Menu

İQBAL MƏMMƏDOVUN BƏDXAHLARI - Qaralama kampaniyası gözlənilən effekti vermir...

24.01.2020, 19:00
İQBAL MƏMMƏDOVUN BƏDXAHLARI - Qaralama kampaniyası gözlənilən effekti vermir...

(R) Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisiylə bağlı ən çox diqqət mərkəzində olan dairələrdən biri də 78 saylı Lerik Seçki Dairəsidir. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yenidən bu dairədən deputat İqbal Məmmədovun namizədliyini irəli sürməsi bəziləri üçün gözlənilməz oldu.

Lakin hakim partiyanın öz seçimini məhz İqbal Məmmədovun üzərində saxlaması təsadüfi deyildi. Bu, bir daha göstərdi ki, mətbuatda və bəzi dairələrdə İ.Məmmədova qarşı aparılan qaralama kampaniyası, onun arxasında duranların gözlədiyi effekti vermədi.

Ancaq İ.Məmmədova qarşı aparılan həmin kampaniya durmaq bilmir və seçki dövründə də bu prosesin davam etdirilməsi cəhdləri müşahidə olunur. Bir sıra mətbu orqanlarda həqiqətə uyğun olmayan “Lerikdə İqbal Məmmədovun əleyhinə imza toplanır”, “Lerikdə İqbal Məmmədovun namizədliyinə etiraz edilir”, ”İqbal Məmmədovun tiribunadan çıxışı səs-küyə səbəb oldu” və sair bu tipli başlıqlarla yayımlanan yazılara, məlumatlara rast gəlinir. Heç bir real fakta söykənməyən bu məlumatlarda guya yerli əhalinin kütləvi şəkildə deputatdan narazı olduğu görüntüsü yaradılmağa çalışılır. Ancaq bu cəhdlər olduqca primitiv və mənasız arqumentlərlə əsaslandırılmağa çalışıldığından, heç bir dəyərə və effektə malik deyil.

Məsələn, arqument çatışmazlığından əziyyət çəkənlər indi də İqbal Məmmədovun bahalı geyimlərdən istifadə etdiyini iddia edərək, öz aləmlərində guya bu yolla onu gözdən salmağa çalışırlar. Və yaxud, onun seçicilərlə görüşlərinin birində çıxış etdiyi zaldakı tribunaya və oradakı görüntülərə görə iradlar tutulur. Ancaq istənilən normal düşüncəli oxucu, vətəndaş gözəl anlayır ki, deputatlığa namizəd hansısa zalda seçicilərilə görüş keçirirsə, həmin zalda normal, müasir şəraitin yaradılması, onun təmiri və s. məsələlər namizədin vəzifəsi, borcu deyil. Yaxud namizəd normal, səliqəli geyinirsə, bu da ona irad tutula bilməz, əksinə, bu, həmin şəxsin özünə və ətrafdakılarına, eləcə də görüşünə getdiyi seçicilərə verdiyi dəyərin, münasibətin göstəricisi sayılmalıdır.

Seçicilərin İqbal Məmmədova münasibətinə gəlincə isə, bunu anlamaq üçün onun kəndlərdə əhali ilə görüşlərinə qatılmaq və real vəziyyəti görmək, dəyərləndirmək lazımdır. Təbii ki, bir şəxs hamı tərəfindən dəstəklənə, qəbul edilə bilməz. Əgər belə olsaydı, ümumiyyətlə seçkiyə, demokratik təsisatlara və s. ehtiyac qalmazdı. Bu baxımdan kimlərsə İ.Məmmədovu deyil, digər namizədləri də dəstəkləyə bilər. Ancaq bunu guya seçicilərin kütləvi şəkildə İ.Məmmədova etiraz etməsi kimi qələmə vermək heç bir məntiqə, reallığa uyğun gəlmir və belə yalan məlumatları yaymaq heç kimə başucalığı gətirmir. Ən azından ona görə ki, bu iddialar üçün heç bir əsas da yoxdur.

Əksinə, sözügedən dairədə İ.Məmmədova olan real münasibəti onun seçicilərlə keçirdiyi çoxsaylı görüşlərdə yaşanan mənzərəni, camaat arasında həmin görüşlərə olan marağı müşahidə etməklə görmək olar. Bu mənzərə isə heç də İ.Məmmədova qarşı qaralama kampaniyası aparanların maraqlarına uyğun deyil. Çünki reallıq hakim partiyanın və dairədəki əhalinin böyük qisminin məhz İ.Məmmədov üzərində seçim etməkdə yanılmadığını göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol