Fevralın 5-də Maliyyə Nazirliyində 2019-cu ilin yekunları və 2020-ci ildə nazirlik qarşısında duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov bildirib ki, il ərzində dövlət büdcəsi qarşısında duran bütün vəzifə və funksiyalar - müdafiə, milli təhlükəsizlik, sosial, investisiya, mədəniyyət, idman və digər sahələrdə tədbirlərin maliyyələşdirilməsi tam təmin edilib, eyni zamanda dövlət büdcəsi xərclərinin bəzi maddələri üzrə qənaətlər əldə olunub.
Kollegiya iclasında ötən ilin dövlət və icmal büdcələrinin icra göstəriciləri də açıqlanıb. Qeyd olunub ki, icmal büdcənin gəlirləri 33,8 milyard manat və ya 2018-ci illə müqayisədə 9,4 faiz, xərcləri isə 26,5 milyard manat həcmində icra olunub. İcmal büdcə 7,3 milyard manat profisit əldə olunub ki, bu da proqnoza nisbətən 2,9 dəfə çoxdur.
2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat və ya təsdiq olunmuş proqnoza qarşı 4,5 faiz çox, xərcləri 24,4 milyard manat və yaxud 97,0 faiz icra edilib. Dövlət büdcəsinin kəsiri 2,0 milyard manat proqnoza qarşı 207,0 milyon manat olub. Dövlət büdcəsi kəsirinin əhəmiyyətli dərəcədə daralması, ilk növbədə vergi və gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnozların artıqlaması ilə icra edilməsi, habelə xərclər üzrə qənaətlərin əldə edilməsi ilə bağlı olub.
Kollegiyanın sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə qəbul edilmiş dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın icrası təmin edilir, həyata keçirilən tədbirlər nəticəsində xarici valyutada ifadə olunan dövlət borcu mərhələlərlə azaldılır, bununla yanaşı daxili qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə dövlət qiymətli kağızlarının həcmi tədricən artırılır. Nazir ötən ilin oktyabr ayında Prezident İlham Əliyevin fərmanı ilə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradıldığını xatırladaraq, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin bundan sonra da vaxtında və yüksək səviyyədə icrasının davam etdirilməsinin vacibliyini vurğulayıb.
Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ildə dövlət büdcəsi vəsaitlərinin təyinatı üzrə istifadəsinə il ərzində nəzarət tədbirləri davam etdirilib, risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən 2020-ci il üzrə də İş Planı tərtib olunaraq təsdiq edilib, dövlət büdcəsinin vəsaitlərinin istifadəsinə nəzarətin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.
Maliyyə Nazirliyinin daimi fəaliyyətində informasiya texnologiyalarının və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqinə böyük önəm verildiyini vurğulayan S.Şərifov dövlət büdcəsinin icrası ilə yanaşı, büdcənin formalaşdırılması prosesinin və onunla əlaqədar olan bütün növ əməliyyatların tam avtomatlaşdırılması, habelə avtomatlaşdırılmış daxili sənəd dövriyyəsi sisteminin nazirliyin bütün tabeli qurumlarında da tam tətbiqi üçün müvafiq işlər görüldüyünü, hazırda bir çox büdcə təşkilatlarında əsas vəsaitlərinin uçotu, dövlət büdcəsinin tərtibi prosesinin proqnozlaşdırılması və digər istiqamətləri tənzimləyən müvafiq proqram təminatlarının müvəffəqiyyətlə istifadə olunduğunu bildirib və “ASAN” xidmət ilə birlikdə istifadəçi büdcə təşkilatlarının əhatə dairəsinin genişləndirilməsinin zəruriliyini qeyd edib.
Büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilməsi, şəffaflığın, açıqlığın və büdcə müzakirələrində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi istiqamətində 2019-cu il ərzində görülmüş işlər Kollegiya iclasında müzakirə olunub. Bildirilib ki, ötən il ilk dəfə olaraq büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi, büdcəöncəsi debatların və açıq müzakirələrin başlamasına imkanın yaradılması məqsədiylə büdcə müzakirələrinin başlamasına 1 ay qalmış “Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” dərc olunub, ardınca büdcə layihəsinin təqdimatı, ortamüddətli dövr üçün icmal və dövlət büdcələrinin əsas parametrlərini, o cümlədən də makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları əhatə edən sənədlər toplusu nazirliyin saytında dərc olunaraq ictimaiyyətə açıqlanıb. Bu işin davam etdirilməsi və mütəmadi şəkil alması nazirliyin aidiyəti bölmələri tərəfindən təmin olunmalıdır.
İclasda 2020- ci ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr sırasında 2021-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması və “Büdcə sistemi haqqında” Qanunda qoyulmuş tarixlərə uyğun olaraq aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı işlərin təşkilinin vacibliyi vurğulanıb. İclasda kollegiyanın gündəliyinə uyğun olaraq məruzələr dinlənilib, müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilb.
Sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş nazirlik əməkdaşlarına medallar təqdim edilib.


Şərhlər
Qənaəti başa düşdük, büdcə təşkilatlarının istifadə etmədiyi və ya etməyə imkan tapa bilmədikləri vəsaitlərin Nazirliyin sərəncamına keçməsi, bu vəsaitlərdən sonrakı istifadə də mövcud olan problemlər də aydındır, onlar tez-gec həllini tapacaq (əgər artıq tapmayıbsa). Lakin Nairliyin əsas funksiyası Dövlət büdcəsi üzrə xərclərin idarə olunması, müxtəlif xərc istiqamətləri üzrə artıb/azalmanın qiymətləndirilməsi (səmərəlilik baxımından), yəni xərclərin idarə olunmasının səmərəli modelin formalaşmasıdır. Bu sahə nə vəziyyətdədir??? Ümumiyyətlə belə bir sual gündəmdədirmi, ya büdcə xərcləri istiqamətlər üzrə müəyyən proporsionallıqla artıb-azalır və yalnız ayrı-ayrı istiqamətlərə vəziyyətdən, lobbi fəaliyyətindən asılı olaraq korrektələr edilir??? Yaxşı olardı Hesabatda büdcə siyasətinin mahiyyəti açıqlanaydı, göstərilən rəqəmləri isə maraqlananlar onsuzda ARDSK-ın və digər qurumların hesabatlarında hər zaman oxuya bilər...