QUSARLI ÇOBANI RAUF ARİFOĞLUNUN QARŞISINA ÇIXARAN KİMDİR? – “Bütün izlər ona doğru aparır...”

İki namizəd-pilot: biri mənzil başına uçur, o biri taran etmək istəyir...

Bu gün 9 fevral parlament seçkilərinin növbəti, sonuncu və həlledici mərhələsi başladı. Artıq kimlərin namizəd olduğu dəqiqləşib və real rəqabətin kimlər arasında gedəcəyi də, təxminən, məlumdur.

Şübhəsiz ki, bu mərhələdə namizədlərin bir-birinə qarşı açıq təbliğat aparmasına, bir-birini qaralamasına, diskreditasiyaya məruz qoyması hallarına da tez-tez rast gələcəyik.

Təcrübə və müşahidələr göstərir ki, həmişə olduğu kimi, bu dəfə də bir-birinə qarşı qaydasız döyüş üsulları tətbiq edənlər, bir-birinə qurşaqdan aşağı vuranlar da olacaq və əndazəni aşanlar “bu, bir seçki texnologiyasıdır” deyə özlərinə bəraət qazandıracaqlar. Bir sıra hallarda isə belələri “bu cür fəndlər dünyanın bütün ölkələrində seçkilər zamanı müşahidə olunur” deyirlər, ancaq ölkəmizdə müşahidə olunan seçki texnologiyasının analoqu heç də başqa, inkişaf etmiş, mədəni ölkələrdə yoxdur.

Rəqibi şərə-böhtana məruz qoyaraq gözdən salmaq, başına “corab hörmək”, “arxasına vedrə bağlayaraq” hörmətsiz etmək yalnız “seçki görməmişi” olan ölkələrdə müşahidə olunur. Çünki belə ölkələrdə mandat ictimai arzuların, layihələrin həyata keçirilməsi üçün vasitə deyil, məqsədin özüdür. Məqsəd mandat olandan sonra onu əldə etmək üçün hər vasitə (iftira, böhtan, badalaq vurmaq, haqsız rəqabət, hər şey) məqbul sayılır.

İndilikdə bəzi seçki dairələrində namizədlərin tərəfdarları arasında mübarizə sosial meda səhifələrində qızışmaqdadır. Məsələn, bugünlərdə sabiq parlament sədri İsa Qəmbərin namizəd olduğu 19 saylı Nərimanov Seçki Dairəsində onun və gənc idmançı namizədin tərəfdarları arasında “sosial media qovğası” başlayıb. Tərəflər bəzən bir-birinə qarşı etik çərçivəyə sığmayan epitetlər qoşur, aşağılayıcı fikirlər də yazırlar.

Seçkinin ilk mərhələsindən, namizədliklərin irəli sürüldüyü günlərdən qalmaqallı yarışma ilə müşayiət olunan 35 saylı Xətai 3-cü Seçki Dairəsində də artıq “kartların açılması” prosesi başlanıb. Bu dairədə 15-ə yaxın namizəd olsa da, hələlik ortalıqda iki namizədin şəkli görünür, səsi gəlir. Bunlardan biri sabiq deputat İqbal Ağazadə, digəri “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğludur.

Onların arasındakı gərginlik bir ara yumşalsa da, hazırda yenidən yüksələn xətt üzrə gedir. Buna səbəb təkcə namizədlərin tərəfdarlarının sosial şəbəkədə fəal olması və bir-birinə atmacalar atması deyil, daha ciddi səbəblər var.

R.Arifoğlu cəbhəsinin iddiasına görə, 35 saylı Seçki Dairəsində namizədliyini vermis Rauf Çərkəz oğlu Abbasovun (bu şəxsin namizədliyi DSK tərəfindən ləğv edilsə də, MSK tərəfindən DSK-nın müvafiq qərarı ləğv olunub-red.) adının seçki bülletenində olması R.Arifoğlunun seçicilərində çaşqınlıq yaratmaq məqsədi daşıyır və bu, onun əsas rəqibləri tərəfindən düşünülüb.

Eyni ad-soyadlı iki adamın adının bir seçki bülletenində olması faktının seçicilərdə çaşqınlıq yarada biləcəyi barədə iddia, narahatlıq, əlbəttə ki, əsaslıdır. Hər 100 seçicidən 2-si bənzər çaşqınlığa uğrasa (Bu, az qala qaçılmazdır-müəll.), toplamda 200-300 nəfərin bənzər yanılması baş verə və sonda seçki birincisi ola biləcək namizədin seçki ikincisi olması ilə nəticələnə bilər. Göründüyü kimi, belə bir təhlükə var və kifayət qədər realdır.

Burada bir məsələ də var ki, heç kəsə seçkiyə qatılmaq qadağası qoymaq olmaz, o cümlədən Rauf Çərkəz oğlu Abbasova da.

Lakin məsələnin mahiyyəti odur ki, Arifoğlu cəbhəsinin iddiasına görə, həmin şəxs Qusarda yaşayan, siyasətdən uzaq, hətta dağda-daşda çobanlıq edən biridir. Belədirsə, bu, məsələnin rəngini dəyişir. Ruscada buna “podstava” deyirlər. Düzdür, çoban və sağıcıların deputat seçilməsi halları parlament tariximizdə çox olub, amma bu, bədnam sovet dövrünün konyukturasına uyğun baş verirdi. Müstəqillik qazanandan sonra çoban və sağıcılar nəinki parlament üzvü olmadılar, ümumiyyətlə, bu fikirə düşmədilər.

İndi Çərkəz oğlu Raufun bu fikrə düşmüş olması absurddur və bu, adi gözlə də görünür. Adam Qusarda yaşayırsa, namizədliyini öz el-obasından verə bilərdi, yox, orda hansısa eloğlusunun önünə keçmək istəmirsə, Qusara yaxın rayonlardan - Qubadan, Xaçmazdan, Şabran-Siyəzəndən, Xızıdan namizəd olardı. Lakin onun Bakının 11 rayonu içində məhz Xətani, Xətaidə isə məhz 35 saylı Seçki Dairəsini seçməsi ondan xəbər verir ki, adamı tovlayıb, ələ alıb, seçkidə iştiraka razı salıb, təlimatlandırıb, Rauf Arifoğlunun qarşısına çıxarıblar ki, bülletendə onların ad-soyadları yanaşı olsun. Bu şəxs heç seçki kampaniyası da aparmayacaq, buklet-poster də hazırlamayacaq, eləcə adı bülletendə olacaq.

İndi bunun adı nədir? Bu hərəkətin adı zövqə görə müxtəlif cür qoyula bilərsə də, mahiyyəti cığallıqdır, rəqibə süni fəndlərlə qalib gəlmək cəhdidir. Bəs bunu R.Arifoğlunun rəqiblərindən hansı edib?

Tanınmış jurnalistin seçki qərargahının üzvləri yalnız bir rəqibin adını çəkir: İqbal Ağazadə.

“Bütün izlər ona aparır”, - deyirlər.

Gerçəklik budur ki, R.Arifoğlunun 35 saylı dairədən namizəd olması İqbal Ağazadə üçün nə qədər gözlənilməz oldusa, eyni ad-soyadlı rəqibinin qeydə alınması da R.Arifoğlu üçün gözlənilməz olub və indi o, seçicilərinin çaşqınlığa məruz qalmaması üçün əlavə iş aparmalı, seçki bülletenində adının neçənci sırada olması barədə elan verməli olacaq.

Xatrladaq ki, 2005-ci ildə Yasamalda Eldar Namazova qarşı belə bir fənd işlədilib. Onun namizəd olduğu seçki dairəsində daha iki Eldar Namazovun namizədliyi irəli sürülüb. Bir də 2015-ci ildə Şamaxıda deputat Elxan Süleymanovun qarşısına daha bir Elxan Süleymanov çıxarılıb. O vaxtlar bunun hər ikisini iqtidar dairələri ediblər. Bu dəfə isə eyni seçki fəndindən yararlanmaq istəyən tərəf özünü müxalifətçi sayır.

Onu da qeyd edək ki, İqbal Ağazadənin tərəfdarlar qrupu da Rauf Arifoğlunun seçki qərargahına qarşı iddialarla çıxış edir, ancaq tərəflərin daha tutarlı iddia, ittiham və arqumentləri önümüzdəki günlərdə ortaya çıxacaq.

Hələlik, kənar müşahidəçilərin, xüsusilə də bitərəf jurnalistlərin obrazlı qənaətləri belədir: Rauf Arifoğlu da, İqbal Ağazadə də səmaya qalxmış pilot durumundadırlar, biri təyyarəsini avtopilota qoyub süzüb gedir, o biri isə vurulmuş təyyarəsi ilə taran etməyə obyekt axtarır və jurnalist namizədin simasında həmin hədəfi tapıb, özünü ona çırpmaq, özünü də, onu da sıradan çıxarmaq istəyir.

Görək həmkarlarımızın obrazlı qənaətinin yekun şəkli necə olacaq...

"AzPolitika"

635x100

Şərhlər

Kamil Sultanov 2020-01-19 18:59:27

Bunu yazan özü Çoban oğlu çobandır.Qusar çobanlardiyarı diyari olmayıb və olmayacaq.a

Dr.Ağaoğlu 2020-01-18 09:50:51

Vaxtı ilə bunu İlham Rəhimova qarşı da etmişdilər

Son yazılar