Dağ boyda kişidir, özünü yetim uşaq kimi aparır

Seymur Verdizadə

Bizim kənddə valideyn himayəsindən məhrum olmuş bir neçə uşaq vardı. Valideynlərindən birini itirmiş uşaqların sayı isə daha çox idi. Ölümlü-itimli dünyadır. Həyatın bizə hansı sürprizlər hazırladığını heç kim bilmir…

Yetim uşaqlara dövlət ildə bir dəfə pulsuz paltar verirdi. Rayon mərkəzindən məktəbimizə göndərilən paltarlar təzə olurdu, ayaqqabının işığı adamın gözünü qamaşdırırdı. Onların arasında dəri gödəkçələr, isti paltolar da olurdu. Amma heç kim bu gözəl libasları qəbul etmirdi. Qışda palto yerinə pencək geyinən uşaqlar imkansız ailələrin övladları üçün nəzərdə tutulan hədiyyələri qəbul etməyi özlərinə sığışdırmırdılar. Cırtdan boyda uşaqların dağ boyda qüruru vardı.

On gündür telefonum susmur. Dost-tanışlar, adımı eşidib, üzümü efirlərdə görən adamlar zəng edib, Yeni ildə bayram sovqatının olub-olmayacağını soruşurlar. Mənim başqalarına sovqat göndərməyə imkanım olmasa da, buna gücü çatan xeyli sayda dost-tanışım var. Əvvəlki illərdə bir neçə dəfə bu cür aksiyalara təşkilatçılıq etmişəm. O vaxtdan bəzi adamların dişinin dibində şirə yeri qalıb. Hər dəfə bayram yaxınlaşanda zəng edib, dilləriylə sovqat istəyirlər. Əl tutmaq Əlidən qalıb. Mən ehtiyacı olan insanlara kömək etməyin tərəfdarıyam. Məhdud büdcəmə rəğmən dəfələrlə bu cür aksiyalarda iştirak etmişəm. Problem odur ki, bayram sovqatı uman adamların arasında bığlı-saqqallı kişilər də var. Nağara boyda qarnı olan kişilərin başqalarından yağ, düyü istəməsi insanı dəhşətə gətirir. Halbuki, adam özünə əziyyət verib işləsə, qarnını azca əritsə, evində əti də olar, ərinmiş yağı da…

Ələbaxımlılıq mənfi tendensiyadır, son illər getdikcə artır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsində çalışan bir dostum danışır: “Sosial müavinət istəyən bir ailənin müraciətini araşdırmaq üçün rayon mərkəzindən 42 kilometr uzaqlıqda yerləşən ucqar bir kəndə üz tutdum. Ünvanı tapıb, dəmir darvazanı döydüm. Səsimə səs verən olmadığı üçün açıq qapıdan içəri keçib, ev yiyəsini harayladım. Bu vaxt evin qapısı açıldı və bir-birinin ardınca üç cavan oğlan çölə çıxdı. Ən zəifi Koroğlunun kürəyini yerə vurmağa qadir idi. “Nə istəyirsən?” – deyib, üzümə bozaranda, qorxudan bir addım geri çəkildim. Ünvanlı sosial yardımla bağlı etdikləri müraciəti araşdırmağa gəldiyimi deyəndə, üçü də eyni vaxtda yazıq görkəm alıb, qabağıma qaçdılar. Sifətlərində yaltaq adamlara xas olan dəhşətli ifadə vardı…”

Mən, ehtiyacı olan adamlara ünvanlı sosial yardım verilməsinin əleyhinə deyiləm. Amma mən ünvanlı sosial yardımdan əvvəl dövlətin insanlara iş verməsinin tərəfdarıyam. Yaxşı olar ki, hər kəs öz qazancını yesin. Alın təri ilə qazanılan çörək daha şirin olur… 

(Moderator.az)

635x100

Şərhlər

AQAYEV 2020-01-03 20:42:07

ARDI.Mən Sizin yazılarınızı mütamadi oxuyuram toxunduqunuz mövzular və problemlər bəyəniləndir amma.SƏN ALLAH QINAMA Mən insanlarla işləmişəm vəziyyəti daha yaxşı bilirəm.AMMA X-edirəm incimə.

Ali 2020-01-03 03:11:08

Hörmətli Seymur bəy! Azərbaycan dilinin zəngenleksikonunda indi çox admın unutduğu bir sifət var-"şirmanqı". Bu sözlə başqasına yaltaqlanıb ondan pay, sədəqə uman məxliqların xüsusiyyəti xarakterizə edilir. Bir zamanlar Azərbaycan kişilərinin arasında şirmanqılar az idi. Ən çox yaltaq itlərə şirmanqı deyərdilər. Görünür zamanlar dəyişib. Kişilərin də arasında şirmanqıların faizi artıb.. Çox heyif.

Son yazılar