberiyanın meşələrinə, dağlarına çəkildilər. Bir hissəsi xristian olaraq qaldı. Bir hissəsi isə İslam dinini qəbul etdi. Sevanların müsəlman qanadı nisbətən düzənlik ərazilərə köçdü. Onların saldıqları kəndlər orta əsr mənbələrində Sevənli adlanır.

Sevan nəslinin xristian qanadından Sevanlı I Sarqis (992-1019) və Sevanlı III Stepannos (969-971) adlı yepiskoplar çıxmışdır (Орманян 1913.s.49, 50, 127).

I Dünya müharibəsi ərəfəsində İstanbul arxiyepiskopu olan Malaxiya Ormanyan yazır ki, onlar öz nəsillərinin patriarxları idilər və erməni kilsəsinə tabe deyildilər.

Öncə yazdığımız kimi Sevan və Suvan qıpçaq boylarıdır. V.V.Radlov XIX əsrin sonlarında Sibirə gedərkən onların İli çayı boyundakı qırğızlar arasında yaşadıqlarını görmüşdü (Радлов 1989.s.514).

Çokan Valixanov yazır ki, sevanlar və suvanlar qazaxlar arasında da yaşayırdılar (ЧоканВалиханов 1984.s.274; Коков, Шахмурзаев 1970.s.26).

Suvanların bir qolu Xəzər dənizinin cənub-qərbində yurd salmışdır. İndi onları Zuvand adlandırırlar. Onların dili İran dillərinin təsirinə uğrasa da, indiyədək öz etnik cizgiləri ilə seçilirdilər.

Akademik Marr yazır ki, köçəri Zuvan camaatı Muğanda yaşayır. Onlar öz adət-ənənələri ilə oturaq əhalidən fərqlənilər. Meşələrdə yaşayan oturaq əhali İran dilli, Muğanda yaşayan köçəri əhali Turan dillidir. Oturaq əhali düyü xörəklərini çox sevir, köçəri camaat qoyun əti yeyir. Onlar pələngə türkcə bars deyirlər (Марр 1922.s.22).

Son 70 ildə yazılan ensiklopediyalara inansaq, Sevan erməni, Göyçə türk sözüdür. Sevan gölünün türk mənşəyini sübuta yetirmək üçün istinad olunan mənbələr bəs edir. Göyçə hölünün qədim adı isə Göyçay olmuşdur.

Göyçə mahalı erməni salnamələrində Gökçayk, Kür mahalı Korçayk adlandırılır (ФавстосБузанд 1953.s.122; Шопен 1866.s.501). Gökçayk göyçaylı, göylərdən gələn müqəddəs sulara tapınan etnos deməkdir, -k son qrabar və aşxarabar dillərində çoxluq, etnik mənsubluq anlamı yaradan şəkilçidir (Хоренский 1893.s.270, Kerop Patkanovun izahı; РозалияШор 1931.s.232).

Maraqlıdır ki, ermənilərin Gökçayk, Karaçayk adlandırdıqları mahalları yerli əhali Göksu, Karasu adlandırdı. Övliya Çələbi Naxçıvandan ötərək Təbrizə gedərkən bölgənin əhalisinin gölü və sahilindəki kəndi Göksu adlandırdığını eşitmişdi (ЭвлияЧелеби 1983.s.161).

M.X.Abeğyan yazır ki, XII əsrdə Əlincə qalası yaxınlığında Çayk adlı qəsəbə var idi (Абегян 1975.s.458). Çayk şəhər və kənd adlarının kökündəki çay sözünü kor olan gözlər ilə də görmək mümkündür.

Çünki ermənilər tarixi saxtalaşdırmaqda yunanlarla çinlilər kimi dərin dərrakə sahibi deyillər. Onlar ya sözlərin sonuna -k, -atsi, -vatsi şəkilçilərini artırır, ya da adların ilk hecasındakı saiti yeyirlər. Nəticədə Karaçay nəslinin adı Xraçey, Dirili Qurbaninin kəndinin adı Dri olur.

Yunanlar e.ö. III əsrdə Misiri tutanda Bulaq şəhərinin adını Panapolis, Apsu məbədinin adını Xemmis elədilər. Gəl, bu adların ilkin variantını tap görüm, necə tapırsan?

Gökçay kimi Karaçay da Ön Asiyanın qədim elitar nəsillərindən biridir. Ermənilər onların adını Xraçey, daha sonra Xraçya formasında yazdılar (Хоренский 1893.s.36, 231; Шопен 1852.s.101, 102).

Qıpçaqların Azıx nəslindən olan “erməni” tarixçisi Asoğik yazır ki, Xraçey H`Ayın sonrakı övladlarından olub, e.ö. 700-cü ildə hakimiyyətə gəlmişdir (Асохик 1864.s.245). H`Ay, əslində Ay nəslindən olan karaçaylar Babil ordusu İudeyanı tutanda - e.ö. 720-ci ildə güclənib, Ay tayfa ittifaqına başçılıq edirdilər.

Musa Xorenli yazır: 

- Babil çarı Novoxodonosor İudeyanı tutub, yəhudiləri əsir etdi. Xraçey onların Smbat övladları adlanan bir nəslini pul ilə satın alıb, öz kəndlərində yerləşdirdi (Шопен 1852.s.102).

Smbat Sumbat adının erməni formasıdır. Sumbat övladları yəhudi qanunlarından üz döndərib, xristian oldular və 387-ci ildən sonra tədricən erməniləşdilər. Sumbat nəslinin patriarxlarından biri Səhl ibn-Sumbat idi. O həmin Sumbatdır ki, Babəki ərəblərə satmışdır.

Karaçayların xristian nəsilləri ermənilər və yunanlar arasında əriyib itdilər. Müsəlman nəsilləri isə iki yerə bölünüb, bir hissəsi Şimali Qafqazda, bir hissəsi Cənubi Azərbaycanda yurd saldı.

Sənan Azər 1942-ci ildə Ankarada nəşr olunan “İran türkləri” kitabında yazır ki, qaraçaylar Cənubi Azərbaycanda yaşayan türk tayfalarından biridir (Sanan Azer 1942.s.12). Vaxtilə Cavanşir qəzasında Uluxan Qaraçaylı kəndinin olması (СписокнаселеппыхместАзерб-на 1922.s.34) göstərir ki, qaraçayların bir oymağı Qarabağda yurd salmışdır.

Musa Kaqankatuklu yazır ki, 488-ci ildə keçirilən Albaniya kilsə məclisində Göyçay keşişi iştirak etdi və öz qəbiləsi adından kilsənin qanunnaməsini imzaladı (Albaniya tarixi 1993.s.72). Öz qəbiləsi adından o deməkdir ki, Göyçay yalnız keşişin şəhərinin adı deyil, həm də qəbiləsinin adıdır.

Göyçay qəbiləsi V əsrdə indiki Göyçay rayonunda yox, Göyçə gölü vadisində yaşayırdı. Göyçay nəsilləri yalnız Azərbaycanda deyil, Türkiyədə və Türkmənistanda da yaşayırdılar. Onlar X-XV əsr gürcü mənbələrində bəzən Gökçaylu, bəzən Gökçalu adlandırılırlar. Çar VI Vaxtanqın oğlu Vaxuşti yazır ki, Gökçalu tatar tayfasıdır (Вахушти 1976.s.317).

1721-ci ildə Osmanlı ordusu baş qərargahının tərtib etdiyi “Dəftəri-müfəssəli-Tiflis”də yazılıb ki, Göyçəlü Gürcüstanda yaşayan tərəkəmə türk oymağıdır.

Atabəy Özbəyin (XII əsr) Həmədan valisi Nurəddin Göyçə bəylərindən biri idi. Göyçəlilər Musa bəyin başçılığı altında 1406-cı ildə Teymurilərlə, 1410-cu ildə Cəlairlərlə vuruşmuşdular. Onların bir oymağıda XVI əsrdə Suriyadakı Çuxur obada yaşayırdı (Faruk Sümər 1992.s.185, 249, 336).

Göyçəlilər Səfəvilər dövlətinin qüdrətli çağlarında Şah İsmayılın tərəfində idilər. Onların patriarxlarından biri Göyçə Sultan II İsmayılın lələsi idi.

Azərbaycan dilçilərinin ümumiləşmiş düşüncəsinə görə Sevan erməni, Göyçə Azərbaycan sözüdür. Əslində isə nə Sevanın ermənilərə bir aidiyyatı var, nə Göyçənin.

Ermənilərlə gürcülər mənbələrin astarını üzünə çevirərək Sevənli mahalını Sevank, Qaraçay nəslini Xraçey, Agsu şəhərini Tetraskali adlandırırlar. Almaz dağına Armazi, Kərəm qalasına Qremi deyirlər.

Biz isə dəyərsiz mövzularda dissertasiyalar yazırıq. AMEA-nın üzvü, müxbir üzvü seçilirik. Paşinyanın Sevan kilsəsinə, Zurabişvilinin David Qaraca monastırına iddialarını anlayışla qarşılayırıq.

635x100

Şərhlər

Ali 2019-12-17 21:59:10

Qeyrətli araşdırmaya görə təbrik edirəm

Son yazılar