“Embawood” şirkəti “AzPolitika.info”-nun 4 fevral tarixli buraxılışında həmin şirkətdə çalışmış Qacar Hüseynovun şikayəti əsasında dərc edilən yazı ilə bağlı təkzib məktubu göndərib.
Şirkətin Tbilisi filialında müxtəlif vəzifələrdə işləyən Qacar Hüseynov öz şikayətində "Embawood" şirkətinin Tbilisi filialında özbaşınalığın baş alıb getdiyini iddia edib. Qacar Hüseynov bildirib ki, şirkətin Tbilisi filialının rəhbərliyi tərəfindən fiziki təzyiqə məruz qalıb.
Məsələ ilə bağlı şirkətin PR meneceri Nigar Mehdiyavanın bildirdiyinə görə isə, şirkətin Tbilisi filialının iki əməkdaşı Elman Nəsibov və Qacar Hüseynov iş saatlarında istehsalat daxilində şəxsi zəmində mübahisə edərək digər işçilərə maneçilik törədiblər. Nəticədə iş qrafikində pozuntu əmələ gəlib: “Aparılan ilkin araşdırmada məlum olub ki, şəxsi zəmində gərginlik yaradan hər iki şəxs daxili nizam-intizam qaydalarını pozublar. Hadisədən xəbər tutan rəhbərlik hər iki şəxsi dəvət edərək izahat yazmalarını tələb edib. Amma Qacar Hüseynov izahat yazmaqdan imtina edib. Bundan sonra daxili nizam-intizam qaydalarını (aşağıda qeyd olunan bəndlər üzrə) kobudcasına pozduqlarına görə hər 2 əməkdaşın işdən azad edilməmə şərtilə vəzifələri aşağı salınıb. Pozulmuş Daxili nizam-intizam qaydaları:
7.0 Ümumi davranış qaydaları.
7.3 Yüksək səs tonu ilə telefonla, mobil telefonla danışmaq, dəhlizdə yüksək səslə danışmaq və gülmək, ehtiyacı olmadan digər otaqlarda olmaq və vəzifə borcunu yerinə yetirən əməkdaşlara şirkətin daxili nizam-intizam qaydalarına zidd olaraq mane olmaq.
7.5 İşçilər əməkdaşlar və şirkətin müştəriləri ilə nəzakətli tonla danışmalıdır.
7.8 Ümumi nizam intizam qaydalarının pozulması ciddi pozuntu hesab olunur və Daxili Nizam İntizam qaydaları 20 maddə ilə tənzimlənir
7.9 İşçilər digər əməkdaşlarla yaxşı münasibətdə olmalıdırlar. Digər əməkdaşları (vəzifə tabeçiliyinə baxmayaraq) əsəbləşdirmək qəti qadağandır. Bu qaydanı pozan əməkdaş işdən qovulma ilə cəzalandırılır.
7.16 İşçilər digər əməkdaşlara (onların simpatiya –antipatiyalarına baxmayaraq) kollegial və ehtiyatlı münasibət göstərməlidirlər. Digər əməkdaşların şəxsi keyfiyyətləri nəzərə alınmalıdır, heç bir halda ümumi vəziyyət gərginləşdirilməməlidir.
Bütün bunları nəzərə alaraq bildiririk ki, haqqımızda yazılanlar yalandır və dünya markasına çevrilən məhsul istehsalı ilə məşğul olan “Embawood” hər zaman nizam-intizamı ilə fərqlənib və bu prinsiplər daim qorunacaq.”


Şərhlər