Avropanın hələ də ölüm cəzası ləğv edilməyən yeganə ölkəsi olan Belarusda 2020-ci ilin ilk ölüm hökmü çıxarılıb.
“AzPolitika.info” xəbər verir ki, Belarus və Rusiya mətbuatında bu hökmün çıxarılmasına səbəb olan cinayətin bəzi detalları dərc edilib.
Məlum olub ki, barələrində ölüm hökmü çıxarılanlar iki qardaşdır. Onlar qonşuları olan 47 yaşlı qadın müəlliməni amansızlıqla qətlə yetirərək, yandırmaqda ittiham olunurlar. İlya və Stanislav Kostin qardaşları vaxtilə onlara dərs demiş müəlliməni 2019-cu ilin aprelində qətlə yetiriblər. Qətlin səbəbi isə həmin qadının Kostin qardaşlarının bacısını valideynlik hüququndan məhrum etdirməyə çalışması olub. Belə ki, müəllimə onların bacısının fiziki qüsurları olan övladlarına baxmadığına, onları nəzarətsiz qoyduğuna görə müvafiq dövlət orqanlarına müraciət edib. Bu isə əvvəllər məhkum olunmuş 19 və 20 yaşlı qardaşların xoşuna gəlməyib. Onlar gecə səhərə qədər qonşuluqda yaşayan qadına işgəncə veriblər. 140 bıçaq zərbəsi endirdikləri qadını səhərə yaxın yaşadığı evdə yandıran cinayətkarlar bununla da izi itirməyə çalışıblar. Lakin hüquq-mühafizə orqanları cinayətin üstünü qısa müddətdə açıblar.
Sonuncu dəfə Belarusda ölüm hökmü 2019-cu il dekabrın 19-da güllələnmə yolu ilə icra olunub. Daha üç nəfər isə eyni hökmün icrasını gözləyir ki, onlardan da biri 8 aylıq qız uşağını qətlə yetirən canidir.
Qeyd edək ki, Belarusda ölüm hökmü yalnız 18-65 yaş arasında kişilərə tətbiq oluna bilər.
“AzPolitika”


Şərhlər