Menu

Rusiyanın Suriyada son məqsədi nədir? – TƏHLİL

19.12.2019, 20:32
Rusiyanın Suriyada son məqsədi nədir? – TƏHLİL

Rusiya silahlı qüvvələrinin 2015-ci ildə Suriyada başlatdığı əməliyyat əksər şərhçilər üçün sürpriz olub və əvvəldən narahatlıqla qəbul edilib. Rusiya əməliyyatı ilə bağlı ən çox verilən sual budur: Moskvanın Suriyadakı strategiyası və son məqsədi nədir? Xarici və Müdafiə Siyasəti Şurası prezidiumunun sədri Fyodor Lukyanov “IPG” portalında bu suala cavab tapmağa çalışır.

Atılan addımların impulsiv xarakter daşıdığı digər əməliyyatlardan fərqli olaraq Rusiyanın Suriya əməliyyatı süjet baxımından xətti xarakterə malik olub. Suriya böhranının ilk günlərindən etibarən Rusiya diplomatiyası Bəşər Əsəd hökumətinə dəstəyini bildirib və onu hakimiyyətdə saxlamağa çalışıb.

Rusiyanın məqsədi dəyişməyib: rejimi möhkəmlətmək və onun Suriyanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində maksimum əraziyə nəzarətini bərpa etmək.
Rusiya bu yolda müxtəlif vasitələrdən (hərbi, hərbi-siyasi, diplomatik, mədəni-informativ vasitələrdən) ustalıqla istifadə etmək bacarığını nümayiş etdirib.

Astana üçbucağı – Rusiya, Türkiyə və İranın iştirakı ilə Suriyadakı vəziyyətin müzakirə edildiyi format unikallığı ilə təəccübləndirib. Formatın özünəməxsusluğu ilk növbədə onunla əlaqədardır ki, iştirakçı üç ölkənin Suriyada zidd olmasa da, fərqli maraqları var.

İkincisi, tərəflərin bir-birinə etimadı elə də güclü deyil. Məhz bu səbəbdən 2017-ci ilin yanvar ayında danışıqlar başlayanda şərhçilərin çoxu hesab edirdi ki, bu konfiqurasiya uzun müddət davam etməyəcək.

Bu kontekstdə Rusiya-Türkiyə münasibətləri xüsusilə maraq doğurur. Bu münasibətlər tarix boyu kəskin ziddiyyətlərlə dolu olub, Suriya münaqişəsindən öncə tərəflər hətta müharibə həddinə çatıblar. Lakin sağlam düşüncə və birgə əhəmiyyət daşıyan problemləri həll etmək zərurəti üstün gəlib. İndi Türkiyə və Rusiya birlikdə sıx fəaliyyət göstərir.

Regional oyunçulara gəldikdə, hadisələrin gedişatı göstərib ki, yalnız ciddi risklərə hazır olanlar, qəti hərəkətə keçənlər təsir gücü əldə edir. “Başqalarının əli” ilə iştirak etmək cəhdləri daha özünü doğrultmur. Bu səbəbdən Səudiyyə Ərəbistanı ilə müqayisədə Türkiyə, İran və Rusiya daha böyük imkanlara malikdir. Halbuki başlanğıcda Ər-Riyadın “ərəb baharına” təsiri güclü olub, müəyyən qrupulara böyük maliyyə dəstəyi vəziyyəti dəyişmək iqtidarında olub.

Məqalə müəllifi yazır ki, hərbi əməliyyatların davam etdiyi 4 il ərzində Rusiya həqiqətən regionun ən nüfuzlu oyunçusuna çevrilib. Öz-özlüyündə ötən əsrin regional siyasət modeli indiki yüzillikdə də müəyyən müddət davam edib. Güclü xarici patron və ya patronların mövcudluğunu nəzərdə tutan bu model artıq tarixə qarışır. Regionları idarə etmək daha mümkün deyil. Buna Şərqi Asiyadan tutmuş Latın Amerikasınadək dünyanın bir çox bölgəsində, xüsusən Yaxın Şərqdə şahid ola bilərik. Əvəzində bir çox yerdə gərginlik səviyyəsini tənzimləyən və yerli siyasətdəki müxtəlif iştirakçılar arasında ziddiyyətləri yumşalda biləcək tarazlaşdırıcı boşluq var.

Suriya əməliyyatı Rusiyanın daxili siyasətində böyük mövzuya çevrilməyib. Bu arada Suriya heç vaxt informasiya arenasında Ukrayna gərginliyinə çatmayıb, zamanla hər iki tərəfdə kəskin emosiyalara səbəb olmayan rutinə çevrilib.

Mütəxəssislərə gəldikdə, onlar əvvəllər də olduğu kimi başa düşürlər ki, Moskvanın uğurlarına baxmayaraq, Suriya əməliyyatı son dərəcə mürəkkəb və risklidir, bütün səviyyələrdə davamlı əziyyətli iş tələb edir. Problemin həlli isə hələ uzun görünür.(Xpressa.net)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol