Yanvarın 10-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
MTRŞ-dan daxil olan məlumata görə, iclasda Şura tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixindən 12 dekabr 2019-cu il tarixinədək elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub.
Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim edib: 1.“Real Təhlil İnformasiya Mərkəzi” MMC; 2.“TV-Media Azerbaijan” MMC; 3.“Balans Studiyası” MMC; 4.“İNS ÇM” MMC; 5.“OMD Azerbaijan” MMC.
Üç iddiaçı - “TV-Media Azerbaijan” MMC, “OMD Azerbaijan” MMC və “Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib. Bu səbəbdən Milli Televiziya və Radio Şurasının “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən, Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib.
Daha əvvəl xəbər verdiyimiz kimi, MTRŞ milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul etmişdi.
Əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olmuşdu.
Həmin ərəfədə virtualaz.org və haqqin.az saytlarının redaksiyalarına Azərbaycan elitasından müraciət daxil olmuşdu. Yaradıcı ziyalıların nümayəndələri, məşhur elm adamları, yazıçılar, jurnalistlər, bəstəkarlar, tanınmış ictimai xadimlər Milli Qəhrəmanın adını daşıyan radiostansiyanın taleyindən narahatlıqlarını ifadə etmişdilər.
Milli Qəhrəman Çingiz Mustafayevin ailəsi 102 FM radio tezliyinin satılması ilə bağlı tenderin ləğv edilməsi qərarını alqışlayıb və Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də həmin müraciəti imzalamış bütün ziyalılara təşəkkürünü bildirib.


Şərhlər