Cəzanın tətbiqi fəlsəfəsi

Şəmsəddin Əliyev

hüquqşünas


Cəza, dövlətin adından yalnız təqsiri sübuta

yetirilən şəxsə tətbiq edilir.

Cəzanın sərtliyi insana məhəbbətin təzahürüdür.

Qədim yunan aforizmi

Cəza, sosial ədalətin bərpası məqsədilə, yalnız məhkəmənin hökmü əsasında dövlətin cinayət hüquqi xarakterli məcburiyyət tədbiri kimi cinayət törətməkdə təqsirli bilinən şəxslərə tətbiq edilir. Bir az da obrazlı ifadə etsəm, cəzanı tətbiq etməklə təqsirkara məhrumiyyətlər yaradılır, onun hüquq və azadlıqlarını məhdudlaşdıran fəlsəfi bir anlama eyham vurulur ki, ətraf üçün baş verə biləcək təkrar cinayətlərin qarşısı alınsın, məhkumların islah olunmasına istiqamətlənən və hamı üçün görk olacaq bir şans yaransın.

Cəzanın tətbiqi fəlsəfəsi özündə cəzanın mahiyyətini, məzmununu və formasını, həm də fünksiyasını xarakterizə edən əlamətlərini, cəzanın məqsədinin qaçılmaz olduğunu, habelə ictimai təhlükəli əməlin dərəcəsinə nə dərəcədə uyğunluğunu əks etdirir. Digər spesifik cəhət ondan ibarətdir ki, cəzanın ümumi xəbərdarlığı həm təqsirkara və onun ətrafına, həm də baş verə biləcək təhlükəli əməllərin qarşısını almağa yönəlir.

İlk növbədə cəzanı xarakterizə edən əlamətlərə diqqət yetirək:

  • -Bu cinayəti törədənlərə, habelə ictimai təhlükəli əməllərin subyektlərinə qarşı dövlətin çevik reaksiyasıdır (sair hüquqpozmalara tətbiq edilmir).
  • -Yalnız Azərbaycan Respublikasının CM-də cəza təhdidi altında qadağan olunmuş və cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu ictimai təhlükəli əməllərə görə tətbiq edilir;
  • -Cinayət hüquq məsuliyyətinin subyekti olan (müəyyən yaş həddinə çatan) anlaqlı fiziki şəxslərə tətbiq edilir;
  • -Əməlin ağırlıq dərəcəsinə uyğun, yalnız məhkəmənin hökmü ilə təqsiri sübuta yetirilənlərə təyin edilir;
  • Daha sonra;
  • -Məhkumluq yaradır;
  • -Cəzanın hüquqpozmalardan fərqli cəhəti təqsirkar üçün əhəmiyyət kəsb edən azadlıqdan məhrum olunmasında, azadlığın və hüquqlarının məhdudlaşdırılmasında ifadə olunur.

Cəzanın özünə xas digər cəhəti məzmunu ilə xarakterizə olunan əlamətlərlə bağlıdır. Yəni, cəzanın cinayət hüquqi məcburiyyət tədbiri kimi dövlətin adından təyin edilməsi zamanı vətəndaşın hüquq və azadlıqları da məhdudlaşır.

Cəzanın formasını xarakterizə edən əlamətlərə isə yalnız CM-nin müvafiq maddələri ilə təqsirli sayılması, onlara qarşı işkəncələrlə müşayət olunan, qeyri insani və amansız rəftarla və yaxud, ləyaqəti alçaldan hərəkətlərlə davranmaq qəbuledilməz hesab edilir.

Sosial ədalətin bərpası cəzanın törədilən cinayətə uygun olması ilə təsdiqini tapır. Əməlin subyektinə qarşı cəzanın və ya cinayət hüququ xarakterli tədbirin tətbiqi ədalətli olmalı, ictimai təhlükəli əməlin dərəcəsinə və xarakterinə, təqsirkarın şəxsiyyətinə və əməlin törədilmə şəraitinə müvafiq olmalıdır. Sosial ədalətin bərpası o deməkdir ki, dəymiş zərərin müxtəlif növləri kompensasiya olunur, zərər ödənilir. Bu əlamət, cəzanın cinayətkarın sosial statusuna uyğun tətbiqini də özündə ehtiva edir. Cəza elə həddə olmalı və təqsirkardan əməlinə görə dövlət elə səviyyədə qisas almalıdır ki, zərərçəkən vətəndaşlar üçün qisas almağa dəhliz açılmasın, ətrafın sezmədiyi daxili iztirablarına məlhəm qoyulsun.

Məhkumun islah olunması: islah etmək məhkumda insana hörmətin, cəmiyyətə, əməyə, ictimai normalara, hüquq və birgəyaşayış qaydalarına və qeyri-etik davrananlara qarşı xüsusi xəbərdarlığın təzahür formasıdır. Cəzanın tətbiqi ilə məhkuma hüquqi və qeyri hüquqi vasitələrlə təsir edilir, məhkum törətdiyi əmələ görə daxili iztiraba məruz qalır, hər gün əməlindən usanmağa, peşmanlığa vadar olunur. İslah olunmanın ilk və deyərdim ki, ən mühüm cəhəti cinayətkarın öz günahını anlamasıdır. Bu baş vermirsə deməli, cəzanın məqsədinə istiqamətlənən bütün prosesual hüquqi hərəkətlər boş yerə sərf edilib.

Cəza həm də, yeni, törədilə biləcək cinayətlərin qarşısını almaq məqsədilə xəbərdarlıq vasitəsidir. Cinayətə meyilli şəxslərə barmaq silkələyib “dur” deməsidir.

Cəzanın bu əlaməti qeyri müəyyən şəxslərin və ətrafın şüuruna, düşüncələrinə təsir edəcək “cinayət varsa, cəza da olmalıdır” hədə və vahiməsi bir alət - vasitə kimi çəkindirmə rolunu oynayır.

Cəza məzmununun xarakterinə görə təqsirkara sosial davranışlarını tənzimləyə və ictimai münasibətlərə uyğun müvazinətini qoruyub saxlaya bilmədiyi üçün ona fiziki, maddi və mənəvi ziyanın yetirilməsi gücünü özündə saxlayır. Bu mənada, cəzanın əsas cəhətlərindən biri onun labüdlüyündən doğan məcburi tətbiqindən ibarətdir. Amma, bəzən davranışın özünü tənzimləmə təcrübəsinə də rast gəlinir. Yəni, şəxs vicdanı və həyası qarşısında əzab çəkərək özünə “cəza” tətbiq edir, hərəkətinə görə sarsılır, peşimanlıq çəkir...

Cəzanın tətbiqi ona görə məcburi və qaçılmazdır ki, əxlaqında və davranışında qüsuru və problemi olan fərd, gələcəkdə digər şəxslərin hüquqlarına, ictimai münasibətlərə zidd davranmasın, sosial-fəlsəfi, əxlaq və etik baxımdan ictimai şüurun qəbul etmədiyi anormal hərəkətlərə bir daha yol verməsin və s...

Tarixən cəzanın törədilən əməlin subyektlərinə qarşı tətbiqinə həmişə “bəraət” qazandırılıb, təqdir olunub. Müasir normativ nəzəriyyələrdə də, cəzanın məqsədi unudulan, əldən çıxan və həmişə axtarışında olduğumuz bəşəri bir dəyərin - ədalətin bərpası kimi xatırlanır. Sosial ədalət, yalnız ədalətli cəzanın tətbiqindən sonra bərpa olunur. Yuxarıda qeyd etdiyim kimi, məhkumun günahını anlayacağı və zərərçəkənlərin də cəzanın mütənasibliyindən məmnunluqlarını ifadə etdikləri təqdirdə sosial ədalət bərpa oluna bilər. Burada zərərçəkənlərin hüquq və azdalıqlarının ədalətli təmini, dəymiş fiziki, maddi və mənəvi ziyanın kompensasiyası prioritet təşkil edir. Neqativ, deviant davranışı olan şəxslərin islah olunması da, cəzanın sonrakı məqsədi kimi qəbul edilir. Cəzanın tətbiqi ilə təqsirkarın, şəxsiyyətin oriyentasiyasında dəyişiklik etmək mümkün olarsa, məhkumda qanunlara, hüquq qaydalarına və ətrafın hüquq və azadlıqlarına hörmət ruhunda davranılması aşılanarsa (ən azı təkrar əməlinə görə cəzanın tətbiqindən ehtiyatlanırsa, həyacan keçirirsə) deməli, cəzanın islah olunmağa təsiri olmuşdur. Sonrakı məqsəd ictimai münasibətlərə zidd törədilən əməllərin qarşısını almağa yönələn “xəbərdarlıq tədbiri” nəzərdə tutulur. Bir növ, məhkuma, onun ətrafına və digər sosial qruplara cəzanın “Vahiməli barmağı” ilə yandırılan qırmızı işıq vasitəsilə “dur” deyilir.

Cəzanın bütün məqsədləri məzmuna görə fərqlənsələr də, təsir vasitəsi kimi qarşılıqlı əlaqədə və şəraitdə fəaliyyət göstərirlər. Qənaətimə görə cəzanın çəkindirmə funksiyası və yaxud, ona hörmətin aşılanması üçün cinayətlərin qəsdən törədilən ağır və xüsusilə ağır növlərinə görə sərtləşdirilməsinə ehtiyac var. Kimin deyəcəyindən asılı olmayaraq cəzanın sərtliyi insana (daha çox qurbanları ovundurmaq üçün) məhəbbətin təzahürüdür. İnsanın sərtliyi isə onun amansızlığından və emprik düşüncəyə malik olmasından irəli gəlir. Bunları eyniləşdirmək olmaz. Cəzanın sərtliyi insanı təkrar bədxahlıqdan saxlamaqla ona hörmət və məhəbbət ifadə edilir...Ağacın bar verməsi və inkişafı üçün yağışa və günəşə nə dərəcədə ehtiyac varsa, cəmiyyətin də təhlükəsizliyinin təmini, hüquq və azadlıqlarının mühafizəsi üçün cəzanın sərtləşdirilməsinə bir o qədər ehtiyac var.

2018-ci il ərzində törədilən müxtəlif növ cinayətlərə görə 12014 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Onun 3497-i(29,1%-i) əvvəllər məhkum olunmuşlar, 663-ü (5,5%-i) çox təəssüf ki, qadınlar, 417-i (3,5%-i) isə yetkinlik yaşına çatmayanlardır. Statistik məlumatdan göründüyü kimi cəzanın məqsədi əvvəllər məhkum olunmuş şəxslərə yetərincə təsir etsəydi 3497 nəfər təkrar cinayət törətməkdə israrlı olmazdı.Məlumat üçün qeyd etmək yerinə düşərdi: Dünyanın heç bir ölkəsinin cəza çəkmə müəssisələrində məhkumların islah olunması mümkün olmamış,həyata keçirilən tərbiyəvi metodlar səmərə verməmişdir, yəqin ki, heç verməyəcək də. Bu mənada cəzanın tərbiyəedici funksiyası özünü doğrultmur. Qənaətimə görə cəzaların qeyri-konkret sanksiyada ifadə olunması, yəni “5 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə” ifadəsi tətbiq ediləcək cəzanın vəziyyətini prosesual baxımdan ağırlaşdırır. Sanksiya yuvarlaq və qəti, ya “5”, ya da “8” il ifadə edilərsə cəzanı tətbiq etməkdə çətinliklər və müdaxilələr də olmaz!

2019-cu ilin 6 ayı ərzində də 6204 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş, onun 1107 nəfərini (13,7%) əvvəllər məhkum olunmuşlar, 441 nəfərini qadınlar (5,5%), 201nəfərini (2,5%) isə YYÇ təşkil edib. Cəzaların sərtləşdirilməsi ilə dinamikada təkrar cinayətlərin sayının azalmasını ehtimal etmək olar. Son günlərdə ölkə mətbuatını zəbt etmiş və xüsusi amansızlığı ilə seçilən ağır cinayətin qurbanına çevrilmiş Nərminin qətlinə görə qatilə hansı cəzanı vermək olar? Əgər ölüm cəzasından ağır bir cəza növü olsaydı yəqin ki, onu elan edərdik. Ölüm cəzası olmadığından ömürlük azadlıqdan məhrum etmə cəzası da bu, tük ürpədici vəhşiliyə adekvat deyil! Dövlət qatilə yaşamaq üçün vəsait sərf etməlidirmi?. Nə etmək? Rəbb kəlamı isə qətlə görə qətli vacib sayır. Qatilin yaşamaq hüququndan məhrum olunması ilə qisasa gedən yol qapanacaq. Məntiq belə deyir. Əslində belə yaramazlar əməlindən usanmazlar və islah olunmağa layiq də deyillər. Belələrinə vəsait sərf etməyə dəyərmi? Belələrinə ölüm cəzasının tətbiqi ilə “Ölüm” mələyi Əzrayılın(ə.s) qatilin yanında olmasını gerçəkləşdirmək olar.

Əvvəlki CM-də cazaların növləri sırasında “azadlığın məhdudlaşdırılması” növü var idi. Sonra, hüquqi islahatların davamı kimi məcəllədən çıxarıldı. Elə bir vəziyyət yarandı ki, dövlət qulluğuna gələn hüquqşünas namizədlərə cəzanın növləri ilə bağlı sual verildikdə, bu cəza növünü də sadalayır, məcəllədən çıxarılmasından xəbərləri olmurdu. Məcəlləyə yenidən bu cəza növünün salınması (və yaxud çıxarılması) hansı zərurətdən yaranması bəlli deyil və “azadlığın məhdudlaşdırılması”nın tətbiqi proseduru barədə ictimaiyyətə qanunun yaradıcı ekspertləri tərəfindən heç bir məlumat və şərh verilməmişdir.

XXI əsrin astanasında vətəndaşların məlumat almaq imkanı daha genişdir, başqasının hüquq və azadlıqlarına, qüvvədə olan qanunların tələblərinə hörmət etmək üçün təkmil, əhatəli normativ baza vardır. Belə olan halda cəmiyyətin azad inkişafına mane olan deviant davranışların subyektlərinə qarşı “başqalarına dərs olsun”- deyə sərt davranmaq lazım gəlir.

Son illərdə bir sıra ölkələrdə cəzanın sərtləşməsi tendensiyasına artıq rast gəlinir, daha çox vətəndaşların həyat və sağlamlıqlarına yönələn qəsdlərə görə azadlıqdan məhrum etmənin müddəti artır, ömürlük həbs cəzası tətbiq edilir. Bu onunla sərtlənir ki, əvvəllər, sovet dönəmində dövlətin marağına daha çox önəm verilirdisə, müasir cəmiyyətimizdə insan kapitalı, vətəndaşların həyat və sağlamlıqları, dövlətin ali məqsədi kimi qabarılan insan və vətəndaş hüquq və azadlıqlarının təmini, habelə onların rifah halının yaxşılaşdırılması əsas götürüldüyündən cəzanın sərtləşdirilməsi vacib məsələdir.

Azərbaycan Respublikasının Mili Məclisində müstəsna cəza növünün tətbiqinə artıq təkliflər səslənməyə başlayıb.

Cəza fəlsəfi mənada sanksiyadır, qanunun və qaydanın pozulması halları zamanı tətbiq edilir, müəyyən imkanların məhdudlaşdırılması və təqsirkarın sosial statusunu “aşağılamaq” məqsədini daşıyır. Cəza həmçinin əxlaqi, fəlsəfi və hüquqi kateqoriyadır. Yetər ki, təqsirkar əməlinə görə “qazandıqlarının bəhrəsini” anlasın. Bu çox vacibdir və təqsirkarı sağlam fərd kimi cəmiyyətə inteqrasiyasına sövq edir.

Qədim filosofların da cəza haqqında üç əsas ideyaları diqqət çəkmişdir:

1)Cəza cinayətlərin xəbərdarlığına(profilaktikasına)istiqamətlənməlidir;

2)Cəza lazımi həddə ətraf üçün tərbiyə etmək təsirini bağışlamalıdır;

3)Cəza ədalətli və əməlin təhlükəlilik dərəcəsinə adekvat olmalıdır.

Qədim Yunan mütəfəkkürlərinə görə cəza şəxsin iztirab çəkməsi üçün tətbiq edilən ədalətli prosesual tədbir vasitəsidir, “onu çəkən şəxs üçün xeyirlidir”, o törətdiyi əmələ müvafiq, ən azı mənəvi cəhətdən islah olunmağa məcbur edilir. Yunan və Roma mütəfəkkirlərinin təbirincə,“Qanun bütün və hər bir təsəvvürlərdən üstündür, onu pozmaq isə sözsüz ki, şər olduğuna görə tətbiq edilən cəza daha xeyirlidir. Xətaya görə tənbeh,günaha ğörə cəza vacibdir. Əks təqdirdə qanunun pozulması faktlarını mübahisələndirmək olmazdı.

Bunun əksi olaraq qədim Yunan dövlətində belə bir antitezis aforizmə xas tərzdə meydana gəlmişdi: “Cinayətkar iradəcə zəif olduğuna, hakimlərin kompetensiyası şübhə doğurduğuna və müqəddəs olmadığına görə cəzanın tətbiqi zamanı sosial ədalətin bərpası həmişə mümkün olmur. Yəni, təqsirkar maddi və mənəvi cəhətdən çətin durumda olduğu üçün cinayət törətməyə “məcbur” olub. Əməlin məcburiliyi və hakimin cəza tətbiq etməkdə çətinlik çəkməsi və yaxud, “səlahiyyətli” olmaması diqqətə çatdırılırdı. Burada “məcburi cinayət törətmə” qanuniləşdirilir, eyni zamanda onun zəif iradəyə malik olmasına da haqq qazandırılırdı.”

Rəvayət edilir ki, qədim Romada qatilə hökm oxunan zaman müdafiəçi söz istəyir: “Zati Aliləri! İttiham etdiyiniz qatilin əməlinin qurbanı yaxın dəqiqələrdə zala daxil olacaq, ehtimallara söykənən sübutlar əhəmiyyətini itirəcək və qatil bəraət qazanacaq. Səbr edin.” Hamının baxışları qapıya dikilir. Vəkil yalanı o dərəcədə məharətlə səsləndirmişdi ki, qətlə yetirilənin möcüzə olaraq zala daxil olmasına hamı inanmışdı.

Məhkəməyə sədrlik edən isə qatili baxışları ilə izləyirdi. Qatil öz dünyasında, bam-başqa bir mühitdə idi, barmaqları ilə oynayır, qapıya əsla baxmırdı. Hakim düşünürdü: “Qatil əməlinin qurbanının dirilməyəcəyinə əmindir”... Bir neçə dəqiqədən sonra hakim hökmü elan etmək üçün ayağa qalxır. Üzünü vəkilə tutur: “Sizin dedikləriniz yalnız güman edildiyindən həqiqət sayıla bilməz. Söylədiklərinizə qatil heç əhəmiyyət də vermədi. Ona gün kimi aydındır ki, əməlinin qurbanı heç vaxt dirilməyəcək, onun qapıdan girəcəyini gözləmir və qapıya tərəf də əsla baxmırdı.Vəsatətiniz bizə nihilist ovqat bəxş etdi, elan edilən ittihamlar isə əsaslıdır... Qatil müstəsna cəzaya-edama məhkumdur!”

Çox təəssüf ki, belə hallar həmişə olub, yəqin ki, olacaq. Amma nə yaxşı ki, təcrübəli və peşəkar hakimlər də var...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar