Menu

Sabir Rüstəmxanlı seyidlərlə görüşdü, Türk şəhidliyini ziyarət etdi - FOTO

06.02.2020, 12:13
Sabir Rüstəmxanlı seyidlərlə görüşdü, Türk şəhidliyini ziyarət etdi - FOTO

61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı təbliğat-təşviqat prosesi çərçivəsində bu gün Neftçala rayon Seyidlər kəndində seçicilərlə görüş keçirib.

Digər görüşlər kimi Seyidlər kəndində də S.Rüstəmxanlı əhali tərəfindən sevgi, rəğbətlə qarşılanıb. Namizədin vəkili Tarverdi Hüseynov görüşdə çıxış edərək Sabir Rüstəmxanlı haqqında danışıb, onun yaxın tariximizdəki yeri və rolundan bəhs edib:

“Sabir Rüstəmxanlı bu ölkənin istiqlalını qazanmış kişilərdəndir. O, Azərbaycanın hər evində, hər kəs tərəfindən sevilən bir şair, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının haqqı, hüququ uğrunda mübarizə aparan bir şəxsiyyətdir. Sabir Rüstəmxanlının Neftçaladan millət vəkili olması neftçalalılar üçün şansdır. Sevinirəm ki, bizim camaat bunun fərqindədir. Bunu keçirilən görüşlərdə insanların münasibəti də göstərir. İnanıram ki, 9 fevralda da bu münasibət seçkinin nəticəsində də öz əksini tapacaq”.

Daha sonra əməkdar jurnalist Tofiq Hüseyn çıxış edərək Sabir Rüstəmxanlının tarix, ədəbiyyat və jurnalistikamızdakı əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, Sabir bəy parlamentin tribunasından həmişə xalqın problemlərini qaldırıb və bu, ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilib:

“Bir dəfə Bakıda taksidə gedirdim. Birdən sürücü radionun səsini qaldırdı. Hansısa verilişdə Sabir Rüstəmxanlı danışırdı. Soruşdum, ay qardaş, nə oldu, məndən icazə almadan radionun səsini bu qədər çoxaltdın. Dedi, sənin yerində nazir də otursaydı, mən onun xoşu gəlsə də, gəlməsə də, mən bu kişiyə qulaq asmalıyam, çünki o həmişə düz danışır, xalqın problemlərindən danışır”.

Görüşdə Sabir Rüstəmxanlı da çıxış edərək, Neftçalalılara isti münasibətə görə təşəkkür edib:

“Mən Neftçalanın hər yerində, hər bir neftçalalıdan sevgi gördüm. Buna görə sizlərə təşəkkür edirəm. Mənimçün Neftçala yad yer deyildi, amma bu neçə gündə keçirdiyim görüşlərdə, söhbətlərdə bu rayonun insanlarını tanıdım, bu rayonun problemlərini daha yaxından öyrəndim. Sizin etimadınız olacaqsa millət vəkili kimi də sizin yanınızda olacağıma və sizinlə birgə rayonun problemlərini həll etməyə çalışacağıma əmin olun”.

Görüşdə kənd sakinləri ilə Sabir Rüstəmxanlı səmimi söhbət edib, seçicilərin problemlərini dinləyib.

Görüşdən sonra Sabir Rüstəmxanlı və onun vəkilləri Seyidlər kənd qəbirstanlığında olan Türk şəhidliyini ziyarət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol