46 saylı Şirvan Seçki Dairəsindən namizəd olan Zabit Əlizamin oğlu Gülüş ən aktiv və effektli seçki kampaniyası keçirən namizədlərdən biridir.

Z.Gülüş keçirdiyi kampaniya çərçivəsində ilk olaraq, bu kampaniyada onu dəstəkləyən çoxsaylı könüllülərlə birlikdə əvvəlcə ulu öndər Heydər Əliyevin Şirvan şəhərindəki heykəlini ziyarət edib, önünə əklil qoyub.

Sonra namizəd təbliğat və təşviqat kampaniyası çərçivəsində “Şirvan şəhər Mədəniyyət evi”ndə seçicilərlə görüş keçirib. O, çoxsaylı seçicilərin toplaşdığı zala dahi Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürasının sədaları altında və könüllülərin müşayiətilə daxil olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra görüşdə iştirak edən ziyalılar, Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun oğlu Ağazər Şükürov, Əlifaiz Əliyev, Nəbi Quliyev, daha əvvəl namizdəliyini irəli sürsə də, sonradan geri götürən şəhər sakini Həsən Həsənov və digərləri söz alaraq çıxış ediblər.

Deputatlığa namizəd Zabit Gülüş isə öz çıxışında ölkə rəhbərliyinin həyata keçirtdiyi böyük islahatlardan, aparılan yenidənqurma işlərindən və xüsusilə son zamanlar gənc kadrlara göstərilən etimaddan danışıb.

Həmçinin, Şirvanda böyüyüb boya-başa çatan biri kimi şəhər üçün aktual məsələlərin və əhalinin qayğılarının ona tanış olduğunu bildirib. Öz seçki platformasında nəzərdə tutulan layihələrdən də söz açan namizəd eyni zamanda mədəniyyət evinə toplaşan sakinlərlə səmimi söhbət qurub.

İzdihamla keçən görüşdə vətəndaşlar müxtəlif suallar və arzularını da səsləndiriblər. Seçicilər fevralın 9-da seçki məntəqələrinə gedərək, Zabit Gülüşə səs verəcəklərini bəyan ediblər.