Menu

Yalnız bir növ alkoqol qəbul edin! - Rusiyalılara bayram tövsiyəsi

01.01.2020, 15:24
Yalnız bir növ alkoqol qəbul edin! - Rusiyalılara bayram tövsiyəsi

Hər il Yeni İl Bayramı günlərində Rusiyada alkoqollu içkilərin həddindən artıq qəbulu, yaxud saxta içkilər səbəbindən minlərlə insan dünyasını dəyişir. Belə ki, rəsmi statistikaya görə, təkcə 2019-cu ilin bayram günlərində - yanvarın 1-dən 12-ə qədər olan dövrdə bütünlükdə Rusiya üzrə 12 min(!) nəfər alkoqol səbəbindən həyatını itirib. Bu rəqəm Rusiya Səhiyyə Nazirliyi və Statistika Komitəsinin hesabatlarında əks olunub. Ölənlərin 78 faizini kişilər, 22 faizini isə qadınlar təşkil edib.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın səhiyyə təşkilatları son günlərdə geniş təbliğat kampaniyası keçirərək, bu yolla bayram günlərində alkoqoldan ölüm hallarının sayını azaltmağa çalışırlar. Məsələn, Moskva Səhiyyə İdarəsinin təmsilçisi, Narkoloji Şöbənin müdiri Dmitri Kubarev mətbuat vasitəsilə əhaliyə müraciət edərək, bayram vaxtı spirtli içki qəbuluna dair bir sıra tövsiyələrini verib.

D.Kubarev ilk növbədə məsləhət görüb ki, bayram günlərində yalnız bir növ alkoqol növündən istifadə edilsin. Belə ki, müxtəlif növ və fərqli tündlük göstəricilərinə malik spirtli içkilərin qəbuluna orqanizm olduqca mənfi reaksiya verə bilər. Və yaxşı olar ki, seçilmiş bir növ içki bütün bayram ərzində, yəni bir neçə gündə dəyişdirilməsin.

Bununla yanaşı həkim bildirib ki, alkoqolu qazlı içkilərlə qarışdırmaq, yaxud eyni vaxtda qəbul etmək olduqca ziyanlıdır. Belə ki, bu zaman pankreatit və kəskin xolesistitin inkişafına zəmin yaradılımış olur. Bu xəstəliklər isə həyat üçün çox təhlükəlidir.

Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryun isə ümimiyyətlə, bayram günlərini gündəlik 250-300 qram ağ çaxırla “yola verməyi” məsləhət görüb.

Qeyd edək ki, rəsmi statistikaya görə, son 7 il ərzində Yeni İl Bayramı günlərində alkoqoldan dünyasını dəyişən rusiyalıların sayı hər il 17 faiz civarında artmaqdadır. Bu günlərdə dünyasını dəyişənlər arasında hətta tanınmış simalar da var. Məsələn, ötən il bayram günlərində məşhur rusiyalı müğənni Kris Kelmi ardıcıl spirtli içki qəbulundan dünyasını dəyişmişdi. Həkimlər onun bir neçə gün davamlı olaraq böyük miqdarda alkoqol qəbul etməsi səbəbindən orqanizminin bu təzyiqə tab gətirmədiyini bildirmişdilər.

İndi Səhiyyə Nazirliyinin bu tövsiyələrinin rusiyalılara nə dərəcədə təsir edəcəyini demək çətindir. Ancaq hər halda bu tövsiyələr təkcə rusiyalılar deyil, elə bizim bir çox həmvətənlərimiz üçün də faydalıdır...

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol