Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkilərində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.
APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 2 389 754 nəfər səs verib, seçici fəallığı 44.84 faiz olub.
Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.
MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə növbəti – sonuncu məlumatı saat 19.00-da açıqlayacaq.
***
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkilərinin səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.
APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15.00-a qədər respublika üzrə 2 090 589 nəfər səs verib, seçici fəallığı 39.23 faiz olub.
Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq.
MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.
Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
***
Saat 12:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə səsvermə hüququna malik 5 milyon 329 min 460 nəfər seçicidən 1 457 776 seçici səs verib.
Bunu Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov Milli Məclisə seçkilərlə bağlı ilkin məlumatı açıqlayarkən deyib.
Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 27.35 faiz təşkil edib.
***
Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb. “Report” xəbər verir ki, saat 08:00-da səsverməyə start verilib.
Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.
M.Pənahov 1000 məntəqədə, yəni məntəqələrin 20 faizində veb-kameraların quraşdırıldığını nəzərə çatdırıb.
MSK sədri bildirib ki, seçkilərdə "exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınıb ki, onların da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə quracaq: “Beləliklə, parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (ABŞ) ilə birgə, Rəy Monitorinq Mərkəzi və “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb”.
Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib.
Parlament seçkiləri 125 dairəni əhatə edir və səsvermə 5573 məntəqədə aparılır. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.
Bu seçkidə 5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək. Parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir. Onlardan 246-sı siyasi partiyaların siyahıları ilə irəli sürülüb. Eyni zamanda namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.
Seçkini 77 790 yerli müşahidəçi izləyəcək. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Bundan başqa, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, onlar 58 ölkə vətəndaşlarıdır. Prosesi 132 beynəlxalq KİV təmsilçisi işıqlandırır.
Səsvermə saat 19:00-da bitəcək.
Qeyd edək ki, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Şərhlər
Toplam bülleten hesabına
45-faizə yaxın səsvermədə secici iştirak edibsə bu secki baş tutmayıb .Yerlərdə təbliqat pis təşkil olunub.