Hazırkı seçki kampaniyasının ən qalmaqallı və maraqla izlənilən dairələrindən biri olan 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən deputatlığa müstəqil namizəd, tanınmış ziyalı, təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyevin Qaraçuxur qəsəbəsindəki Qurban Abbasov adına Mədəniyyət sarayında seçicilərlə möhtəşəm görüşü baş tutub.

Görüşdə Etibar Əliyev öz seçki platforması haqda məlumat verib, növbədənkənar seçkinin hansı zərurətdən irəli gəldiyi, əhəmiyyəti və deputat seçiləcəyi təqdirdə görəcəyi işlər, planları barədə danışıb. Görüşə qəsəbədə yaşayan çoxsaylı seçicilər qatılıb. 

Namizədin çıxışından sonra seçicilər Etibar Əliyevə qəsəbənin problemləri haqda danışıblar və Milli Məclisdə onları təmsil edəcək deputatın hansı xüsusiyyətlərə malik olmasını istədiklərini izah ediblər. Sonda görüşdə iştirak edən seçicilər Etibar Əliyevi dəstəklədiklərini bildiriblər.

Xatırladaq ki, 31 saylı Suraxanı ikinci Seçki Dairəsi ən çox qalmaqal yaşanan dairələrdən biridir.  Sonuncu dəfə mətbuatda və sosial şəbəkələrdə bu dairənin deputatı olmuş və hazırda da seçkiyə qatılan Fərəc Quliyevin namizədlərdən birinə rüşvət təklif etdiyinə dair yayılan səs yazısı böyük qalmaqala səbəb olub.