106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən müstəqil namizəd, tanınmış ictmai fəal Vüsalə Dadaşova Tovuz rayonunda veteranlarla görüşüb. 

Namizədin seçki qərargahından verilən məlumata görə, görüş "Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Tovuz rayon şöbəsində baş tutub. Toplantını Birliyin sədri Etibar Vəliyev açıb, daha sonra namizəd veteranlar qarşısında çıxış edib.

Görüşə gəldiklərinə görə döyüşçülərə minnətdarlığını bildirən V.Dadaşova, bundan böyük qürur hissi keçirdiyini söyləyib. Daha sonra namizəd seçki platforması barədə görüş iştirakçılarına ətraflı məlumat verib: "Məkrli qonşularımızın zorən Azərbaycan torpaqlarına göz dikməsi, bütün üsullarla bizim əzəli torpaqlarımızda yaranmış Ermənistan adlı dövlətin ərazisini genişləndirmək istəklərinin dərin tarixi olması hər birimizə aydındır. SSRİ-nin dağılma ərəfəsində onlar belə hesab etdilər ki, bu istəklərinin reallaşması üçün əlverişli məqam yetişib. Yıxılan dövlətin rəhbərliyindəki havadarları, dünyanın aparıcı dövlətlərində güclü təsirə malik diasporalarının lobbiçilik imkanları, üstəgəl Azərbaycanda hakimiyyətdə olan o zamanki zümrənin qətiyyətsizliyi və səriştəsizliyi onlarda bu xülyalarının gerçəkləşəcəyinə inam yaradıb, açıq təcavüzə başlamalarını şərtləndirib".

Namizəd qeyd edib ki, ölkəmizin o ağır vəziyyətində - daxili hərcmərclik, hakimiyyət uğrunda mübarizə şəraitində əlinə silah alıb, çox vaxt da silahsız düşmən qarşısına çıxan hər bir insan sözün əsl mənasında Qəhrəmandır: “Biz hamımız buna görə Sizlərin qarşınızda baş əyirik. Sizin qəhrəmanlığınız, verdiyiniz itkilər, yaralar, şəhid qanlarına görə biz bu gün öz rayonumuzda, ölkəmizdə, torpaqlarımızda rahat yaşaya bilirik”.

V.Dadaşovanın sözlərinə görə, bu qəhrəmanlıq səlnaməsinin xalqımızın tarixində xüsusi yeri olmalıdır. Namizəd xatırladıb ki, hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "Veteranlar haqqında" Qanun qəbul edilib. Bu Qanunda veteranlara qayğı məsələləri, müxtəlif sosial imtiyazların verilməsi nəzərdə tutulub: "Bununla yanaşı, hesab edirəm ki, illər keçir, veteranlar yaşlanır və buna görə onlara yönələn qayğının kəmiyyəti və keyfiyyəti artırılmalıdır. O cümlədən, qanunda İkinci Dünya müharibəsi veteranlarına aid imtiyazların müstəqil ölkəmiz uğrunda vuruşanlara da şamil edilməsi məsələsinə baxılması zəruridir".

Vüsalı Dadaşova daha sonra Qarabağ probleminin həlli ilə bağlı fikirlərini bölüşüb: “İstərdim ki, bu müharibə sülh yolu ilə həllini tapsın. Bunun üçün mümkün nə varsa, hamısından istifadə etmək lazımdır. Diplomatiya, siyasət, informasiya sahəsində kompleks tədbirlər davam etdirilməlidir, iqtisadi qüdrətimiz artırılmalıdır. Ancaq ən əsası, biz özümüzün hərbi potensialımızı dayanmadan gücləndirməliyik. Dediyim istiqamətdə, hamınız yaxşı bilirsiniz ki, ölkəmizin rəhbərliyi gərgin və ciddi fəaliyyət həyata keçirir, uğurlarımız da əldə olunub. Hamıya bəllidir ki, bu münaqişə iki tərəfin münaqişəsi yox, beynəlxalq müstəvidə həlli axtarılan məsələdir. Onunla BMT, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa məşğul olurlar. Düzdür, onlar elə "məşğul" olurlar ki, hələ heç nə yerindən tərpənmir. Adlarını çəkdiyim dövlətlər daha çox bu münaqişədən istifadə edib, bizim regionda öz maraqlarını təmin etmək niyyətlərini güdürlər. Belə şəraitdə məhz ardıcıl, düşünülmüş, mətin mövqe sayəsində biz istəklərimizə nail ola, torpaqlarımızı düşməndən azad edə bilərik. Başqa yol yoxdur!”, - deyə, namizəd vurğulayıb.

V.Dadaşova qeyd edib ki, müttəfiqlərimizi düzgün seçməli və onların sayını artırmalıyıq: "Müasir dünya, fövqəldövlətlər istər siyasi, istər iqtisadi məsələlərdə beynəlxalq hüququ tapdalayır, ayaq altına atır. Deməli, bu məsələdə beynəlxalq hüquq tam bizim tərəfimizdə olmasına baxmayaraq, biz başqa, real yollar axtarıb, tapmalıyıq. Bu, istedad, məharət tələb edən çox ağır bir yoldur, ancaq hər bir işin müsbət nəticəsi gərgin iş, seçim əsasında mümkündür. Düzgün seçim - əxlaqın, mərdliyin, kişiliyin nəticəsidir. O cümlədən, seçkili orqanlara!..."

Daha sonra görüşdə Vüsalə Dadaşova veteranları maraqlandıran çoxsaylı sualları cavablandırıb. Onların nümayəndələri çıxış edərək 9 fevralda keçiriləcək növbədənkənar seçkilərdə Vüsalə Dadaşovanın namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Sonda veteranlarla xatirə şəkilləri çəkilib.


Vüsalə Dadaşova seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi çərçivəsində medianın suallarını cavablandırıb. Onun müsahibəsini oxuculara təqdim edirik:

- Siyasət, siyasi fəaliyyət mürəkkəb peşə olduğundan hesab edilir ki, bu meydana birdən atılmaq ya naşılıqdan, ya da fürsətçillikdən doğur. Necə baxırsız belə yanaşmalara?

- Yəni demək istəyirsiniz ki, mən və mənim kimi siyasi çəkisi olmayan insanlar, ilk növbədə qadınlar mətbəx işləri ilə məşğul olmaq əvəzinə niyə seçkilərə gedirlər?

- Mən sual verdim, arxasında duranı Siz dəyərləndirin...

- Sualınızın arxasında duranı sezib dedim bunu... Yaxşı, ta qədimlərə baş vurmağa ehtiyac görmürəm, siyasətin mahiyyətinə də. Üstəlik, hələ tələbə ikən mühazirələrin birində müəllimimizin dediyi kimi, siyasət məfhumunun onlarla tərifi var. Bu isə ona dəlalət edir ki, siyasət həqiqətən olduqca mürəkkəb aləmdir və onun öz tələbləri və oyun qaydaları var. Lakin bu o deməkdirmi ki, “təsadüfi” insanlar dövlətlərin, cəmiyyətlərin taleyini müəyyən edən bu fenomendən - siyasi proseslərdən təcrid olmalıdırlar? Bu, əsla belə deyil. İradəsi, quruculuq potensialı olan, təhsili və həyat təcrübəsi bilgiləri əsasında ictimai hadisələrə qiymət verə bilən, onların mənbə və nəticələrini görmək qabiliyyəti olan, biganə və laqeyd olmayan hər bir vətəndaşın siyasi aləmdə olması mütləq borcudur. O cümlədən, onların seçkili orqanlarda təmsil olunma cəhdləri anlayışla qarşılanmalıdır. Əlavə etməyə dəyərmi ki, bu həm də hər bir vətəndaşımızın Kostitusiyamızda təsbit edilmiş əsas hüquqlarından biridir?

- İndi deyirsiniz, hamımız siyasətə gələk?

- Gələk? Mən belə demədim. Sadəcə siyasətdə, siyasi proseslərdə iştirak üçün lazım olan bəzi meyarları saydım. Özümdə bu keyfiyyətləri görürəm. Bir az nəzəri dildə desək, siyasət cəmiyyət və insanın mahiyyətinin məhsuludur. Qədim dövrün elmi dili ilə danışsaq, o zaman bu qəbildən olan məhsullara geniş şəkildə götürsək, metafizika deyirdilər. Yəni fizikadan, təbiəti öyrənən elmlərdən sonra gələn cəmiyyət və insan problemlərini ehtiva edən biliklər sistemi. Mən isə öz təhsilimə görə fizikəm, yəni elə ən fundamental elmin nümayəndəsiyəm ki, fəlsəfə də, hüquq da, siyasət də elmlər iyerarxiyasında, sırasında ondan sonra dururlar.

- Belə qərar verməyinizin səbəbi nədir?

- Mən bütün məsuliyyətimi dərk edərək, şüurlu surətdə Milli Məclisə seçkilərdə iştirak etmək qənaətinə gəlmişəm. Belə qərar verməyimə səbəblərdən biri də ətrafımda olduqca hazırlıqlı, cəmiyyətimizin bütün kəsim və təbəqələrindən olan insanların, belə desək, komandamın olmasıdır. Bu komanda nəzəri cəhətdən və təcrübə baxımından yetkin insanlardan - iqtisadçılar, hüquqşünaslar, mühəndislər, həkim və müəllimlərdən ibarətdir. Onların arasında dövlət təşkilatlarında işləyənlər, sahibkarlar, bu gün müvəqqəti işləməyənlər də var. Mən öz iradəmlə onları bir yerə yığıb belə bir məsul işə qoşulmağa sövq etmişəm.

Ancaq ən əsası seçkilərin tam azad və demokratik şəkildə keçirilməsinə inamımdır. Belə inama əsası, ölkəmizdə hüququn və əxlaqi-mənəvi mədəniyyətin təntənəsi istiqamətində görülmüş işlər və son atılmış addımlar, dövlətimizin rəhbərliyi tərəfindən verilən açıqlamalar yaradıb.

- Yəni sidqi-qəlbdən buna inanırsınız?

- Şübhəsiz. Yoxsa, bu ağır işin altına heç girməzdim. Burada onu da deyim ki, bəzən demokratiya, demokratik proseslər, demokratik seçkilərin mahiyyəti hansısa bir ideal təsəvvürlər səviyyəsində dərk edilir. Yəni həyatın özündən, real proseslərdən kənarda, mücərrəd istəklər səviyyəsində. Demokratiya isə xalqın hakimiyyəti olaraq, xalqın mahiyyətini ifadə edir. Xalq necədir, nədirsə cəmiyyətdə demokratikliyin səviyyəsi də elədir. Real demokratiya seçimdir, konkret insanın seçimi. İnsanların maraqları isə müxtəlif ola bilər və əsasən də elə bu cürdür. Ona görə də demokratik seçkilər özündə o cümlədən hər bir hüquqi, mənəvi dəyərlər sistemində mənfi, neqativ sayılan amillərlə də müşahidə olunur. Burada aldatma, qorxutma, hər hansı formada rüşvəti və s. göstərmək olar. Bu ən qədim demokratik quruluşa malik olan cəmiyyətlərə, eləcə də bu günün cəmiyyətlərinə xasdır. Hətta ən inkişaf etmiş demokratiyalara belə. Məhz buna görə hamımızın bildiyi o məşhur kəlam deyilib: ”Demokratiya idarəetmənin ən pis üsuludur, ancaq bəşəriyyət bundan yaxşısını tapa bilməyib”.

Deməli, sadəcə söhbət ondan gedir ki, mənfi, neqativ amillərin kəmiyyəti və təsiri azalsın, müsbət amillərin – çoxalsın. Bunun üçün isə hər bir kəsin seçim etmədən əvvəl ciddi düşünməsi, dövlət və seçki orqanlarının üzərlərinə düşən vəzifələrin qanunun tələblərinə ciddi əməl etməklə həyata keçirməsi gərəkdir. Çox mühüm olan amillərdən biri isə ictimai nəzarət mexanizmlərinin bu prosesə azad və sərbəst şəkildə tətbiq edilməsidir. Dövlətimizin başçısı, ölkə Prezidenti cənab İlham Əliyevin çağırışları da ciddi tərzdə bunu tələb edir.

- Bəzən paradoksal, təzadlı danışdınız...

- Eşitməmisiz, “Dahi olan paradoksların dostudur...” (gülür). Gəlin, sadə həllər axtarmayaq. Həqiqətlər bəzən çox sadə görünsələr də, onların tapıntısı üçün yüz illər, elmlər, peyğəmbərlər lazım olub.