Menu

“Dəstəyiniz məni qələbəyə daha da ruhlandırır” – Turabxan Turabxanlı seçicilərlə görüşdü (FOTO)

07.02.2020, 11:44
“Dəstəyiniz məni qələbəyə daha da ruhlandırır” – Turabxan Turabxanlı seçicilərlə görüşdü (FOTO)

12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən deputatlığa namizəd Turabxan Turabxanlı seçicilərlə görüşlərini davam etdirir. Namizəd dairə ərazisində məhəllələrə baş çəkib, sakinlərlə söhbət edib. Daha sonra ağsaqqalların, şəhid ailələrinin, əlillərin evlərini ziyarət edib.

Dünən daha bir görüş Binəqədi rayonunun 28 may qəsəbəsində baş tutub. Namizədin seçki qərargahının yaydığı məlumata görə, görüşdə T. Turabxanlı platformasını açıqlayıb, dairənin problemləri və ondan çıxış yolları barədə təkliflərini bildirib: “Sizin yaşadığınız qəsəbənin problemləri tərəfimizdən ətraflı araşdırılıb. Burada yollar düzəlməlidir, sakinlərin rahatlığı üçün istirahət parkları yaradılmalıdır. Ən əsası, əhalinin məşğulluğunu təmin etmək üçün iş yerləri açılmalıdır. Həllini gözləyən başqa vacib problemlər də var. Sizin etimadınızla millət vəkili seçilərəmsə, mən bütün problemlərin həlli ilə bağlı dövlət qurumlarının qarşısında məsələlər qaldıracağam. Öz əlaqələrimdən, imkanlarımdan da istifadə edərək, insanların rifah halının yaxşılaşdırılması üçün bir sıra layihələr həyata keçirəcəyəm”.

Daha sonra görüşdə sakinlər qəsəbənin problemləri barədə şikayətlərini çatdırıblar və namizədə çoxsaylı suallar ünvanlayıblar. Sakinlərin maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat verən Turabxan Turabxanlı, seçicilərdən aldığı dəstəyin onu qələbəyə daha da ruhlandırdığını bilirib.

Seçki qərargahından verilən məlumata görə, təbliğat-təşviqat kampaniyasının sonuncu günü namizədin seçicilərlə daha bir neçə görüşü planlaşdırılır. Həmçinin, Turabxan Turabxanlı seçicilərə video müraciət edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol