Menu

İri aviaşirkətlər İran və İraq üzərindən uçuşları dayandırdı

08.01.2020, 16:54
İri aviaşirkətlər İran və İraq üzərindən uçuşları dayandırdı

Dünyanın 10-dan çox iri hava şirkəti İran və İraq üzərində uçuşları müvəqqəti dayandırıb. Buna səbəb İranın İraqdakı ABŞ bazalarını raket atəşinə tutulmasıdır.

Məlumata görə Sinqapur, Çin, Almaniya, Polşa, Fransa, Avstraliya, Tayvan, Malayziya və Rusiyanın hava şirkətləri artıq bu iki ölkə üzərində uçuşları dayandırıblar. ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Dubay da bundan əvvəl İranla İraq üzərində bürün kommersiya uçuşlarını dayandırıblar.

İran yanvarın 8-də general Qasım Süleymaninin dəfnindən əvvəl azı İraqdakı 2 hərbi obyektə 10-dan çox ballistik raket buraxıb. Həmin obyektlərin ABŞ-ın rəhbərlik etdiyi hərbi kolaisiyanın nəzarətində olduğu bildirilir. Qeyd edək ki, İran Süleymaninin ötən həftə Bağdadda ölümündən sonra ABŞ-dan əvəz çıxacağını bəyan eləmişdi.

ABŞ prezidenti Donald Tramp buna cavab olaraq bəyanat verəcəyini bildirib: “İki hərbi bazaya raketlər İran tərəfindən buraxılıb. İtki və dəymiş zərərin həcmi araşdırılır. Hər şey qaydasında gedir. Bu gün biz dünyada ən güclü və yaxşı təchiz edilmiş orduya malikik. Sabah səhər bəyanat verəcəm”, Donald Tramp özünün “Tvitter” səhifəsində yazıb. Qeyd edək ki, Ukraynanın sərnişin təyyarəsi isə yanvarın 8-də Tehranda qəzaya düşüb. Qəza, təyyarə hava limanından qalxdıqdan az sonra baş verib. Təyyarədə olan 176 nəfərin hamısı həlak olub.

Bu barədə İranın kütləvi informasiya vasitələri xəbər verirlər. Ukrayna prezidenti Vladimir Zelenski də təyyarədə olan bütün sərnişin və heyət üzvlərinin həlak olduğunu bildirib və başsağlığı verib.

Ukraynanın xarici işlər naziri Vadim Pristayko ölənlərdən 82-nin İran, 63-nün Kanada, 10-nun İsveç, 4-nün Əfqanıstan, 3-nün Almaniya, 3-nün isə Britaniya vətəndaşları olduqlarını bildirib.

Qalan 11 nəfərsə, 9 heyət üzvü də daxil olmaqla Ukrayna vətəndaşlarıdır.

İlkin olaraq qəzaya səbəb kimi texniki problem göstərilir. İran yol və nəqliyyat nazirliyinin məlumatına görə təyyarə havaya qalxarkən mühərrikin birində yanğın baş verib və bunda sonra təyyarə yerə düşüb.

Ukraynanın Beynəlxalq Hava Şirkəti-nə məxsus təyyarə 4 il əvvəl istismara verilib. Məlumata görə təyyarə yerli vaxtla səhər saat 5:15-radələrində Tehrandan Kiyevin “Borispol” hava limanına uçmalı idi.

ABŞ-ın “Boeing” şirkəti qəzadan xəbərdar olduqlarını və hazırda maksimum informasiya topladıqlarını bəyan edib. “Boeing” 737-800 təyyarələrindən daha çox qısa və orta məsafəli uçuşlarda istifadə edilir. (Azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol