Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri, həbsdə olan siyasi məhbus Emil Məmmədovla bağlı məhkəmə qərarını elan edib.
Bu barədə virtualaz.org saytına E.Məmmədovun həyat yoldaşı Sənubər Məmmədova məlumat verib.
S.Məmmədova dedi ki, Emil Məmmədova və təşkilatın üzvü Tofiq Qasımova 1 il şərti cəza verilib. Hüquq müdafiəçisi və Tofiq Qasımov məhkəmə zalından buraxılıblar.
Qeyd edək ki, dünənki prosesdə dövlət ittihamçısı hər iki müttəhimin - Emil Məmmədovun və “Demokratiyaya Yardım” qeyri-hökumət təşkilatının üzvü Tofiq Qasımovun cəzasının azadlıqdan məhrumetmə ilə bağlı olmamasını istəmişdi. O, müttəhimlərin şərti olaraq 2 il müddətinə azadlıqdan məhrum edilməsini, zaldan buraxılmasını və bir yana çıxmamaq haqda iltizam alınmasını təklif etmişdi.
Yada salaq ki, E.Məmmədov bu il mayın 13-də polis tərəfindən saxlanılmışdı. O, hədə-qorxu ilə pul tələb etməkdə (CM-in 182.2.2-ci maddəsi) ittiham olunurdu. Bundan əvvəl isə T.Qasımov həbs edilmişdi. Həmin maddə üzrə onların hər ikisini 10 ilədək azadlıqdan məhrum olunma cəzası gözləyirdi.
Guya E.Məmmədovla T.Qasımovun rayon məmurlarını gözdən salan materialları dərc etməmək üçün onlardan pul istəmələri barədə məmurların ifadələri bu şəxslərin həbsinə səbəb olmuşdu.
Əvvəlcə T.Qasımov E.Məmmədovun əleyhinə ifadə vermiş, sonra bundan imtina etmişdi.
E.Məmmədov özü hesab edir ki, o, Salyanda korrupsiya faktları barədə məlumatları açıqladığına görə yerli hakimiyyətin təqiblərinə məruz qalır və həbsi siyasi motivlidir.


Şərhlər