Menu

Uçan “marşrutka”... - Qazaxıstanda baş verən aviaqəzanın ilginc detalları məlum olub

28.12.2019, 00:11
Uçan “marşrutka”... - Qazaxıstanda baş verən aviaqəzanın ilginc detalları məlum olub

Dekabrın 27-də Qazaxıstanın Almatı şəhərindən Nur Sultana uçan sərnişin təyyarəsinin qəzaya uğraması səbəbilə ölkədə bir günlük matəm elan edilib.

“AzPolitika.info” xəbər verir ki, Qazaxıstan və Rusiya mətbuatında, ilkin məlumatlara görə 12 nəfərin həlak olduğu, 49 nəfərinsə yaralandığı (onlardan 18-nin vəziyyətinin ağır olduğu bildirilir-red.) qəza ilə bağlı bir çox detallar dərc edilib.

Məlum olub ki, “BEK AİR” şirkətinə məxsus olan “Fokker-100” təyyarəsi sözügedən marşrut üzrəən çox uçuş həyata keçirən hava gəmisidir. Və bu şirkətin təşkil etdiyi reyslər ən ucuz reyslər sayılır. Belə ki, məsələn, eyni istiqamət üzrə uçan “AİR ASTANA”- da qiymətlər “BEK AİR”-in təklif etdiyi qiymətdən(təxminən 80 manat-red.) ən azı iki dəfə bahadır.


Qeyd edək ki, iki şəhər arasındakı hava məsafəsi 950 kilometrdir. Hətta sözügedən marşrut üzrə hərəkət edən və bu yolu 16 saata qət edən sürət qatarına satılan biletlər belə “BEK AİR”-in aviabiletlərindən bahadlır. Qazaxıstanda çoxları bu şirkətin təyyarələrini “aviasiya marşrutkası” adlandırır. Bəzi ekspertlər isə hesab edirlər ki, məhz bu amil aviaşirkətin xidmətinin keyfiyyətinə və təhlükəsizlik səviyyəsinə birbaşa təsir edib.

Təkcə onu qeyd etmək kifayətdir ki, Hollandiya istehsalı olan “Fokker-100” təyyarələri kifayət qədər köhnəliblər. Bu təyyarələr sonuncu dəfə 1997-ci ildə, 22 il əvvəl istehsal olunub. Hazırda bu təyyarələr ümumiyyətlə istehsal olunmur.

Qazaxıstan şirkətinin parkında isə 9 belə təyyarə var ki, onların da ikisi sonuncu dəfə ötən il bir Portuqaliya aviaşirkətindən alınıb. Ümumiyyətlə, “BEK AİR”-in parkı yalnız bu 9 təyyarədən ibarətdir. Bir neçə il əvvəl Rusiyadan “Suxoy Superjet” təyyarələrinin alınması planlaşdırılsa da, sonradan şirkət bu məqsədindən vaz keçmişdi.

Bütün bunlara baxmayaraq, sözügedən qəza “BEK AİR”-in tarixində insan tələfatı ilə yekunlaşan birinci qəzadır. Bundan əvvəl 2016-cı ildə “Fokker-100” təyyarəsinin ön şassisi açılmamışdı. Buna baxmayaraq, 121 sərnişinin olduğu təyyarəni uğurla yerə endirə bilən pilot Dmitri Rodin dövlət mükafatı ilə təltif olunmuşdu.

Aviaşirkətin yerli əhali arasında populyar olduğunu göstərən məqamlardan biri isə odur ki, son faciəli reysdə həlak olanlar arasında ölkənin Daxili İşlər Nazirinin sabiq müavini, Generallar Şurasının sədri Rüstəm Kaydarov və Qazaxıstanın tanınmış jurnalistlərindən biri olan Dana Kruqlova da olub.

Onu da qeyd edək ki, bu aviaqəza Qazaxıstanda son 10 ildə qeydə alınan 3-cü hadisədir. Bundan əvvəl 2012-ci ildə baş verən qəzada 27, 2013-cü ildə qeydə alınan aviaqəzada isə 21 nəfər həlak olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol